Məhəmməd peyğəmbər (s) haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur
124 min elçini, 4 səma kitabını xəlq edən Ulu Tanrı Qurani Kərimi mələklərin qanadında Şərqdə Yer üzünə endirdi. Damarlarında Qureyşilərin və Haşimilərin qanını daşıyan Məhəmməd Peyğəmbərin (s) ruhundan cücərtdi. Adəmdən Xatəmə gələn elçilərin son köçünü onun hücrəsində əylədi. Tanrının lütfü, insanlığın mükafatı olan Məhəmməd peyğəmbərin (s) mənalı ömrü, ilahi eşqi, insan sevgisiylə bağlı rəvayətlər yarandı. Deyirlər, bir gün Ulu Tanrının dörd böyük mələyi – Cəbrayıl, Mikayıl, İsrafil və Əzraili Məhəmməd Peyğəmbər əleyhissəlamın hüzuruna gəlirlər. Cəbrayıl buyurur: “Ya Rəsulallah, ümmətindən bir kimsə sənə gündə on dəfə salavat gətirsə, qiyamət günündə mən olun əlindən tutar Sirat körpüsünü quşların qanadında keçirərəm.” Mikayıl isə üzünü Tanrının Rəsuluna tutub söyləyir: “Ya Həbibi Allah, mən onu kövsər çeşməsi ilə müjdələr, doyunca içirərəm.” İsrafil Cəbrayıl və Mikayılı dinlədikdən sonra deyir: “Ya Nəbi, o bəndənin əfvi, günahlardan xilası üçün başımı səcdəyə qoyaram. Tanrı onu əhv etməyincə səcdədən durmaram, başımı yerdən qaldırmaram.” Peyğəmbər əleyhissəlamın hörmətinə onun səcdəsinə duran Əzrail isə Tanrının Qurani Kərimi ruhundan cücərtdiyi Məhəmməd peyğəmbərə üz tutaraq qeyd edir: “Ya Rəsulallah, sənə gündə on dəfə salavat göndərənin ruhunu peyğəmbər kimi cismindən alar, ruhunu incitmərəm.” Deyirlər, Mələklərin lütfünə heyrətlənən peyğəmbər əleyhissəlam: “Bu nə böyük lütf, Ya Rəbb? Bu nə böyük ehsan Tanrım!” deyə gözlərindən yaş axıdaraq səcdəyə gedir.
Məndən çəkinməyin, quru çörək yeyən ananın – Əminənin oğluyam
Deyirlər, Peyğəmbər əleyhissəlam bazara gedir, bu arada bir qərib bazar yerinə gəlir və əsnafın birindən ətir istəyir. Qərib adam olduğunu, üstəlik çoban görkəmini nəzərə alan əsnaf ətri nə üçün istədiyini xəbər alır. Çoban olduğunu, dəvələri otardığını deyən qərib adam, uzaq məsafəni Məhəmməd Peyğəmbər əleyhissəlamı görmək üçün qət etdiyini, fəqət onun qarşısına dəvə iyi verən paltarla çıxmaq istəmədiyini deyir. Çobanın dəvə iyini cənnətdən köşə, abi-kövsər, gül suyu, qızılgül ətri hesab edən Peyğəmbər əleyhissəlam bu dəmdə, onun arxasında bazarlıq edirmiş. Əsnaf çobana seçdiyi ətiri verir. Üstəlik “məscidə getməyə, Peyğəmbər əleyhissəlamı axtarmağa ehtiyac yoxdur. O sənin arxandadır” deyə, Çobanın təlaşına son qoyur. Bu zaman çoban dönüb arxasına baxır, Peyğəmbərlə göz-gözə gəlir.
Kəbəni ziyarət etmiş, Mədinəni dolaşmış kimi olur, varlığı titrəyir. Durumu görən, ümmətinin Tanrı və peyğəmbər sevgisi önündə ruhu təzələnən Peyğəmbər əleyhissəlam: “Məndən çəkinməyin, quru çörək yeyən ananın – Əminənin oğluyam” deyə ona iltifat edir. Sadəliyin əzəməti, ibrətamiz nitqi ilə onu deyib uzaq yoldan gələn ümmətinə ehtiram göstərən Məhəmməd Peyğəmbər (s) həmin gün günorta yeməyini mötəbər qonağı ilə yeyir. Süfrəsində bir parça çörək, bir kasa süd, iki xurma varmış…
Ölümün insan cismini tarıma çəkən, ağlı başdan alan iztirab və şiddəti var
Peyğəmbər əleyhissəlamın hicrətinə üç gün qalmış Ulu Tanrı Cəbrayılı göndərək onun əhvalını, ərzi-halını sordurur, təsəlli ərmağanı edir. Cəbrayıl sonuncu gün Ölüm mələyi – Əzraillə gəlir. Cəbrayıl: “Ey Allahın Rəsulu Ölüm Mələyi sənin odana girmək üçün icazə istəyir. Halbuki o, vida anında səndən öncə heç bir Adəm oğlunun yanına girmək üçün izn istəməmişdir. Səndən sonra da, heç bir Adəm oğlundan izn istəməyəcəkdir. Lütf edərək, ona izn verin” – deyir. Peyğəmbərin üzünə qonan İlahi nur onun razılığının bəlgəsi kimi odanı işıqlandıran zaman Əzrail Peyğəmbər əleyhissəlamın önündə dayanır və deyir: “Ya Rəsulallah, Ulu Tanrı məni Sənə göndərdi. Sənin hər əmrinə itaət etməyi mənə əmr etdi. Sən istərsən ruhunu alacam. İstərsən ruhunu sənə buraxıb tapşıraram” – deyir. Peyğəmbər əleyhissəlam “Ey Ölüm Mələyi gerçəkdən sən dediklərini icra edəcəksənmi?” sualına Əzrail cavab verir: “Əmr edəcəyin bütün tapşırıqları və istəklərini itaətlə yerinə yetirmək üçün burdayam. “Ya Rəsulallah, Ulu Tanrı Səni gözləyir”. Peyğəmbər əleyhissəlam Tanrının dərgahında olan daha xeyirli və əbədidir. Ey Ölüm Mələyi, dayanma əmr olunduğu kimi vəzifəni yerinə yetir. Ruhumu, canımı al” – deyə xitab edir. Sonra o, yanındakı su qabına iki əlini batırıb yaş əllərini üzünə sürtüb “La ilahə İləllah!” deyib, salavat çevirir: “Ölümün insan cismini tarıma çəkən, ağlı başdan alan iztirab və şiddəti var” nidası ilə əllərini qaldırıb gözlərini tavana – Göy üzünə dikib “Ey Allahım, Uca dost, Uca dost, Uca dost” deyə pıçıldayaraq Tanrının duyacağı səslə, İlahi eşqlə ruhunun bədənindən qopduğu, mələklərə qoşulduğu məqamın ülviyyətini yaşayır.
Ömrü boyu cəmi-cümlətanı üç dəfə bəd dua edən Peyğəmbər
Dua sevgi kimidir, dünyanı nura qərq edir, insanı qopub gəldiyi Yaradana qovuşdurur. Bəd dua, qarğış isə insanın kinini, nifrətini üzə çıxarır. O bəd dualar xoş olur ki, haqqdan dönənləri haqq yoluna çağırır.
Deyirlər, Məhəmməd Peyğəmbər əleyhissəlam ömrü boyu cəmi-cümlətanı üç dəfə bəd dua edib. Onun birincisi belədir: “Yer üzünün düzənini pozanlara, yaşıllıqlara qənim kəsilənlərə, suyu, havanı, yerin altını, üstünü çirkləndirənlərə Allahın lənəti olsun!” Peyğəmbər əleyhissəlamın ikinci bəd duası da dünyanın dərd – sərinə, insanlığın qayğılarına həsr olunubmuş. “Ya Rəbbim, insanların işini zora salanların hər işini zora sal”.
Üzünü yerin və göyün sahibinə tutan Tanrı Elçisi üçüncü duasında isə deyir: “Ya Rəbbim, pula, qızıla, gümüşə tapınanlara, onları ilahiləşdirənlərə lənət olsun. Onların vücudunun hər tərəfinə tikanlar batsın, yerlərdə sürünsünlər. O tikanları vücudlarından çıxarmağa kimsəni tapmasınlar”.
Ulu Tanrı dörd səma kitabını mələklərin qanadında Şərqdə yer üzünə endirdi. 124 min peyğəmbəri də Şərqdə xəlq etdi. Dinlərin, mədəniyyətlərin, sivilizasiyaların dialoq ünvanı kimi də Şərqi seçdi. Şərqin üzərinə Səlib yürüşünə çıxanlar, sərvət dalıyca onun tifaqını dağıdanlar, yeraltı və yerüstü sərvətlərini yağmalayanlar yəqin ki, ömründə cəmi üç dəfə bəd dua edən Məhəmməd Peyğəmbər əleyhissəlamın təqdim etdiyimiz üçüncü bəd duasından – qarğışından xəbərsizdirlər: “Ya Rəbbim, pula, qızıla, gümüşə tapınanlara, onları ilahiləşdirənlərə lənət olsun”.
Müasir dünya insanı, Şərqin əzəmətini dərk edib, dərdini anlayanlar bu sıraya şübhəsiz ki, bu gün nefti, yanan mayeni, qara qızılı da əlavə edər və Tanrının sonuncu Elçisinin duasını tərəddüd etmədən dilə gətirər, dünyanı tar-mar edənlərə, körpələri gözüyaşlı qoyanlara, sərvət üçün günahsız insanlara qıyanlara, dəyərlərin əyarı olan abidələri, şəhərləri, kəndləri dağıdanlara lənət olsun!
Şərəf Cəlilli