Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2025

Paylaşın

TARİXİMİZ

Şirin- Arranın hökmdarı, Sasani sarayının Baş xatunu

Alp – Ər Tonqanın nəvəsi, Nizaminin “Xəmsə”si, Firdovsinin “Şahnamə”si

Soykökü, şəcərə dəftəri ilə  “Oğuznamələrə”, Orxon-Yenisey abidələrinə, Qobustanın qayaüstü abidələrinə, Gəmiqayaya, Skif kurqanlarına, Azıx mağarasına, min illəri qabağına qatıb gətirən sənduqələrə, Tanrının Əshabi-Kəhf, Babadağ, Kəpəz, Qoşqar, İnandağ, Qız qalası, Ərk qalası, Əlincə qalası, Mərdəkan qalası, Çıraq qala, Raman qalası, Girdman qalası, Dərbənd qalası, Narın qala və Tumanın qalası müqəddəsliyinə bağlı olan Azərbaycan xalqı tarixi yazmaqdan daha çox yaradan nadir xalqlardandır. Bu yaşantıların bəzi məqamları isə şifahi və yazılı ədəbiyyatda, nağıllarda, qəhrəmanlıq və məhəbbət dastanlarında əbədiləşərək bugünədək dillər əzbəridir.

Qüdrətli hökmdarlar, sərkərdə-xaqanlar, sənət-söz adamları yetirən xalqımızın miladdan öncəki tarixinə Tomris, Nüşabə və Məhinbanu kimi xatun sərkərdələrimiz qızıl hərflərlə yazılmışdır. Ağlı, müdrikliyi, məğrurluğu, geniş ərazisi, zəngin xəzinəsi, çoxsaylı qoşunları ilə dünya fatehlərini heyrətdə saxlayan hökmdar xatunlardan biri də, dünyanın Əbülqasım Firdovsinin “Şahnamə”sindən, Şeyx Nizami Gəncəvinin “Xəmsə”sindən daha çox tanıdığı Şirindir. Şirin İran-Turan münasibətlərinə ədalət hissi gətirən qüdrətli sərkərdə-xaqan Əfrasiyabın – Alp-Ər Tonqanın nəvəsi, hökmdar Məhinbanunun varisi və qardaşı qızıdır. Gözəlliyi, lətafəti, sərkərdəlik məharəti ilə adı dillərə dastan olan Şirin təkcə Qafqaz Albaniyasında deyil, Sasanilər dövlətində də hörmət izzət sahibi idi. Soyu, soykökü, şəcərə dəftəri, nəsil-nəcabəti ilə qürur duyan Şirin həyat dərsini bibisi Məhinbanudan almışdı.

Məhinbanu-Arranda ehtişamına, fərmanına baş əyilən xatun

Qadın ucalığı, hökmdar əzəməti ilə dünyaya meydan oxuyan Məhinbanu  müdrikliyi ilə ölkəsini çiçəklənən Xaqanlığa çevirmişdi. Bu səbəbdən də dövrünün bütün tarixçiləri və ədibləri onu “müdriklər müdriki” adlanırdı.  Sarayına gələn elçilər öncə onu, sonra isə hökmdarı olduğu ölkəni öyməkdən doymazdılar: “Dərbənd dənizinin bir sahmanında, Bir gözəl ölkə var dağlar qoynunda. Şahzadə qadındır orda hökümran,  yayılmış qoşunu İsfahanacan. Arrandan başlamış Ərmənə qədər, onun fərmanına boyun əyirlər, Ölkələr göndərir ona xərac”. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında təsvir olunan bu gözəlliyin sahibi Məhinbanudan sonra Arranı idarə edən Şirindir.

Nizami Gəncəvinin fars elçisi Şapurun dili ilə II Xosrova tərif etdiyi bu hökmdarın qüdrəti təkcə zəngin xəzinəli ölkəsi, gözoxşayan ərazisi ilə ölçülmürdü. Məhinbanunun ən böyük sərvəti insani və əxlaqi keyfiyyətlərdən dərs verdiyi qardaşı qızı Şirin idi. O, düz 30 il ağlı, müdrikliyi, elmi və biliyi ilə Sasani sarayını, II Xosrov Pərvizin dünyasını nura qərq etdi. İlahinin gözəllikdən, zəriflikdən pay verdiyi Şirini Məhinbanunun öyüd-nəsihətləri zinətləndirmişdi. Böyük Nizami onu belə təsvir edirdi: “Sanki bir pəridir, pəri yox, bir Ay! Qəhrəman bir qızdır, başda kəlağay.

Üzü nəsrin kimi, qoxusu nəsrin, Dodağı şirindir, adı da Şirin. Gözəl söz deyənlər ona can deyir, O, Məhinbanunun canişinidir. Ölkədə tanınmış nadir gözəllər Fərman gözləyirlər yanında yeksər”.

O, Keyxosrov, Biz Əfrasiyabıq

Sonrakı yüzillərdə “Kitabi-Dədə Qorqud” dastanında Burla xatunu 40 incəbelli qızla birlikdə görəndə, onların sərv boyunda, çinar qamətində, dolu gözlərində, cəsarətli, mərd addımlarında, incə və zərif yerişlərində də məhz Məhinbanunu və Şirini, onların başına cəm olan gözəl, qəhrəman Qarabağ gözəllərini xatırlayırıq: Bir hücum çəksələr alışar aləm, Məğribdən Məşriqə qarışar aləm. Göylərə kiprikdən ox atsa əgər, Göydə ulduzları bir yerə tikər. Behişt huriləri tapsa da şöhrət, Onlar huridilər, bu yersə cənnət”.

Gözəllər sultanı, hurilər şahı olan Şirinin zərafətini Sasani hökmdarı II Xosrov Pərvizə bədii dillə təqdim edən elçi həmin səhnədə həm də Məhinbanunun əzəmətini təsvir edir, onun qardaşı qızına verdiyi öyüd, nəsihətdən danışır. Məhinbanu qardaşı qızını tədbirli, ağıllı olmağa, nəslinin və soyunun şərəfini uca tutmağa çağırır. Soykökünün tərifini göyə qaldırır.Hadisəni Şapurun   dili ilə ifadə edən Şeyx Nizami Məhinbanunu Vətənin qüruru, vüqarı kimi oxucuya sevdirir:

“Əgər o aydırsa, biz afitabıq. O, Keyxosrov, bizsə Əfrasiyabıq. Yaramaz kişinin dalına düşmək,

Bu sifət qadında olmasın gərək.”.

Bərdə sarayında Şirinə olan məhəbbət yurd, torpaq sevgisinə çevrilir

Məhinbanunun müdrik öyüd-nəsihəti ilə dünyanı dərk edən, dövlət idarəçiliyinin sirlərini öyrənən Şirin ondan sonra ölkəni ədalətlə idarə edir. Bac-xəracı ləğv edir, zindanların qapısını açır. İnsanlığı işığa, yaxşılığa, xoş gələcəyə inandırıb, halal zəhmətə tapındırır. Bununla da, müsəlman adət-ənənələrinin, Qurani-Kərim müqəddəsliyinin, Türk saray mədəniyyətinin hökm sürdüyü Bərdə sarayında Şirinə olan  məhəbbət yurd, torpaq sevgisinə çevrilir. O, mal-qaranı, sürüləri, geniş əraziləri, zəngin xəzinəni rahatlıqla idarə edir. Şad-xürrəm, azad və rahat ömür sürən insanları, Bisutun dağını onun eşqinə yarıb məmləkətə su çəkən, ölkəni quraqlıqdan xilas edən Fərhad kimi qəhrəmanları ilə qürur duyan hökmdar Şirin ululardan miras qalan dövləti ədalətlə idarə edir. Halal zəhməti, vətən sevgisini hər şeydən uca tutan, sadəliyi ilə könülləri fəth edən Şirinin Fərhadla Bisutun dağında görüşü də dediklərimizə əyani sübutdur: “Fərhadın işindən gəldi heyrətə, Söylədi: “Eşq olsun belə sənətə!” – Dedi: “Sən ustada necə haqq verim? Şagirdinə layiq yoxdur dəyərim”.

Bütün sevgilərin fövqündə Vətən, torpaq sevgisini görən Şirin son ana qədər bu hissinə sadiq qalır. İllərlə sevdiyi və həsrətini çəkib hicranında qovrulduğu Fərhadı Xosrovun xəyanətlə öldürməsini ona bağışlamır. Bu böyük günahın onu tutacağını söyləməkdən çəkinmir: “Dünyanın işini yaxşı düşün sən! Nə əksən, onu da, bil, biçəcəksən. Yaxşı iş görsən, pis iş də, inan, Unutmaz onları bu qoca dövran.”

Bütün varlığı ilə  Kəyan sarayına, Sasanilər dövlətinə başucalığı gətirir

Uzun sürən intizardan sonra Zərdüşt qayda-qanunları ilə II Xosrovla nikaha gedən Şirin ömrünün sonuna qədər müsəlman adət-ənənələrini yaşatmışdır. Ən müqəddəs and yeri Qurani-Kərim olan Şirin Sasani sarayına gəlin köçəndən sonra belə, öz doğma yurdunu unutmur. Onun əmin-amanlığını, qüdrətli ordusunu və ərazi bütövlüyünü qoruyur. O, türk qızına, azərbaycanlı xatuna layiq bir zəka, təmkin və müdrikliklə II Xosrov Pərvizin ən ağıllı məsləhətçisi olur. Alban, Arran türklərinə arxalanaraq dövləti yadelli işğalçılardan qorumaqla Şirin II Xosrova daim yol göstərərək ona arxa-dayaq olur. Şirin yeni saray qanunlarının yazılmasında, qəhrəmanlıq göstərən döyüşçülərin, sərkərdələrin mükafatlandırılmasında, mədəniyyətin inkişafında, daxili və xarici siyasətin uğurla həyata keçirilməsində də xüsusi xidmətlər göstərir.

Bütün varlığı,  ruhu, duyğuları, sevgiləri ilə Kəyan sarayına, Sasanilər dövlətinə, II Xosrov Pərvizə başucalığı gətirir. Onu eyş-işrət məclislərindən qoparıb ədalətli, vətənpərvər şaha, qüdrətli sərkərdəyə çevirir. Özündən əvvəl Sasanilər sarayına qədəm qoyan  türk ruhuna xas bütün ənənələri yaşadır. Ondan əvvəl xristian qızı Məryəmlə ailə quran II Xosrov Pərvizlə Şirinin evlənməsinin səbəbi də onun ana tərəfdən Türk ruhuna , Arran sevdasına bağlı olması idi.

Bu faktı Sasanilər dövlətinin tarixini araşdıran tədqiqatçılar, tarixçi Karin Ratkanyanın qeydləri də təsdiqləyir: “IV Hörmüz, yəni I Xosrov, Ənuşirəvanı türk xaqanının qızını alması və sonralar Sasani hakimiyyətində olan şahların, xüsusən də II Xosrovun türk nəslindən olmasına gətirib çıxardı”. Müdrikliyi və məğrurluğu ilə ad çıxaran Şirin son məqamda belə sədaqət hissi ilə tarixə köçdü.

Qəribəsi daha kədərlisi odur ki, Şirin azərbaycanlı qəlbi, duyğusu ilə sevdiyi Sasani hökmdarı II Xosrov Pərviz oğlu Şiruyənin əli ilə qətlə yetirildi.  Atasınını  qatili olan oğlu bununla kifayətlənmədi, onun sevgisinə də göz qoydu. Şirinə eşq elan etdi.  Böyük dözüm və möhkəm iradə ilə ömür-gün yoldaşını şaha, padişaha layiq şəkildə dəfn etdikdən sonra atasının namusuna əl uzatmaq istəyən Şiruyəni cəzalandırdı. Ona əxlaq və ləyaqət dərsi verərək özünü əbədi sevgisinin yolunda fəda etdi. Nizami Gəncəvi həmin vida səhnəsini kədər qarışıq qürurla belə təsvir edir: “Möbidlə danışıb son vida üçün, girdi məqbərənin içinə Şirin. Qapını bağladı, qoy görməsinlər. Yanaşdı tabuta əlində xəncər. Götürdü örtüyü, tapdı yaranı, Əyildi bir dəfə öpdü yaranı. Yaranın yerini öyrənən pəri,  o yerdən döşünə vurdu xəncəri. Sonradan ucaltdı öz naləsini, Camaat eşitdi onun səsini: “Qovuşdu tən-tənə, yetdi can cana, Aradan yox oldu işgəncə, hicran”.

Əbədi sevginin üç ünvanı – Şirin, Fərizə, Arzu

Biz bir millət, məmləkət olaraq Şirinin ülvi məhəbbətini, əbədi sevgisini 1990-cı ilin 20 Yanvar dəhşətlərində, 44 günlük Vətən müharibəsindən sonra, Antiterror əməliyyatları zamanı yenidən yaşadıq. Rus imperiyasının silahlı qüvvələri Bakını al qana qərq edib istiqlalı Azərbaycan xalqına çox gördüyü zaman  şəhid əri İlhamın günahsız ölümü ilə barışmayan Fərizə özünü öldürməklə imperiyaya nifrətini bildirdi. Çiçəyi burnunda gözəl qızımız Arzu da Erməni daşnaqlarına tuş gələn Sevgisinin- Vəlinin yolunda intihar etdi. 1990-cı ilin 22 yanvarında Şəhidlər Xiyabanında bir cüt qoşa məzar qazıldı. İlhamla Fərizə əbədi olaraq Vətən torpağına köçdüyü kimi Arzunun cənazəsi Bakıdan, Abşerondan, Xəzərin yaxasından Ağstafaya köçürüldü. Faciədən sarsılan Azərbaycan xalqı qəm karvanına qoşulub  onların uyduqları Xiyabanlardan keçərək pıçıltı ilə söylədi: Bunu ancaq Azərbaycan qadını, Türk qızı edə bilərdi! Fərizə və Arzunun intiharı ilə tarix təkrarlanmışdı. Elə bil, VII yüzil idi. O zaman insanlar II Xosrov Pərvizin məqbərəsindən ayrılanda da belə söyləmişdilər: “Bu Şirindən başqa kimsə dünyada, Özünü bir kəsə etməmiş fəda..”

Arran, Bərdə hökmdarı, Sasani sarayının baş xatunu Şeyx Nizami Gəncəvinin, Əbülqasım Firdovsinin vəsf etdiyi bu böyük ülviyyətin sahibi Şirin milli dövlətçilik tariximizdə heç nə etməsəydi, heç bir uğura imza atmasaydı belə mənsub olduğu millətin, məmləkətin hörmətinə, ehtiramına layiq olacaqdı.  Şirin öz müdrikliyi, məğrurluğu, ləyaqəti, ucaldığı müqəddəs zirvə ilə sonrakı nəsillərə nümunə oldu. O nümunənin bir adı vardı – Ülvi məhəbbət!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan ərazisində oktyabrın 19-a gözlənilən hava proqnozu açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin