Bəzən elə tamaşalar diqqətimizi çəkir ki, onlar həmişəlik yaddaşımıza həkk olur. Bu tamaşalardan biri sirli-sehrli tsam rəqsidir, hansı ki, özündə qədim ayinləri, teatr elementlərini və mistik gözəlliyi birləşdirir.
Baki-baku.az xəbər verir ki, bu, sadəcə rəngarəng bir tamaşa deyil, yalnız uzun müddət mənəvi tənhalıq yolunu keçmiş rahiblərə icazə verilən müqəddəs bir ayindir.
Tsam – əyləncə xətrinə oynanılan rəqs deyil. Bu, Tibet və Monqolustanın dini fəlsəfəsinin canlı təcəssümüdür, bir növ hərəkətdə ola-ola dua etmək kimi qəbul edilir. Rəqsin kökləri əsrlərin dərinliyinə gedib çıxır: hesab olunur ki, ilk mistik ayinlər qəzəbli ruhlardan xilas olmaq, inancı qorumaq və rəmzi hərəkətlər vasitəsilə mənəvi bilikləri gələcək nəslə ötürmək məqsədilə yaranıb.
Hər bir rahib səhnəyə çıxan zaman ilahi enerjinin vasitəçisinə çevrilir. Onun geyimi sadəcə paltar deyil, mürəkkəb bir kod kimi qəbul olunur: parlaq parçalarla bəzədilmiş libaslar təbiət qüvvələrini simvolizə edir, böyük maskalar isə tanrıları, pis ruhları və inancın qoruyucularını əks etdirir. Ayin zamanı zərb alətləri, digər müxtəlif musiqi alətləri və uzun mis boruların səsləri titrəmələr yaradır, hansı ki, tibetlilərin inancına görə, həm məkanı təmizləyir, həm də tamaşaçıların şüuruna təsir edir. Ən maraqlısı isə odur ki, hər bir rəqs ayrıca hekayədir. Maskalar dəyişir, hərəkətlər fərqlənir və hər bir mistik ayinin öz unikallığı var: xeyirlə şərin mübarizəsi, əngəllərin uzaqlaşdırılması, tanrıların mərhəmətinə müraciət. Həmçinin hər bir çıxış təkrarsızdır: müxtəlif monastırların hərəsinin öz ənənələri və fərqli ifa üslubları mövcuddur.
Müasir tədqiqatçılar tsam rəqsini unikal mədəni fenomen hesab edirlər: o, teatr, xoreoqrafiya, din və psixoloji praktikaları birləşdirir. Tibetlilər və monqollar üçün bu, sadəcə ayin deyil, cəmiyyətin harmoniyasını qorumaq üçün vacib bir vasitədir. Hesab olunur ki, bu mistik ayin keçən ilin mənfi enerjisindən qurtulmağa və gələcəkdə rifah, sağlamlıq, uğur gətirməyə kömək edir.
Dövrümüzdə tsam rəqsini yalnız yüksək dağlarda yerləşən monastırlarda deyil, həm də festival və tədbirlərdə izləmək mümkündür; bu festivallara dünyanın müxtəlif yerlərindən zəvvarlar və turistlər gəlir. Mistik ayinin sakral mənası dəyişməz olaraq qalır: o, yerüstü dünya ilə tanrıların dünyası arasında dialoq rolunda çıxış edir, hər bir hərəkət və səsin öz mənası var.
Hacı Cavadov