Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/05/2025

Paylaşın

HƏR ŞEYDƏN

Fotoqrafik sübutların dövrü bitdi: Nano Banana Pro ilə yeni reallıq

Nano Banana Pro

Fotoqrafiya yaranandan bəri, Jozef Nisefor Nyeps-in 1826-ci ildə ilk sabit fotoşəkli çəkməsindən bu günə kimi foto həmişə bir növ gerçəkliyin sübutu olub. Onun gücü işığın real obyektlərə toxunub sensor və ya lent üzərinə düşməsindən irəli gəlirdi. Yəni ki, bir foto varsa, deməli, həmin an mütləq yaşanmışdı. Süni intellektin və Photoshop-un inkişafı bu inamı illər ərzində sarsıtsa da, tam məhv edə bilməmişdi. Həmişə müəyyən texniki analizlər, forensika üsulları, işıq-kölgə təhlili və ya sadəcə vizual hissimiz vasitəsilə fotonun saxta olub-olmadığını hardasa müəyyən edə bilirdik.

Lakin 2025-ci ilin noyabrında yayılan yeni nəsil generativ model olan Google-un Nano Banana Pro adlı alət bu inamı birdəfəlik öldürdü. 200 illik foto-sübut konsepti bir həftə içində çökdü. Artıq foto sadəcə vizual təsvir olamaqla yanaşı reallıqla heç bir əlaqəsi olmayan, amma reallığın özü qədər inandırıcı görünən bir simulyasiya da ola bilir.

Nano Banana Pro

Sosial mediada iki fərqli şəklin müqayisəsi qısa zamanda milyonlarla insanı təşvişə saldı. Hər iki görüntü Google-un süni intellekt alətləri ilə yaradılmışdı, biri əvvəlki Nano Banana, digəri isə yeni Nano Banana Pro ilə. Birincidə süni intellektin klassik parlaq və üstündən keçilmiş vizualını görürük. İkincidə isə real foto ilə süni intellekt şəkli arasındakı sərhəd tamamilə yox olmuş vəziyyətdədir. Şəkil adi bir qızın gündəlik instaqram fotosu təsiri bağışlayırdı. Heç bir süni hamarlaşdırma, qəribə parıltılar, qeyri-real detallar yox idi. Bu isə istifadəçilərin “gələcəkdə bir insanın real şəklini görüb-görmədiyimizi necə biləcəyik?” sualını verməsinə səbəb oldu.

İşıq analizi artıq tamamilə geridə qaldı. Nano Banana və ona rəqib olan Çin alətləri artıq tək-tək işığın düşmə bucağını, məsafəyə görə zəifləməsini, rəng temperaturunun dəyişməsini və bir çox buna bənzər detalları dəqiq yamsılamağı öyrənib. Bir vaxtlar süni intelleklə düzəldilmiş şəkilləri tanımaq üçün “əl barmaqlarına bax” deyirdik, amma altı barmaqlı əllər artıq 2024-də qaldı. Və çox güman ki, yaxın aylarda videonun da bu taleyi yaşayacağı gün gələcək, çünki eyni texnologiya artıq 4K 120 fps videonu da saxtalaşdırmağa hazır vəziyyətdədir.

Nano Banana Pro

Waterloo Universitetinin 2023-cü ildəki araşdırması göstərmişdi ki, insanlar süni intellekt şəkillərini real çəkilişlərdən yalnız 61% hallarda ayırd edə bilir. Bu cür texnologiyaların sürətlə inkişaf etdiyini düşünəndə, vəziyyətin nə qədər ciddiləşdiyini görmək çətin deyil.

Google Nano Banana Pro-nun SynthID adlı görünməz rəqəmsal nişanı ilə işarələndiyini bildirir. İstənilən şəxs şəkili Gemini tətbiqinə yükləyərək onun süni intellekt ilə yaradılıb-yaradılmadığını soruşa bilər.

Bəs foto sübutun ölümü nələri özü ilə aparır? Alibi anlayışını, müharibə jurnalistikasının əsas sütunlarını, stok fotoqrafiyanın biznesini və insanların bir-birinin həyatına dair ən fundamental etibar sistemlərini… Bu dəyişikliyin yaratdığı yeni bir reallıq da var ki, biz artıq həm radikal şəffaflığın, həm də radikal paranoyanın dövrünə daxil oluruq. Bəzi yaradıcılar bu dəyişimi “Fotoşəkil sübut dövrü başa çatdı. Şəkillər artıq şahid deyil, sadəcə fərziyyədir.” deyə təsvir edir. Digərləri isə bunu insan bədəninin, gözəlliyinin və şəxsiyyətinin kommersiya məqsədi ilə manipulyasiya edilməsinin yeni və daha təhlükəli mərhələsi kimi görür.

Süni intellekt inqilabı davam etdikcə, texnologiya dünyamızın simasını sürətlə dəyişir və musiqi, fotoqrafiya kimi müxtəlif media sahələri ilə qarşılıqlı əlaqəmizi kökündən dəyişə bilər. Bəllidir ki, bu texnologiyanın dünyanı necə dəyişdirəcəyi hələ tam bilinmir. Amma dəqiq olan odur ki, vizual həqiqətin sütunu çatlayır və fotoqrafiyanın yüzillərdir qoruduğu etibarlılıq artıq keçmişdə qalır.

Aylin Kərimova

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin