Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Yubiley ilinə töhfəni olaraq 18 sentyabr tarixində gənc bəstəkar Rüzgar Əhmədzadə “Üzeyir bəy. 140. Tək dahi.” adlı əsərini təqdim edib.
Baki-baku.az xəbər verir ki, əsər Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə tərəfindən ifa olunub və videolayihə Üzeyir bəyin ev muzeyində lentə alınıb. Ərsəyə gələn işin rejissoru Natiq Muxtarovdur.
Layihə ilə bağlı fikirlərini bölüşən Rüzgar Əhmədzadə bildirib ki, əsər Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub. Burada onun musiqisindən sitat gətirilməyib, əksinə – Üzeyir bəyin musiqi dili və üslubundan ilhamlanaraq yazılıb. Kiçik “Rast” girişindən sonra təqdim olunan əsas mövzu əsərin ideyasını açır. Adın seçimi də xüsusi məna daşıyır.
Bəstəkar öncə əsərin tar üçün yazılmasını qərara alıb. Bunun səbəbi tar alətinin “Leyli və Məcnun” operasında təklik və tənhalıq rəmzi kimi təqdim olunmasıdır. Rüzgar Əhmədzadə qeyd edir:
“Dahi – təkcə gözəl incəsənət nümunələri yaradan deyil, millətin gələcəyinə işıq salan şəxsiyyətdir. Buna görə də o, Azərbaycan musiqi tarixində ‘tək dahi’dir.” Əsərin ifasına gəlincə. Tar üçün yazılmış bu əsəri ifa edən Sahib Paşazadə, Azərbaycan bəstəkarlıq məktəbinə, gənclərə hər zaman göstərdiyi diqqət və dəstəyini bir daha təsdiqləyərək, peşəkarlığı ilə layihəni yüksək səviyyədə ərsəyə gətirib.
Qeyd edək ki, müasir dövrdə həm ölkəmizdə həm də ölkəmizin hüdudlarından kənarda bəstəkar əsərlərinin ən çox təbliğatçısı və interpretatoru kimi tanınan Əməkdar artist Sahib Paşazadə əsərə özünəməxsus ifaçılıq üslubu ilə yanaşıb. O, öz ifa tərzinə uyğun olaraq bu əsərdə tar ifaçılığına məxsus maraqlı elementlər və ştrixlərdən geniş istifadə edib. Tarzən layihə haqqında düşüncələrində deyir : “Bəstəkar əsəri mənə təqdim edəndə böyük məmnunluqla qəbul etdim. Tarın imkanlarından geniş istifadə edərək əsəri dahi bəstəkarın ruhuna böyük sevgi və dərin ehtiramla ərməğan etdik”.
Layihənin linki