Atıcılıq həm sənət, həm də zərurət kimi insanlığı qədim dövrlərdən bəri müşayiət edib. Əvvəllər ox və nizələr ov və müdafiə məqsədilə istifadə olunurdu, lakin zaman keçdikcə atıcılıq bacarıqları dinc yarışmalarda qiymətləndirilməyə başlandı.
Baki-baku.az idman atıcılığının tarixinə nəzər salır:
Artıq antik dövrlərdə atıcıların dəqiqliyini yoxlamaq üçün yarışlar mövcud idi. Qədim Yunanıstan və Romada ox atma yarışmaları döyüşçülərin hazırlığının bir hissəsi olmaqla yanaşı, aristokratiya üçün də əyləncə vasitəsi idi.
Orta əsrlər atıcılığın inkişafında mühüm rol oynayıb. Avropada, xüsusən İngiltərədə, uzun oxla atıcılıq mühüm hərbi bacarıq sayılır və oxçular arasında yarışlar geniş yayılmışdı. Şərqdə, xüsusilə Çin və Yaponiyada isə at üstündə oxatma ənənələri formalaşmış və yüksək koordinasiya və ustalıq tələb edən bir sənətə çevrilmişdi. Yaponiyada “kyudo” adlı oxatma sənəti formalaşmış, bu sənət təkcə texniki bacarıqları deyil, həm də samuray mədəniyyətinə aid fəlsəfi prinsipləri əks etdirirdi.

İlk təşkilatlanmış yarışlar
XV–XVI əsrlərdə odlu silahların meydana çıxması ilə atıcılıq yarışmaları daha geniş yayılmağa başladı. XVI əsrdə Almaniyada ilk atıcılıq birlikləri (Schützengesellschaften) yaradıldı və iştirakçılar burada muşketslərdən istifadə bacarıqlarını nümayiş etdirirdilər. Bu yarışmalar yalnız idman xarakteri daşımır, eyni zamanda mədəni və ictimai tədbirlərin bir hissəsi olurdu. Qaliblərə tez-tez pul, kubok və ya fəxri titullar kimi qiymətli mükafatlar verilirdi.
XVIII əsrə gəldikdə, atıcılıq artıq yalnız hərbi hazırlıq vasitəsi deyil, həm də asudə vaxt fəaliyyəti kimi qəbul edilirdi. Bu dövrdə müntəzəm yarışların keçirildiyi atıcılıq klubları yaranmağa başladı. XIX əsrdə isə idman atıcılığına maraq kəskin şəkildə artdı. 1860-cı ildə Böyük Britaniyada Milli Atıcılıq Assosiasiyası (National Rifle Association) yaradıldı, bu da klubların və rəsmi yarışların təşkilinə təkan verdi. Bənzər təşkilatlar Avropa ölkələrində və ABŞ-da da meydana çıxdı və beynəlxalq turnirlər inkişaf etməyə başladı. Artıq atıcılıq bir çox ölkələrdə milli qürur məsələsinə çevrilmişdi.

Olimpiya oyunlarında idman atıcılığı
İdman atıcılığı müasir Olimpiya Oyunlarının ilkində – 1896-cı ildə Afinada proqramda yer aldı. O zaman yarışlar hərbi tüfəng və tapançalarla olmaqla beş kateqoriyada keçirildi. Qaliblər arasında Yunanıstan, ABŞ və Danimarka idmançıları yer aldı. Maraqlıdır ki, o dövrlərdə yarış qaydaları bu günkü qədər sərt deyildi – müxtəlif növ silahlardan istifadə olunurdu və atıcılıq şərtləri tez-tez dəyişirdi.
Sonrakı illərdə atıcılıq növləri dəyişsə də, daima Olimpiya proqramında yer almağa davam etdi. 1907-ci ildə Beynəlxalq Atıcılıq Federasiyası (ISSF – International Shooting Sport Federation) yaradıldı. Bu qurum yarışların təşkili və qaydaların hazırlanmasına cavabdeh oldu və bu, idman atıcılığının standartlaşdırılması yolunda mühüm addım idi.

Atıcılıq növlərinin inkişafı
XX əsr boyunca idman atıcılığı təkamül keçirdi, yeni kateqoriyalar və standartlar meydana gəldi. 1920-ci ildə Antverpen Olimpiadasında qadınlar ilk dəfə atıcılıqda iştirak etməyə başladı, lakin tam hüquqlu qadın yarışları yalnız 1984-cü ildə, Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarında proqramda yer aldı. Bu, atıcılıqda gender bərabərliyi yolunda mühüm addım sayılır.
Klassik Olimpiya atıcılığı növlərinə aşağıdakılar daxildir:
Pnevmotik tapança və tüfənglə atəş (10 m);
Kiçikçaplı tüfənglə atəş (50 m – uzanaraq, ayaqüstə və dizüstə mövqelərdə);
Stend atıcılığı (trap, skit və dubl-trap);
Sürətli tapança ilə atış (25 m).
Bu növlərin hər biri yüksək diqqət, dəqiqlik və illərlə davam edən hazırlıq tələb edir. XX əsrdə komanda yarışları da populyarlaşdı və atıcıların taktik bacarıqlarının inkişafına imkan yaratdı.

Müasir dövrdə idman atıcılığı
Bu gün idman atıcılığı inkişafını davam etdirir. Müasir texnologiyalar – elektron hədəflər və nəticələrin kompüterləşdirilmiş qeyd sistemləri – yarışları daha dəqiq və izlənilməsi maraqlı edir. Qarışıq komandalar (mixed teams) kimi yeni formatlar yarışlara daha çox iştirakçını cəlb edir. Eyni zamanda, yeni silah modellərinin yaradılması, ergonomikanın təkmilləşdirilməsi və tənzimləmə sistemləri bu idmanı daha geniş auditoriya üçün əlçatan edir.
ISSF idman atıcılığının populyarlaşması üzərində fəal çalışır – dünya çempionatları, qitə birincilikləri və dünya kubokları keçirilir. Eyni zamanda, həvəskar atıcılar üçün tirlər genişlənir və yarışların onlayn yayımı da inkişaf edir. Son illərdə Olimpiya proqramına yeni atıcılıq növlərinin daxil edilməsi də müzakirə olunur – bu isə idman atıcılığının dayanmadan inkişaf etdiyini göstərir.
İdman atıcılığı qədim oxçuların yarışlarından tutmuş müasir Olimpiya növlərinədək uzun bir yol keçmişdir. Bu idman növü özündə həm ənənələri, həm texnologiyanı, həm də kamilliyə doğru fasiləsiz irəliləyişi birləşdirir. Hazırda bütün dünyada milyonlarla həvəskar və peşəkar tərəfindən sevilən bu idman, beynəlxalq arenada ən nüfuzlu və izlənilən növlərdən biri olaraq qalır. Hər il daha çox idmançı bu sahəyə qoşulur, yeni kateqoriyalar yaranır və yarışların nümayişkarlığı artır – bu isə idman atıcılığını dünyanın ən dinamik inkişaf edən idman növlərindən birinə çevirir.
Murad Muxtarov