Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2025

Paylaşın

TARİXİMİZ

Qafqaz İslam Ordusunun Zəfəri, Cümhuriyyətin təntənəsi: Bakı paytaxta belə çevrildi

Bakının işğaldan azad olunduğu, Cümhuriyyətin Gəncədən paytaxta köçdüyü iki tarixi gün var: sentyabrın 15-i və 17-si. Amma bu iki müqəddəs günün arasında körpü olan bir tarix var də var ki, o da, sentyabrın 16-dır. Bakının işğaldan azad olunduğu günün müjdəsi Təzəpir məscidindən həmin tarixdə verildi. Həmin gün İsmailliyə binasının önündə Bakı əsilzadələrinin dəstəyi ilə Bayram mitinqi təşkil olundu. O gün Tağıyev Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşanın və igid əsgərlərinin şərəfinə İsmailliyənin önündən malikanəsinə qədər Qırmızı Xalı sərdirdi, ayaqlarının altında qurbanlar kəsdirdi. Mülkündə təşkil etdiyi Bayram ziyafətində mülkün tapusunu və açarlarının Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşaya təqdim etdi. “Osmanlıdan Bakıya qədər Sarıqamış və Çanaqqala savaşları zamanı səngərdə qan tökən Azərbaycan əsgərləri üçün can borcuna gəldik”, deyən Paşa Tağıyevin hədiyyəsindən imtina etdi. Həmin gün Tağıyevin açdığı süfrədə xanəndə, milyonçu, mesenat Seyid Mirbabayev indi SOCAR-ın binası kimi tanıdığımız mülkünü Cümhuriyyətə bağışladı. Mülkün tapusunu və açarlarını hökumətin başçısına Fətəli xan Xoyskiyə təqdim etdi. O gün həmin məclisdə Əhməd Cavadın “Çırpınırdın Qara Dəniz” şeiri, bir də Gəncəlilərin sevə-sevə ipə-sapa düzdükləri: “Kamyon gəlir, yan gəlir, Gəncəliyə can gəlir, Gəncənin oğlanları Bakı üçün can verir” bayatısı ustad sənətkarlar – Cabbar Qaryağdıoğlu və Seyid Mirbabayev tərəfindən şövqlə səslənirdi. O gün Bakının işğaldan azad olunması üçün şölən qurulmuşdu. Sabah Cümhuriyyət Gəncədən Bakıya köçəcək, Rəsulzadənin, Topçubaşovun, Xoyskinin, Mehmandarovun, Şıxlinskinin, Xasməmmədovun, Rəfibəylinin, Mahmudbəyovun, Hacınskinin, Qənizadələrin, Usubbəylinin intizarına, Tağıyevin, Ağa Əlizadənin, Zərdabinin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin kədərinə son qoyulacaqdı.

Bakı Azərbaycanın qapısıdır

1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu Bakını bolşevik-daşnak işğalından, Sentrokaspi Diktaturasından xilas edərək Vətən tarixində yeni səhifə açdı. Bu tarixi hadisədən iki gün sonra – sentyabrın 17-də isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bakı rəsmən paytaxt elan olundu. O zaman Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır… Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcübi-heyrətdir”.

Bakı siyasi-strateji əhəmiyyətinə görə dünyanın bir çox dövlətlərinin marağında idi

Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti vardı. O zaman Bakı siyasi-strateji əhəmiyyətinə, zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağında idi. O dövrdə Bakı həm də dünyada istehsal olunan neftin demək olar ki, tən yarısını verirdi. Bu səbəbdən də xarici qüvvələr bu şəhərə yiyələnmək istəyirdilər.

Bu mənada Bakıya gələn qüvvələrdən təkcə Osmanlı dövlətinin hərbi birləşmələrinin məqsədi neft deyildi, neftdən daha önəmli onun Nərimanovun dili ilə desək Şərqin, Atatürkün təbirincə qeyd etsək Türkün qapısı olması ilə bağlı idi.

Onlar Gəncədə az bir müddətdə çox işlər gördülər

Bakının işğaldan azad edilməsi, paytaxt elan olunması isə ölkədə tamamilə yeni bir şərait, ab-hava yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ulu Öndər Heydər Əliyev bu barədə qeyd edirdi: “Onlar Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər. Ondan sonrakı dövr Azərbaycan Xalq Cümhuriyyətinin çox qızğın fəaliyyət dövrüdür”.

Bakı-Batum neft kəməri 1919-cu ilin mart ayında bərpa olundu

“Cümhuriyyət liderləri Bakıda asayişi tam bərpa etdikdən, nəzarət hüququna sahib olduqdan sonra bir sıra tarixi qərarlar aldılar. Neft sənayesi ağır durumdan xilas edildi, bu sahə üzərində dövlət nəzarəti qoyuldu, dağıdılmış Bakı-Batum neft kəməri 1919-cu ilin mart ayında bərpa olundu və  ilk neft yola salındı. Azərbaycan Xalq Cümhuriyyətinin Bakı dövründə də neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı. 1919-cu ildə neft ehtiyatı üç dəfə artdı, 1920-ci ilin əvvəlində isə 300 milyon puda çatdırıldı. Neft sənayesinin inkişafı ilə əlaqədar idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları açıldı. Bu sahənin inkişafı Bakıda digər sənaye müəssisələrinin də işində dönüş yaratdı.

Mirseyid Mirbabayevin malikanəsindən qaldırılan Bayraq millətin özgürlük rəmzinə döndü 

Fətəli xan Xoyski hökuməti Bakıya köçdükdən sonra dövlətçilik, mədəniyyət, səhiyyə, təhsil sahələrində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının Bakıda birinci iclası toplandı. 1918-ci il dekabrın 7-də isə Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin binasında, indiki Əlyazmalar İnstitutunun binasında Şərqin ilk Məclisi-Məbusanı, Parlamanı fəaliyyətə başladı. Cümhuriyyət Bakıya köçdükdən sonra Əli bəy Hüseynzadənin üç düsturundan – türkləşmək, islamlaşmaq, müasirləşmək nidasından boylanan hilallı, ulduzlu bayraq göy üzünə sərildi. 1918-ci il noyabrın 9-da Xəzərin qoynundan, Mirseyid Mirbabayevin malikanəsindən qaldırılan Bayraq mənsub olduğu millətin özgürlük rəmzi kimi Dövlətin atributlarından birinə çevrildi. 

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, ilk vaxtlarda nazirlərin əksəriyyəti və hökumətin sədri “Metropol” otelinin otaqlarında, indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasında fəaliyyət göstərir,  hər gün saat 12-dən 14-dək Fətəli xan Xoyski vətəndaşları qəbul edirdi.

Gəncədə alınan qərarlar Bakıda gerçəyə çevrildi

Azərbaycan Xalq Cümhuriyyəti Bakıda müasir elm və təhsil ocaqları qurulması ilə bağlı Gəncədə qarşısına qoyduğu məqsədləri gerçəkləşdirmək üçün 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamanında məsələ qaldırdı. Bakıda Universitetinin yaradılması haqqında qərar qəbul etdi. Qərara əsasən, həmin ilin dekabrından Bakı Universiteti fəaliyyətə başladı. Hökumət Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Dövlət Konservatoriyasının açılmasını nəzərdə tutsa da, yaranmış tarixi-siyasi şərait buna imkan vermədi.

Xilaskarının şərəfinə ucaldılan abidənin təməli qoyuldu

Azərbaycan Xalq Cümhuriyyəti Bakının və özünün xilaskarına da ehtiramını nümayiş etdirdi. 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında “Türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi” üçün möhtəşəm bir abidənin təməli qoyuldu. 1920-ci ilin aprelində Azərbaycanın işğalı, Xalq Cümhuriyyətinin süqutu ilə abidənin inşasının başa çatdırılması mümkün olmadı. 1991-ci ildə ölkəmiz  dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər xiyabanında Ulu Öndər Heydər Əliyevin iradəsi ilə abidə ucaldıldı. “Bir millət, iki dövlət” nidası ilə ucaldılan abidə bu gün də Bakının müqəddəs ziyarətgahlarından biri hesab olunur.

“İstiqlal Bəyannaməsi”nə imza atanlar unudulmadı

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Məclisi-Məbusanın, Milli Ordunun, Bakı Universitetinin, Şərqdə ilk dəfə, Avropadan 70 il öncə qadına seçmək, seçilmək hüququ verdi. İnsan haqları, humanist prinsiplər istiqamətində aldığı qərarlarla müasir Azərbaycanın təməl daşına çevrildi. Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Əbədi İstiqlalın dastanını yaradanlar, “İstiqlal Bəyannaməsi”nə imza atanlar, onu Tiflisdə Gəncədə formalaşdıranlar, ölümü gözə alıb Bakıya köçürənlər unudulmadı. Yoxdan bir bayraq yapıb, dövlət quranların şərəfinə Xəzərin yaxasında dünyanın ən gözəl Bayraq Meydanı quruldu. Ən uca bayraq dirəyindən, ən böyük Bayrağı ucaldı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hər bir insanın həyatında ağır sınaqlar, itkilər və gözlənilməz zərbələr olur

Ən son

Спорт

"Карабах" повторил достижение испанской "Барселоны" в Лиге чемпионов УЕФА

Спорт

"Карабах" повторил достижение испанской "Барселоны" в Лиге чемпионов УЕФА
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin