2026-cı il yanvarın 13-də Prezident Kitabxanasında “Qarabağ florası” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə kitabın elmi əhəmiyyəti və Qarabağın zəngin florasının tədqiqi, eləcə də işğal dövründə ekoloji mühitə dəyən zərərin nəticələri müzakirə olunub.
Baki-baku.az xəbər verir ki, tədbiri Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq giriş nitqi ilə çıxış edib və “Qarabağ florası” kitabının alimlər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, təxminən 30 ilə yaxın işğal altında olan ərazilərdə təkcə yaşayış məntəqələri və mədəni irs deyil, eyni zamanda ekoloji mühit də ciddi zərər görüb.



Tədbirdə çıxış edən professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, “Qarabağ florası” kitabının elmi redaktoru Səyyarə İbadullayeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, professor, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, yazıçı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, professor, Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının müdiri Aydın Əsgərov, tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri Elçin Əhmədov kitabın elmi dəyərindən, Qarabağ florasının sistemli təqdimatından və bu tədqiqatların gələcək biomüxtəliflik araşdırmalarına töhfəsindən bəhs ediblər. Həmçinin kitabın alimlər, tələbələr və bioloqlar üçün əvəzolunmaz bir mənbə olduğunu vurğulayıblar.


“Qarabağ florası” kitabı Qarabağ və Şərqi Zəngəzur ərazilərində bitki aləminin elmi təsnifatına, nadir bitki növlərinə və onların bioekoloji xüsusiyyətlərinə dair çoxsaylı məlumatları özündə ehtiva edir. Kitaba 8 xəritə, 10 cədvəl və 300 dən çox relikt və endemik bitki haqqında illüstrasiyalar daxil edilib. Ümumilikdə 2000 dən çox ali bitki və 400 dən çox göbələk növü barədə məlumat yer alır və bununla da Qarabağın zəngin biomüxtəlifliyi geniş şəkildə işıqlandırılır.
Tədbirin sonunda kitabın hazırlanması və məqsədini əks etdirən videoçarx nümayiş olunub.

