Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mir Cəlal: Milli maraqları manifestə çevirən ədib

Mir Cəlal, Mir Cəlal Paşayev

“Kölgədə bitən ağacın kölgəsi olmaz”

Yazıçı, müəllim, alim kimi üç zirvənin fatehi sayılan Mir Cəlal kiçik hekayələrin ustadı, ciddi roman və povestlərin müəllifi, ədəbi irsi aforizmlərlə, atalar sözləri ilə zəngin olan fikir və düşüncə sahibi kimi tanınır.

Mir Cəlalın taleyinə təlatümlərlə dolu 20-ci yüzil düşmüşdü. İnqilabları, repressiya və müharibələri çevrələyən bu zaman kəsiyi hər bir ciddi qələm sahibinin imtahanı idi. Ondan üzüağ çıxmaq üçün isə Mir Cəlal təmizliyi və əyilməzliyi gərəkdi. Vaxtın, zamanın  fövqünə qalxmaq, onu millətinin nəfinə işlətmək üçün mənindəki mənə tapınmaq, quruluşun, zamanın üstünə yerimək o qədər də asan deyildi. Mühiti, şəxsiyyəti, irsi və varisləri ilə bu gün də nümunəyə çevrilən Mir Cəlal dövrdaşlarından fərqli olaraq, qələmlə kəlamın vəhdətində oxucusuna tarixin ən mühüm suallarını ünvanlayıb. Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi hesab edən “yazarların” təntənəli kitab adlarının içərisində əsərlərinə kitablarının özü qədər əzəmətli adlar seçib Mir Cəlal. “Ad insanı bəzəmir, insan adı bəzəyir” hikmətinin fərqli biçimdə təqdimatını edib. Şura hökumətinin qılıncının dalının, qabağının kəsdiyi illərdə “Dirilən adam”, “Yolumuz hayanadır?”, “Bir gəncin manifesti”, “İnsanlıq fəlsəfəsi”, “Səviyyə axtarışında”, “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər” kimi fundamental əsərləri ilə min illər boyu dünyanın maddi-mədəni irsi siyahısını incilərlə zənginləşdirən Odlar yurdu Azərbaycanın sıxıldığı məngənənin aynasına dönüb.

“Kölgədə bitən ağacın kölgəsi olmaz”, “Gərək elə yazasan ki, ya yazdıqlarına,  ya da ünvan seçdiklərinə görə xatırlanasan”,  “ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır” kimi kəlamları ilə dəyərlərin əyarına çevrilən Mir Cəlalın milli mənlik, milli kimlik uğrunda mücadilədə mücahid dastanını yazan hər bir  vətənpərvər insan  üçün örnəyə çevrilən bir kəlamı da var: “İtə ataram, yada satmaram!”

Mir Cəlal adı, imzası  özü bir etalon olub

Bir yazıçı kimi Mir Cəlalın təmtəraqlı adı, orden və medalları olmayıb, amma Mir Cəlal adı, imzası  özü bir etalon olub. “Bir gəncin manifesti”ndə “Yazıçının manifesti”ni yaradan Mir Cəlal iki tarixi kəlam işlədib. Onun biri və birincisi əsərin başladığı məqamdır. Mərdan kəli sürür, öküz xışı çəkib apara bilmir, gün gəlib günortaya çatıb. Öküzü də, rəncbəri də tər aparıb. Rəncbər öküzün qabağında durub buynuzlarından tutub deyir: “Sür, sür, ay Allahın heyvanı!  İndi mən nə edim, bunun ağzına söyüm? Axı söyə bilmərəm, Allah deyir!”. Bu fikir ədəbiyyata gətiriləndə 30-cu illər idi. Məscidlər klublara, mədəniyyət evlərinə çevirilir, ciblərə  “Allahsız knişkası” qoyulurdu. Azərbaycanda ateizmin aynası olan “Allahsız” jurnalı və qəzeti nəşr edilir. Yazıçı Mir Cəlal vətəndaş Mir Cəlalın da, türk və islam mədəniyyətini çevrələyən, o zamanlar SSRİ-yə aid olan dövlətlərin və xalqların  da haqq səsinə dönür, “axı bunun ağzına söyə bilmərəm, Allah deyir!”

Allah kəlamının yasaq olunduğu, panislamizmin, pantürkizmin meydan suladığı bir dövrdə bu cümləni ədəbiyyata gətirmək Allahı inkar edənləri inkarın özü idi. Mir Cəlal bunu edirdi, çünki o bu dünyaya, ədəbi, elmi-mədəni mühitə, pedaqoji fikir tarixinə həqiqəti inkar edənləri, haqqı dananları inkar üçün gəlmişdi. O doğuluşdan paralanmış, yaralanmış Azərbaycanın haqq səsi olaraq var olmuşdu. Taleyin  sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycanın iri və paytaxt şəhərləri Təbriz və Bakı onun ömründən keçirdi. “Bir gəncin manifesti”ndə  Azərbaycan anasının gələcəyə ünvanlanan sevgi məktubunun Azərbaycan xalısının “Yusif və Züleyxa” dastanını yaradan Mir Cəlal Sonanın dili ilə ingilis zabitinə sərt şillə vurur: “İtə ataram, yada satmaram”. 

Bu gün Azərbaycan xalısı Mir Cəlalın sevimli  nəvəsinin – ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazılıb. Mir Cəlalın gözünün nuru akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının qurucusu kimi Uçan xalçanın Arifanə dünyasını yaşayır. Milli aviator kadrlarımız səmamızın şahini kimi həm də Qarabağda, Şərqi Zəngəzurda cövlan edir.

Yolumuz hayanadır sualını verən yazıçı

Mir Cəlal bu dünyaya üç zirvənin fatehi kimi könüllərdə köç əyləməyə gəlmişdi. Ruhunu, duyğusunu, sevgilərini Şeyx Cəmaləddin Əfqani kimi doğmalarının və yetirmələrinin beyinlərinin şırımlarına dən kimi səpmişdi. Həmin müqəddəs dəndən cücərib dirçələn, 44 günlük tarixi savaşdan, Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun  iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən Millət “kölgədə bitən ağacın kölgəsi olmaz”, Vətən torpağının bir qarışını da yağıya, “yada satmaram!” nidası ilə tarix yaratdı. Dünyanın siyasi mənzərəsini, mizanını, düşüncəsini dəyişdi. Qarabağın, Şərqi Zəngəzurun, əslində isə “Kürəkçay”dan, “Gülüstan”dan, “Türkmənçay”dan sonra ikiyə bölünüb paralanmış Məmləkətin, o taylı-bu taylı Azərbaycanın, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar yurdunun Fətih dastanını yazdı!  “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!” nidası ilə qələm çalan, “Güney Azərbaycan missiyası”nın rəhbəri, dağlar diyarı Dağıstanın, Dəmir qapı Dərbəndin xilaskarı kimi 1941–1945-ci illər müharibəsində tarix yaradan polkovnik komissar Əziz Əliyevin nəvələri, müasir Azərbaycanın memarı general Heydər Əliyevin varisləri bütün dünyaya sübut etdilər ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət, qüdrətli bir xalq var. Ona təkcə bioresurslarına görə deyil,  nüfuzlu dövlət xadimlərinə, sərkərdə-xaqanlarına, fikir və düşüncə sahiblərinə, Mir Cəlal kimi vaxtdan, zamandan uca durub vaxtı, zamanı millətinin nəfinə işlədən mütəfəkkir şair və yazıçılara görə dəyər vermək gərəkdir!

20-ci yüzilin əvvəlində Mir Cəlal zamanın, quruluşun üstünə yeridi. “Dirilən adam”a “Yolumuz hayanadır?” sualını verdi. “Bir gəncin manifesti” ilə “Yazıçı manifesti”ni, daha doğrusu, mənsub olduğu millətin mənlik və kimlik manifestini yaratdı! “Kölgədə bitən ağacın kölgəsi olmaz!” deyib  milləti, məmləkəti oyanışa, qurtuluşa səslədi. “20 yanvar”, “Xocalı” dəhşətlərini yaşayan Azərbaycan xalqı Şuşa qalasında, Xüdafərin  körpüsündə,  Murovdağın zirvəsində, Ağoğlan qəsrində Bayrağa dönən gün Qılıncla Qələmin vəhdətində dövlətlər quran, paralanmış, yaralanmış Azərbaycanın əzəmətini dünyaya sübut etdi. O gün “Ata vəsiyyəti”nə əməl olunan gün idi.  O gün həm də nigaran ruhların şad edildiyi günü idi.

Ötən əsrin əvvəlində Firudin bəy Köçərli deyirdi: “Bir millətin varını, dövlətini, sərvətini əlindən alarsan, məhv olmaz, dilini alarsan, tərk olub gedər!” Səmimiyyətlə deyə bilərik ki, yazıçı, alim, müəllim Mir Cəlal dilimizi, millətimizi qoruyanların, qeyrətimizi çəkənlərin sırasında yer alanlardan, taxtını, səltənətini könüllərdə quranlardan idi.

Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır

Ulu öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi, bu ölkədə kimin, xüsusən də hansı fikir və düşüncə sahibinin, şair və yazıçının nə ilə nəfəs aldığını bilirdi. Canından əziz bildiyi Azərbaycanın sarayına Sultanı, ölkəsinə Birinci xanımı, nəvələrinə Nənəni, varislərinə Ananı seçəndə, şübhəsiz ki, Övlad məhəbbəti ilə yanaşı, Nəsir İmanquliyev əyilməzliyini, “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır”, “Kölgədə bitən ağacın kölgəsi olmaz!” nidası ilə qələm çalan Mir Cəlal təmizliyini, professor Aida İmanquliyevanın, akademik Arif Mir Cəlal oğlu Paşayevin alim müqəddəsliyini də nəzərə almışdı!

Qalın deyil, qalan kitabların müəllifi Mir Cəlal bu dünyaya mənsub olduğu millətin Əbədiyyət dastanını yazmağa gələnlərdən idi. Gəldi, yazdı, bütövlüyün, birliyin, diriliyin şərbətini içirib getdi!  Sentyabrın 28-i böyük ədibin, unudulmaz şəxsiyyətin xatırlanan günüdür. Məqamı uca, məkanı cənnət olsun!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq

Ən son

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla

GÜNDƏM

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin