Tağıyev qızını Paşaya vermədi. Səbəb nə idi?
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Sentyabrın 16-da Hacı Zeynalabdin Tağıyevin, Bakı əsilzadələrinin istəyi ilə şəhər əhli Təzəpir məscidinə cəm oldu. On minlərlə insanın Bayram namazına durduğu Təzəpirin həyətində “iynə atsaydın yerə düşməzdi” deyirlər. Üstəlik Bakıda Qurani Kərimdə adı keçən Göyərçin – müqəddəs quş da qalmayıbmış. Təzəpirin minbərində dövrə vuran, Azan oxunanda sükuta dalan göyərçinlər də şəhərin müqəddəs ruhuna dönüb Zəfər Ordusunun pişvazına çıxıbmış. Həmin gün şəhər əhli həm də ikinci bir müqəddəs bayramı – Qurban bayramını qeyd etmək üçün səcdəyə getmişdi. Ramazan ayı Qurani Kərimin mələklərin qanadında yer üzünə endirilib, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərildiyi ay idi. Onun həm də, bir İbrahim peyğəmbər və İsmayıl peyğəmbər, Hira və Sina, Həcərül-əsvət müqəddəsliyi vardı. Təzəpir məscidində qılınan Bayram namazında minbərdən üzünü Axunda Ağa Əlizadə ilə birlikdə şəhər əhlinə tutan Nuru Paşa tarixi nitqini edirdi: “Bu gün Qurban bayramıdır. İsmayıl peyğəmbərin boğazına çəkilən bıçaqdan qurtulub, adına Meracdan qurbanın endirildiyi gündür. Bu gün müsəlman qardaşlarımızın yarasından axan qanın dindiyi, qan içən daşnakların cəzasının kəsildiyi gündür. Türklər ölər hicrət etməz. Biz zülmə, hicrətə məhkum edilən qan qardaşlarımızın xilası üçün burdayıq. Qardaş hər daim qardaşın yanında olmalıdır. Dünya Osmanlını çökdürərkən biz tarixi sizinlə yaratdıq. Sarıqamışda yaralarımızı siz sardınız. Qafqazlardan aşıb etdiklərinizi mükafatını vermək üçün buralara qədər gəldik. Bu torpaqlar bizim baba yurdumuzdur. Burada qan dinməli, Cümhuriyyət baş şəhərinə köçməli idi. Bu günü bizə yaşadan Tanrıya şükran duyğularımı dilə gətirir, Müjdəmi verirəm: Vətən torpaqları daşnaqların soyqırımından azad edildi. Bayramınız qutlu olsun! Kimsə əkdiyini biçmədən ölməz, kimsənin qisası kimsədə qalmaz!”. On minlərlə insan “Amin” nidasından sonra Nuru Paşanın heyəti Bakı əsilzadələrin müşayiəti ilə İsmailiyyənin önündə təşkil olunan mitinqə gəldi. Bu təntənəli mərasimdən, Bakının ayrı-ayrı rəsmi qurumlarının nümayəndələrinin, xarici ordu birləşmələrinin komandanlarının önündə Bakını işğaldan azad olunduğunu ehtiva edən rəsmi sənəd oxunduqdan sonra Nuru Paşa, Xəlil Paşa və onun igid əsgərləri Hacı Zeynalabdin Tağıyevin İsmailiyyədən malikanəsində qədər sərdiyi Qırmızı xalının üzərindən keçib Bayram ziyafətinə vardılar. Tağıyevn xüsusi tapşırığı ilə həmin gün onların ayaqlarının altında nə az, nə çox düz 179 qoç qurban kəsildi. Hacının 179 qoçu eyni anda qurban kəsdirməsinin də rəmzi mənası vardı. Bakının qoluna buxov Mart soyqırımı günü vurulmuşdu. Bakının hər anı qanın bir tarixi idi. Bu səbəbdən də Millətin Atası, daha doğrusu Millətin Ruhunun atası Bakıya sıradan bir şəhər kimi baxmırdı. Onu– Xəzərin Zümrüd qaşı, Qara brilyantı, Millətin, Məmləkətin, Cümhuriyyətin düşünən beyni, vuran qəlbi hesab edir, işğaldan azad olunacağı günə qurban-sadağa deyirdi.
Sarı donlu qızın əfsanəsi
Nuru Paşanın anası Anadoludan, Killigil dağının ətəyindən idi. Atası da, şəcərə dəftəri ilə Qarapapaq türklərinə bağlı idi. Əfşarların zamanında Türküstandan Anadoluya gəlmişdilər. Anası ömrü boyu bir bayatı çağırar, bir nəğməni zümzümə, qımqıma edərdi. Elə hey “Anan ölsün, Sarı gəlin” deyərdi. Onun bir qırağı Acaluşaqlarına, daha doğrusu Acarlara, Qafqaz türklərinə bağlı idi. Qardaşı İsgəndər bəy Osmanlı Ordusunda savaşmışdı. Rum elində bir gözələ aşiq olmuşdu. Anası Sofia Tanyelini ona qıymamışdı. Tanyeli İsgəndər Paşanın atının tərkinə minib qoşulub qaçmışdı. Xəbər qardaşlarına çatandan sonra qardaşları nişanlısı Stefanosla gəlib onları haqlamış, Tanyelini İsgəndər Paşanın əlindən göz yaşları içərisində alıb aparmışdılar. İsgəndər Paşanın dünyası da, sevdası da onunla qaralmışdı. Tanyelinin, sarıdonlu, sarı bənizli qara sevdasının əlindən alındığı yerdə iflic olan İsgəndər Paşanı bir daha görən olmamışdı. Deyirdilər, o, elə həmin yerdə qayanın başından özünü dərəyə atmış, parça-parça olmuşdu. Xəbəri eşidən anası ölənə qədər “Anan ölsün sarı gəlin” – deyib İsgəndər Paşanın sarı donlu, sarı bənizli qara sevdasını muncuq kimi ipə-sapa düşmüşdü. “Saçı ucun hörməzlər, gülü sulu dərməzlər, Sarı gəlin. Bu nə sevdadır, Səni mənə verməzlər… Bu dərənin uzunu, Çoban qaytar quzunu, nə ola bir gün görəm, nazlı yarın üzünü. Neynim aman, aman. Neynim aman, aman Sarı gəlin!”. İsgəndər Paşa Sarı donlu sevdasının eşqinə Uzun dərədə tikə-parça olmuşdu. Quzu kimi mələr ruhu anasının bayatısına dönmüşdü. “Çoban, qaytar quzunu”- deyib Anadolunu lərzəyə salmışdı. Adəm sevib cənnətdən, Züleyxa sevib taxtdan, Yusif sevib özgürlükdən, Leyli sevib saraydan qopduğu, Məcnun sevib səhralara düşdüyü, Mahmud sevib Məryəmin eşqinə Kərəm olduğu , Beyrək Banuçiçəkdən, Abbas Gülgəzdən, Qərib Şahsənəmdən, Qurbani Pəridən keçməyib dastana döndüyü, Fərhad Bisitunu Şirinin eşqinə çapıb yox cavabı alanda qanını Süd Arxına axıtdığı, Sarı Aşıq Yaxşının qibləsini tərsinə yatdığı kimi, İsgəndərin Paşa da, sərkərdə ucalığından oldu. Tanyelinə – sarıbənizli, alagözlü, sarıdonlu sevgisinə olan ilahi eşqi ilahiyə döndü: “Saçın ucun hörməzlər, gülü sulu dərməzlər!” Tərkidünya Aşıq Şenlik hansı məclisə vardı ondan “Sarı gəlin”i istədilər. Anadoludan Borçalıya, Borçalıdan Dəmirqapı Dərbəndə, Şimali Qafqazdan Türküstana, Osmanlıdan Rum elinə hamı “Sarı gəlin” dedi. Tağıyevin malikanəsində paşaların şərəfinə təşkil edilən ziyafətə Hacının istəyi ilə ustad sənətkarlar dəvət olunmuşdu. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Şahnaz Abbas, Sadıxcan, Mirzə Güllər, Mirzə Bilal üzünü qavala söykəyib “Sarı gəlin”, bir də “İrəvanda xan qalmadı” deyirdi. Ona qoşulan Aşıq Bilal “Şirvan şikəstəsi”ni “Osmanlı gərayısı”na qatıb “Bu dərənin uzunu, çoban qaytar quzunu, neynim aman, aman, neynim aman, aman”- deyib, yeri-yerindən oynadırdı. Bu dəm Nuru Paşanın gözü ilə incə belli, ay bənizli, sarı donlu bir gözəli tutur. Elə həmin an eşqin atəşinə tutulan Paşa gözəlin kimliyini xəbər alır. Əliağa Şıxlinski Hacının istəkli övladlarından biri olduğunu deyir. Ziyafətdən iki gün sonra Tağıyev indi ki, Azərbaycan Tarix Muzeyinin binası olan malikanəsinin tapusunu və açarlarını Nuru Paşaya təqdim edir. Hadisə sentyabrın 18-də Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin, Firudin bəy Köçərlinin, Həbib bəy Mahmudbəyovun, Kərim bəy Mehmandarovun, Əhməd bəy Ağaoğlunun, Xəlil bəy Xasməmmədovun, Xasməmməd bəy Məlik-Aslanovun, Xosrov bəy Sultanovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Sadıxcanın iştirak etdiyi məclisdə baş vermişdi. Millətin Atası həmin gün malikanəsində Cümhuriyyəti Bakıya köçürən İstiqlal fədailərinin adına süfrə açmışdı. O müqəddəs və mübarək məclisdə iki tarixi an yaşanmışdı. Neft maqnatı, mesenat Seyid Mirbabayev indiki SOCAR-ın binası kimi tanıdığımız malikanəsinin açarını Fətəli xan Xoyskiyə təqdim etmiş, mülkünü Cümhuriyyətə bağışlamış, Cümhuriyyətin bayrağı ilk Milli Hökumətin, Demokratik Cümhuriyyətin rəmzi kimi Xəzərin yaxasından mesenat xanəndənin malikanəsindən boy vermişdi. Neft quyusu fontan vurandan sonra ifaçılığı atan, hətta qramafon vallarını belə baha qiymətə aldırıb sındıran, mərsiyəxan kimi sənətə gələn Seyid Mirbabayev Cümhuriyyətin və Qafqaz İslam Ordusunun şərəfinə “Heyratı” Əhməd Cavadın “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına! “Ah!”… deyərdim, heç ölməzdim, düşə bilsəm torpağına… Fırtınalar dursun yana, Salam türkün bayrağına! Olsun Turan ellər, Qurban türkün bayrağına! Yol ver, Türkün bayrağına!” şeirini oxuyur. Qılıncla Qələmin vəhdətində yoxdan bir dövlət qurub, bayraq yapanların sırasında yer alan Qafqaz İslam Ordusunun komandanına, bu misraların müəllifinə sonsuz, hüdudları məlum olmayan sevgisini də dilə gətirir.
Bakıdan kənara qız vermərəm
Millət, məmləkət sevgisi ilə başa keçirilən, Cümhuriyyət qədər əziz, şəhidlərin ruhu qədər müqəddəs bilinən Nuru Paşa münbit mühitdən istifadə edib Paşa şərəfi ilə malikanənin tapusunu da, açarlarını da, Hacının Kontorunun müdirinin ovcuna qoyur. Onu mülkü, malikanəsi ilə deyil, günlərdir könlündə Sultan etdiyi qızı Sürəyya xanımla şərəfləndirməsini istəyir. Tağıyev millətinə, məmləkətinə bağlı olduğu kimi övladlarına da vurğun idi. Sürəyya onun ikinci nikahından, General Balakişi bəy Ərəblinskinin qızı Sona xanımdan olan sonbeşiyi idi. Sarı bənizli, ala gözlü, sarı donlu Sürəyyaya aşiq olan Nuru Paşa Hacının yox cavabını eşidəndə dünyası qaralır, varlığı titrəyir. “Qarşınızda boynum tükdən incədir. Üstümdə Bakı boyda haqqınız vardır, amma, mən qürbətə qız vermərəm. Övladlarım gözümün qabağında olmalıdı. ” İki gün sonra elçiliyi təklikdə edən Nuru Paşa evlənib Bakıda yaşayacağını desə də, Tağıyev yenə razı olmur. Xəbəri eşidən, oğlunun eşq atəşinə tutulduğunu bilən atası Əhməd Paşa və digər oğlu Osmanlı Ordusunun Müdafiə Naziri Ənvər Paşa Bakıya Tağıyevin qapısına elçi gəlsə də, Qazi Mustafa Kamal Paşaya telefon açıb Hacıdan mötəbər paşaların sözünü geri çevirməməsini xahiş etsə də, Tağıyev sözünün üstündə durur: “Bakıdan kənara qız vermərəm!”. Nuru Paşa üst-üstə fetih dastanı yazanda, Azərbaycanın xilaskarı, Qafqaz İslam Ordusunun komandanı kimi tarix yarandanda 29 yaşı vardı. Sürəyya aşiq olanda da, o yaşda idi. Bakıdan könlü boş dönən Nuru Paşa uzun müddət Sarıdonlu qızı – Gəlin edə bilmədiyi ,“Sarı Gəlin”i unuda bilmədi. Deyirlər, Nuru Paşa Bakıdan yola salınan gecə də, Tağıyevin malikanəsində süfrə açılıb. Nuru Paşanın durumunu bilən, fəqət Millətin atasına təsir etmək imkanı olmayan Cabbar Qaryağdıoğlu həmin gecə Sarı Aşıqdan oxuyurmuş: “Əzizinəm, Sarı qız, sarı gəlin sarı qız, aç kəmərin belindən, cənazəmi sarı qız!” Nuru Paşa uça-uça gəldiyi yolu yəqin ki, sürünə-sürünə, qanadı qırıq quş kimi gedib. Onun dağlar qədər sevgisinə, ilk və son məhəbbətinə qıymışdılar, İsgəndər Paşanın Tanyelisi, Sarı Aşığın Yaxşısı kimi özgələrə yar, daha doğrusu yem etmişdilər. Övlad sevgisini qardaş məhəbbətindən üstün bilmişdilər. Qaysaq tutmayan yarası, Sürəyyanın küskün butası ilə Nuru Paşa nə az, nə çox düz 28 il 9 ay ömür etdi. Sürəyyanı, daha doğrusu Sarı donlu həsrəti ilə də, elə bu yaşda üz-üzə gəlmişdi. Adını qəlbinə yazmışdı. Bir ömür unuda bilməmişdi. Ölümündən üç il öncə Misir məlaikəsi İffət xanımın qızı Misli Mələk xanımla nigaha getmişdi. Bu zaman onun 56, Misli Mələk xanımın isə 45 yaşı vardı. Qışda gələn bahardan onların övladları olmamışdı. 1989-cu ilə qədər ömür sürən Misli Mələk xanımla ilk və son görüşümüzdə söylədiyi bu cümləni üstündən 26 il ötməsinə baxmayaraq heç unuda bilmədim: “Paşam, yuxuda diksinəndə, bir təsadüf mənə toxunanda bəzən Sürəyya deyərdi. Mən ondan heç incimədim… ” Nuru Paşa 1949-cu il mart ayının 2-də sahibi olduğu Sütlücə hərbi fabrikində baş verən partlayış nəticəsində həlak oldu. Cəmi 59 il ömür sürən, onun 29 ilini Qurtuluş Savaşına, Azərbaycanın erməni daşnaklarından təmizlənməsinə, Bakının işğaldan azad edilməsinə həsr edən Nuru Paşa ömrünün geridə qalanını Sürəyyanın nisgilinə, həsrətinə həsr etdi. Misli Mələk xanım deyirdi ki: “Paşam hər axşam Sürəyya xanıma həsr etdiyi “Sarı donlu mələkşəm” şeirini pıçıltı ilə deyər, baxışlarını uzaqlara dikər, bəzən də, gözlərindən yaş süzülərdi. Az-az hallarda cibindən bir Sarı parça çıxarıb qoxusunu alar yenə cibinə qoyardı. Sütlücə qazası zamanı yanıb kül olan fabrikadan Paşamı yanmış, bir çox yerləri kül olmuş halı ilə çıxardılar. Hər axşam qoxusunu alıb uyuduğu Sarı parça salamat qalmışdı, Paşamın ovcunda. Hər halda , o məlun yanğında da Paşam könlünün Paşasını anmışdı. Olsun! Paşam incə qəlbli adamdı. Mən onun Sürəyya xanıma aşiq Qəlbini sevdim!”
Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim
Qafqaz İslam Ordusu Azərbaycandan çıxandan, Nuru Paşa Bakıdan ayrılandan sonra uzun müddət-6 il özünə gələ bilməyən Sürəyyanı atası Əsəd bəy Abdullayev adlı mühəndislə evləndirir. Onlar 1922-ci ildə ailə qururlar. Sürəyyanın bu nikahdan iki övladı dünyaya gəlir. Oğlu geofizika elmləri doktoru, professor Rəsmi Abdullayev və qızı Dilarə xanım Abdullayeva. Nuru Paşa 1949-cu ildə 59 yaşında, Sürəyya xanım isə 1975-ci ildə 71 yaşında dünyasını dəyişdi. Biri Bakıda, digəri İstanbulda torpaq müqəddəsliyinə qovuşdu. Nuru Paşanın həsrəti 30, Sürəyya xanımın nisgili 54 il çəkdi. Nuru Paşa Bakıdan döndükdən, Qurtuluş Savaşına qardaşı Ənvər Paşa, dayısı Xəlil Paşa isə töhfələr verməsinə rəğmən Cümhuriyyət elan olunduqdan sonra Cankaya köşkünə girişləri yasaq edildi. Qəvi düşmən, bolşevik Rusiyası Tağıyevin topdağıtmaz mülklərini əlindən aldı. Bakının yolunda fəda etdiyi malikanəsinə də əl qoydular. Türkiyənin Qurtuluş Savaşı üçün dövlətin büdcəsindən 500 kq qızıl, 300 sistern neft və neft məhsulları, 10 min manat şəxsi vəsaitini ayıran, bu səbəbdən də bir çox məmurların etirazı ilə üzləşən, Tağıyevin sərmayəsi ilə təhsil alan komissar Nəriman Nərimanovun sayəsində Mərdəkandakı bağ evinə sığınan Tağıyev Türkiyədə və Bakıda cərəyan edən hadisələri düşündükcə Sürəyyanı qürbət elə verməməkdə, gözünün qabağında saxlamaqda haqlı olduğunu düşünürdü. Ata ürəyidi… Hər halda bu kədərli eşq hekayəsinə “ Nuru Paşanın küskün bütası, Tağıyevin xətası” da demək olar. Bəlkə də, Nuru Paşa ilə Sürəyya evlənəcək başına Qaspıralının qızı Şəfiqə xanımın başına gələnlər gələcəkdi. Nəsib bəy Usubbəyli kimi Nuru Paşanın da, qəlbində Sürəyyanın yerini kimsə tutacaqdı. Bu beləmi olacaqdı bilmirik. Bildiyimiz odur ki, Sürəyya xanımın taleyindən keçən ağa atlı Paşanın sevgisi ona bir ömür baha başa gəlib. Mirzə Cəlil Həmidə xanım Cavanşiri boynunda gəzdirdiyi medalyondan boylanan Kərim bəy Mehmandarovun şəklinə görə incitdiyi kimi, mühəndis əri də, Sürəyyanın “ Paşa sevgisinin sarayı”ndan gündə bir kərpic qoparıb. Hər halda, bəlkələr çoxdu. Ən böyük həqiqət isə həsrətin göz yaşlarından qurumadan yaylıqlar, son məktublar, boyundan asılan medalyonlardır. Ən gözəli isə şübhəsiz ki, Misli Mələk xanımın xatirəsi, Paşanın sevgisinə hörmətidi : “Paşam hər axşam uzaqlara göz dikər, “Sürəyya, sarı donlu mələkşəm” şeirini pıçıltı ilə söyləyər, bəzən də gözlərindən yaş süzülərdi. Yuxuda bir təsadüf mənə toxunanda Sürəyya deyərdi. Qırılardım fəqət üzə vurmazdım. Paşam incə qəlbli adamdı. Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim!
Şərəf Cəlilli