Ötən əsrin əvvəllində mənsub olduğu millətə “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” nidası ilə doğru və düz olan yolu göstərən Cavid Əfəndi 100 il sonra, bu gün yaşadığımız qürurun əzəmətini ruhunda duymuş etmiş, onu kəlam və qələm müqəddəsliyi ilə yaddaşlara həkk etmişdi. Bu gün Turanın, türk dünyasının birliyi, bütövlüyü, əski gələnəklərə dönüşü üçün çoxsaylı ciddi layihələr gerçəkləşir, rəsmi qurumlar fəaliyyət göstərir. İllər öncə düşünülməsi belə xəyal olan Türk Birliyinin, Türksoyun, Türk PA-nın, Türk Mədəniyyəti İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının fəaliyyət göstərməsi, ortaq türk ordusu, ortaq türk dili və əlifbası kimi ideyaların ortaya qoyulması vaxtın, zamanın fövqünə qalxan, 24 oktyabr 1882-ci ildə Naxçıvanda doğulan Hüseyn Cavidin mütəfəkkir bir şair kimi əzəmətinin, öncə görmə qabiliyyətinin nümunəsidir. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirən Hüseyn Cavid 1909-1915-ci illərdə Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda müəllimlik edib, “Ana”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “İblis” əsərləri, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi tarixi dramları ilə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirib. 1937-ci ilin dəhşətli repressiyaları zamanı pantürkist, panislamistdamğası vurularaq Sibir çöllərinə sürgün edilib. Bütün əsərləri ilə Turanın, türk dünyasının haqq səsinə dönən Hüseyn Cavid tarixi bəraətini əllinci illərdə alsa da, əbədi istiqlalına – özgürlüyünə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində nail olub. 1982-ci ildə nəşi İrkutskdan gətirilərək Naxçıvanda – ata yurdunda torpağa verilib. Ulu Öndərin siyasi hakimiyyətinin ikinci mərhələsində isə Hüseyn Cavidin 37-ci ilin dəhşətli repressiyası zamanı pərən-pərən düşən ailə üzvlərinin nəşi bir məqbərə kompleksi altında cəm edilib. Ömrü boyu içimizdəki İblisə qarşı savaşan, “Mənim Tanrım gözəllikdir, sevgidir!” nidası ilə qələm çalan Hüseyin Cavidin ən qiymətli inciləri – Müşgünaz xanım, Turan Cavid və Ərtoğrul Cavid həmin gündən mənsub olduqları millətin gözəllik və sevgi nümunəsi kimi dünyaya eyni nöqtədən, Hüseyn Cavidin Əbədiyyət Günəşinin doğduğu zirvədən boylanırlar. Bu bizim qəvi düşmənlərə, Cavidlərə, Almas İldırımlara, Salman Mümtazlara, Əhməd Cavadlara qıyan zalımlara verdiyimiz ən böyük tarix dərsidir!
Əsərləri Dövlət mirası elan edilən şair!
Bu gün Hüseyn Cavidin günüdür! Daha doğrusu, insandakı iblisdən xilasın yolunu xeyirxahlıqda, yaxşılıqda mərhəmətdə, məhəbbətdə, gözəllikdə görənlərin günüdür! 1882-ci il oktyabrın 24-də Naxçıvanda dünyaya gələn, 1943-cü il noyabrın 14-də, uzaq Sibir çöllərində dünyaya vida nəğməsi oxuyan, əbədiyyət dastanını kələm və qələm müqəddəsliyi, ustad ucalığı ilə yaradan Cavid Əfəndinin adıyla bağlı bir çox müqəddəsliklər var: Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Mirası elan edilən əsərləri, Naxçıvan şəhərində göylərə baş çəkən məqbərə kompleksi, Bakının Yasamal rayonu ərazisində, Hüseyin Cavid prospektində ucaldılan möhtəşəm, abidəsi, İstiqlaliyyət küçəsində qurulanEv muzeyi, ayrı – ayrı şəhərlərdə mövcud olan abidələri, büstləri onun əbədiyaşarlığını özündə ehtiva edən amillərdəndir.
Hüseyin Cavid qızılı payızda, oktyabr ayında dünyaya gəldi. Cavid Əfəndini ata adlı müqəddəsliyə qovuşduran Ulu Tanrı Ərtoğrul Cavidi, Turan Cavidi də məhz bu ayda mələklərin qanadında yerə endirdi. Ulu Öndər Heydər Əliyevin iradəsi ilə ölməz şairin nəşi Vətəninə qızılı payızda gətirildi. Ev Muzeyinin təməli də bu fəsildə qoyuldu. Adı, xatirəsi ilə bağlı rəsmi dövlət sənədlərinin bir çoxu da məhz bu ayda imzalandı. Şərqin böyük filosofları – qədərilər, xəlvətilər, hürufilər ayların, illərin, rəqəmlərin, hərflərin müqəddəsliklərinə inandılar. Bir millət, məmləkət olaraq Hüseyin Cavid bizim, oktyabr ayı isə “pantürkist”, “panislamist” damğası ilə otuzuncu illərin qanlı repressiyalarının burulğanında şam kimi əriyən, Əbədi İstiqlalın, milli müstəqilliyin, özgürlüyü yolunda ömrünü fəda edən Hüseyn Cavidin və Cavidlərin qədəri, taleyidir!