“Euronews” telekanalı “Bakı Ağ Şəhər”ə (Baku White City) həsr olunmuş reportaj hazırlayıb.
Baki-baku.az xəbər verir ki, materialda Ağ Şəhərin genişmiqyaslı şəhər transformasiyasının ən yaxşı nümunəsi olduğu vurğulanır.
“Uzun illər paytaxtın ən çirkli sənaye zonalarından biri hesab edilən ərazi müasir və ekoloji cəhətdən dayanıqlı, sakinlərin rahatlığına və yüksək həyat keyfiyyətinə yönəlmiş bir rayona çevrilib” – materialda vurğulanır.
Qeyd edilib ki, Ağ Şəhər rahat şəhər mühiti konsepsiyasını nəzərə alınaraq layihələndirilib və əlçatan məsafədə yaşayış, kommersiya və mədəni məkanları birləşdirir, bu da sakinlərin avtomobillərdən istifadəni azaltmağa imkan verir.
“Euronews” bu ideyanın praktikada necə həyata keçirildiyini nümayiş etdirmək üçün həm rayonun sakinləri, həm də burada öz bizneslərini açan sahibkarların fikirlərini öyrənib.
“Bakı Ağ Şəhər”in sakinləri bildiriblər ki, yaşayış yerini seçərkən xüsusi diqqəti lazımı obyektlərin əlçatanlığına və gündəlik həyatın rahatlığına veriblər.
“Əvvəllər Ağ Şəhər sənaye rayonu idi, lakin bu gün tamamilə dəyişib. Bu rayon gəzinti üçün rahat və xoş məkana çevrilib.
İnsanlar burada görüşmək və vaxt keçirmək istəyirlər. Onun çox unikal görünüşü var və məncə, məhz bu, insanları həm iş, həm də yaşayış üçün cəlb edir”, – sahibkar Həcər Əliyeva “Euronews”a şərhində deyib. Əlavə edib ki, Ağ Şəhər insanları gənc və dinamik enerjisilə cəlb edir.
“Baku White City” xüsusi layihəsinin rəhbəri Yelena Çernova layihənin uğurunun hələ konsepsiya mərhələsindəikən təmin edildiyini vurğulayıb. “Ağ Şəhər yaşıl, ekoloji cəhətdən təmiz və yaşamaq üçün rahat olmalıdır. Burada yaşayış və kommersiya zonaları harmonik şəkildə birləşir, bu da 500 metrlik və ya beş dəqiqəlik şəhər konsepsiyasına uyğun olaraq gəzinti üçün əlçatan şəhər mühiti yaradır. Bu o deməkdir ki, beş dəqiqəlik piyada məsafədə lazım olan hər şeyə – mağazalara, kafelərə, məktəblərə, uşaq bağçalarına, apteklərə və ya baytarlıq klinikalarına çatmaq mümkündür. Bu yanaşma ictimai və şəxsi nəqliyyat istifadəsini azaldır, karbon qazı emissiyalarını aşağı salır, burada yaşıl zonaların payı isə orta göstəriciləri üstələyir”, – deyə Y.Çernova qeyd edib.