Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

TARİXİMİZ

Bu gün Bakının işğaldan azad olunduğu gündür!

Bakının işğaldan azad olunduğu gün

Şəhid qanı ilə sulanan, Qafqaz İslam Ordusunun bayrağı ilə süslənən Bakı

Çar Rusiyasını bürüyən inqilab dalğası çarizmin iflası ilə nəticələndi. Münbit mühitdən istifadə edən əyalətlər öz müqəddəratını həll etmək üçün tarixi qərar aldılar. Qafqaz Seymində cəm olan qüvvələrin arasında yer alan, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir bayraq yapıb dövlət quran, Milli Şuranı qurmaq, “İstiqlal bəyannaməsi”nə imza atmaqla Milli Hökumətin və Demokratik Cümhuriyyətin prinsiplərinin müəyyənləşdirən istiqlal fədailəri Tiflisdə elan olunan Cümhuriyyəti Gəncəyə köçürməklə bu torpaqların tarixi sakinlərini, sahiblərini ünvan göstərdilər. 1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyəti 10 gün sonra Gəncəyə köçsə də, Azərbaycanı bürüyən daşnaq soyqırımılarından, Bakını üzük qaşı kimi mühasirəyə alan erməni daşnaklarından, bolşevik Rusiyasından, Sentrokaspi Diktaturasından, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zellandiya, Ermənistan Demokratik Respublikası qüvvələrindən, “Daşnaksütyun” Partiyasının qaniçənlərindən, Lionel Denstervilin, Gerorgi Dokuçayevin, Avetisovun, Hamazasp Şahvaidzyanın, Andranikin, Ozanyanın, Biçixarovun ordusundan xilas olmaq üçün yollar arayır, Cümhuriyyətin Gəncədən Bakıya köçməsi üçün zəmin hazırlayırdı. Azərbaycanı bürüyən soyqırımı dalğasından Bakını işğal altında tutan qüvvələrin fitnəsindən xilas üçün üzünü Osmanlıya, Qazi Mustafa Kamal Paşa Atatürkə tutan Xalq Cümhuriyyəti iki gün sonra nəinki rəsmi cavab alır, artıq Osmanlı Ordusunun Azərbaycana varmaq üzrə olduğu xəbərin əldə edir. Nuru Paşanın rəhbərlik etdiyi ordu Gəncədə general Əliağa Şıxlinskinin qurduğu Azərbaycan Milli Əlahiddə Korpusuna məxsus qüvvələrlə birləşərək erməni daşnaklarının bu gün də, qorxulu röyasına çevrilən Qafqaz İslam Ordusunu qurur. Azərbaycanın bütün regionlarına yayılan bu qüvvələr Kazım Qarabəkir Paşanın, Mirzə Nəsrulla bəy Əmirovun, Səməd bəy Mehmandarovun, Xosrov bəy Sultanovun, Laçınlı Sultan bəyin iradəsi ilə daşnakları gəldikləri yerə qədər qovur.

Gəncədə, Şamaxıda, Naxçıvanda, Göyçayda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda tökülən hər bir müsəlman qanı üçün can alan Milli Ordumuz Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Nuru Paşanın, Xəlil Paşanın, Rüştü Paşanın iradəsi ilə nəhayət ki, Bakıya varır. 

Qəhrəman Bakı sakinlərinin, Bakı qoçularının varını, dövlətini, sərvətini əbədi istiqlal yolunda fəda edən Bakı əsilzadələrinin iradəsi ilə sentyabrın 15-də Bakı işğaldan azad edilir. Bakıya varid olan Osmanlı paşaları əsgər və zabitləri Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, Aşurbəyov qardaşlarının, Seyid Mirbabayevin malikanəsində xüsusi təntənə və ehtiramla qarşılanır, şəhidlərin qanı ilə sulanan Bakı küçələri Qafqaz İslam Ordusunun və Xalq Cümhuriyyətinin bayraqları ilə süslənir.

Müjdənin ünvanı – Təzəpirin minbəri

Bakı erməni daşnaklarından, Sentrokaspi qüvvələrindən, bolşevik cəlladlarından sentyabrın 15-də təmizləndi. Gərgin döyüşlərin getdiyi, şəhidlərin yuyulub kəfənləndiyi Çəmbərəkənddə torpağa verildiyi ağır günlərdən, Mart soyqırımı zamanı üzləşdiyi gərgin anlardan sonra Təzəpir yenidən siyasi mərkəzə çevrildi. Hacı Zeynalabdin Tağıyevin, Ağa Əlizadənin, Həbib bəy Mahmudbəyovun, Şəmsi Əsədullayevin qərarı ilə Bakının işğaldan azad edilməsi xəbərini, daha doğrusu müjdəsini vermək üçün məqam və məkan Təzəpir məscidi seçildi. Sentyabrın 16-na təsadüf edən Müjdə və Bayram namazı özündə ikinci bir müqəddəsliyi də ehtiva edirdi. Həmin gün Qurban bayramı idi. Hacı Zeynalabdin Tağıyevin Həbib bəy Mahmudbəyovun ümumi qərarı ilə birliyin, bütövlüyün rəmzi olaraq Təzəpir məscidinin axundu Ağa Əlizadə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Təzəpirin minbərinə qalxır və şəhər əhlinə gözaydınlığı verir, Qurban bayramı münasibəti ilə onları təbrik edir. Nuru Paşa və Ağa Əlizdə minbərdə təkcə milli birliyin deyil, həm də dini birliyin rəmzi olaraq əl-ələ tutub müjdə xəbərini şəhər əhlinə yetirirdi. Bu islamı şiə və sünni qanadına bölənlərə, türk dünyasını xanlıqlara, jüzünlərə, sultanlıqlara bölənlərə görk idi. 

Qanın kəsildiyi günün şərəfinə salınan “Qırmızı xalı”

Bakının işğalı uğrunda savaş əslində mart soyqırımları zamanı başlamışdı. Əhalinin gözünü qırmaq, onun əbədi istiqlala bağlı ümidlərini söndürmək, Bakı neftini əldə saxlamaq üçün maraqları kəsişən qüvvələr, erməni daşnakları, bolşeviklər, Sentrokaspi Diktaturası tarixi şəxsiyyətin üzərinə yeridilər. Soyqırımından 4 gün qabaq Hacı Zeynalabdin Tağıyevin başının özünə qarışdırılması, onun milli məsələlərdən uzaqlaşdırılması üçün Lənkəran Qarnizonunda xidmət edən oğlu Məhəmməd Tağıyevi qətlə yetirib şəhid edən bolşevik cəlladları soyqırımı günü ilk atəşi məhz Təzəpirə açdılar. Soyqırımından xilas olmaq üçün məsciddə sığınan müsəlmanların göz yaşına baxmayıb Təzəpiri qana boyadılar. Xəzər dənizindən atılan bomba nəticəsində Təzəpirin minbərinin bir hissəsi parçalandı. Tağıyevdən sonra Ağa Əlizadəni susdurmaq istəyən qüvvələr onların iradəsi ilə üz-üzə gəldi. Oğlu Məhəmmədin cəsədini Axund Ağa Əlizadənin rəhbərliyi ilə Təzəpirdə yuyulub kəfənləndiyi gün Hacı Zeynalabdin Tağıyev, Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi kimi qüdrətli şəxsiyyətlərlə milləti bəladan, daşnak təhdidlərindən xilas etmək üçün Duma və Quberniyanın üzvləri, rəsmi şəxslərlə görüşlərdə idi. Millətin atası məhz həmin görüşlərdən sonra çiynini oğlunun cənazəsinə verib Bakının ən uca zirvəsinə gətirir. Məhəmmədin şəhidlik zirvəsinə ucalmasından, Təzəpirdə yuyulub kəfənlənməsindən, Çəmbərəkənddə torpağa verilməsindən sonra, Mart soyqırımı qurbanları da, Təzəpirdə yuyulub kəfənləndi, Çəmbərəkənddə torpağa verildi. Əbədi istiqlal sevdasından, milli mənlik və milli kimlik uğrunda mücadilədən dönməyən, 1918-ci il mayın 28-də Tiflisdə “İstiqlal bəyannaməsi”nə imza atan, yoxdan bir dövlət qurub bayraq yapan istiqlal fədailəri 10 gün sonra Cümhuriyyəti ilk paytaxtı Gəncəyə köçürsə də, Bakıya, əsas paytaxta vara bilmirdilər. Qafqaz İslam Ordusunun gəlişi, Gəncədə Milli hökumətin ilk hərbi nazir Xosrov bəy Sultanovun, general Əliağa Şıxlinskinin və general Səməd bəy Mehmandarovun, general və polkovnik rütbəsi ilə milli ordunu şərəfləndirən, erməni daşnaklarını, Andranikin, Ozanyanın, Hamazaspın dəstələrini yerində oturdan igidlərin, Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşa Killigilin, Xəlil Paşa Kutun və onun qəhrəman əsgərlərinin iradəsi ilə işğaldan azad olunan Bakının xilasının müjdəsi rəsmi şəkildə həmin gün – sentyabrın 16-da İsmailliyə binasının önündə təşkil olunan mitinqdə elan olundu. Tədbirdə çıxış edən unudulmaz şəxsiyyətlər Cümhuriyyət qurucularının və Hacı Zeynalabdin Tağıyevin adından şəhər əhlinə gözaydınlığı verirdi. Ağa Əlizadə, Nuru Paşa, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Həbib bəy Mahmudbəyovun tarixi çıxışları üçün ünvan təsadüfən seçilməmişdi. Hacı Zeynalabdin Tağıyevin istəyi ilə Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaltdığı İsmailiyyə binası istiqlala uzanan yolun başlanğıcı idi. Həbib bəy Mahmudbəyovun rəhbərliyi, yenə də Hacı Zeynalabdin Tağıyevin diktəsi ilə burada Müsəlman Xeyriyyə Cəmiyyəti, Ağa Əlizadənin xahişi, Əli bəy Hüseynzadənin rəhbərliyi ilə Səadət Ruhani Məktəbi qurulmuşdu. “Kaspi” qəzetinin redaksiyası və mətbəəsi burada yerləşdirilmişdi. Bu qurumların hər birinin himayədarı, həm də icarədarı Millətin atası idi. Mart soyqırımı zamanı millətin gözünü qırmaq istəyən qüvvələr Təzəpirlə yanaşı onun da bir hissəsini dağıtmışdı. İsmailiyyəni oda-atəşə qalayan daşnakların, bolşeviklərin, Sentrokaspi Diktaturasının sentyabrın 16-da ağıllarına gəlməyənlər başlarına gəlmişdi. Hacı Zeynalabdin Tağıyevin iradəsi, Bakı əsilzadələrinin Əliağa Şıxlinski, Səməd bəy Ağayev, Nuru Paşanın, Ağa Əlizadənin, Həbib bəy Mahmudovun diktəsi ilə Bayram mitinqi İsmailiyyənin önündə təşkil edilmiş, məmləkətin düşmənlərinə, Bakı neftini zəli kimi sümürənlərə onu zor gücünə əldə saxlamaq istəyənlərə göz dağı verilmişdi.

İsmayıl gənc yaşında vərəm xəstələyindən, ağciyərindən getmişdi. Xəstəliyin əlamətindən xəbəri olanlar bilir ki, ruhu bədənindən qopan vərəm xəstələri son məqamda qan qusur. Sentyabrın 16-sı, Bakının işğaldan azad olunduğu gün türkün qəvi düşmənlərinin Qafqaz İslam Ordusu tərəfindən qan qusdurulduğu gündü.

“Qırmızı xalı”dan üç Paşa keçdi…

İsmailiyyənin önündə təşkil olunan mitinq zamanı yerə Qırmızı Xalı döşənmişdi. Burada sərilən xalı Tağıyevin malikanəsində tamamlanmışdı. Mitinqdən sonra Tağıyevin istəyi ilə həmin Qırmızı xalıdan Nuru Paşa, Xəlil Paşa, Rüştü Paşa və onların qəhrəman əsgərləri keçmişdi. Həmin gün Osmanlıdan Gəncəyə, Gəncədən Bakıya gələn Vətən torpaqlarını qarış-qarış yağılardan təmizləyən mücahidlərin, sərkərdələrin şərəfinə Tağıyevin malikanəsində süfrələr açılmış, ziyafətlər verilmiş, ayaqları altında qurbanlar kəsilmişdi.

Bu özəl və gözəl, Tanrıya xoş gedən gündən, Qurban bayramına təsadüf edən sevinc dolu gündən sonra Cümhuriyyət Gəncədən Bakıya köçmüş, məşhur xanəndə, neft milyonçusu – mesenat Seyid Mirbabayevin malikanəsində qərar tutmuş, Cümhuriyyətin bayrağı Gəncədən, Şeyxzamanovların malikanəsindən sonra Mirbabayevin mülkündən, Xəzərin yaxasından, Neft Şirkətinin – SOCAR-ın indiki binasından “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə Göy üzünə sərilmişdi.

Azərbaycan xalqı düz 70 il vətənin bütün guşələrində türk şəhidlərinin məzarını göz bəbəyi kimi qorudu. Müstəqilliyə nail olduqdan sonra isə ilk ucaltdığı iki abidə oldu: Türk Şəhidliyi Kompleksi və “İstiqlal” abidəsi.

Bakının işğaldan azad olunmasının 100 illiyi şərəfinə paytaxtda təntənəli paradın təşkili, mərasimdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Osmanlı qiyafəsində əsgəri heyətin möhtəşəm keçidi qarşıdan gələn 2020-ci ilin əzəmətli Zəfərinə inanmayanlara görk idi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Bakının işğaldan azad olunmasının sevincini Şuşa qalasında yaşadı. Qaladan ucalan üç ölkənin – Azərbaycanın, Türkiyənin və Pakistanın bayraqları türk-müsəlman qüdrətini, əzəmətini dünyaya nümayiş etdirdi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sentyabrın 15-i Azərbaycanda hər il olduğu kimi bu dəfə də minlərlə şagirdin və tələbənin məktəb partasına, auditoriya sıralarına

Ən son

GÜNDƏM

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

GÜNDƏM

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin