Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Xurşidbanu Natəvan – Qarabağın incisi

Xurşidbanu Natəvan, İsa Bulağı, Qarabağ

XIX yüzildə Qarabağda, Topxana düzündə, İsa bulağında, milli musiqimizin konservatoriyası adlanan Şuşa qalasında dünyaya gələn Xan qızı Xurşidbanu Natəvanla xalqımız hər zaman olduğu kimi, bu gün də qürur duymaqdadır.

O, gəlişi ilə təməlini Pənahəli xanın qoyduğu Şuşa qalasına, İbrahimxəlil xanın yadigarı, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın ocağına bir dünya işıq gətirmiş, xeyirxahlıq və nəcibliklə dolu bir ömür yolu yaşamışdır. Poetik deyimləri, könülləri fəth edən qəzəlləri ilə ədəbiyyatımızı və poeziyamızı zənginləşdirmişdir.

Xurşidbanu Natəvan əbədiyyət heykəli olan kədəri ilə Qarabağın, Şuşanın hicran tağına döndü. Xan qızı Xurşidbanu Natəvan  dünyaya gələnə qədər Qarabağ çox bəlalardan keçmişdi. Tarixin bütün dönəmlərində başı bəlalı bu torpaq xaqanların, sərkərdələrin döyüş meydanına çevrilmiş, dünya fatehlərinin sınağına çəkilmişdi.

Məhz bu torpaq Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Cəlaləddin şahın, Hülakü Qazan xanın, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, rus çarlarının yollar yorğunu olan qoşunlarının qanından lalələr cücərtmiş, gül qoynunda Xarıbülbüllər bitirmişdi. Şuşanın dar dalanlarına, tarixin qırışları çökən çopur daşlarına onun qala divarlarında, Fətəli şahın sarayında girova çevrilən Xan qızı Ağabəyim Ağanın Şuşa qalasına sarı söylədiyi bayatıların kədəri hopmuşdu.

Xurşidbanu dünyaya gələndə Qarabağ xanlığının, bütövlükdə Azərbaycanın ağır illəri idi. Artıq iki il idi ki, Azərbaycan Gülüstan müqaviləsi ilə ikiyə parçalanmışdı.

Xurşidbanu Natəvan 1828-ci ildə Gülüstan kəndində parçalanan Azərbaycanın bu böyük möhnətini, bibisi Ağabəyim Ağa Ağabacının, Azərbaycanın bütövlüyü uğurunda rus imperiyası ilə mübarizədə şəhidlik zirvəsinə ucalan babası Cavad xanın, nənəsi Bəyimxanımın ruhunu cisminə geymişdi.

Xurşidbanu Natəvan, İsa Bulağı, Qarabağ

Qacarlardan nişanə

1830-cu ildə Xurşidbanu Natəvanın dünyaya gəlişi Cavad xanın nəvəsinə anası Bədircahan xatuna, atası Mehdiqulu xana bir dünya sevinc gətirmişdi. Lakin Xan qızı özünü anlayandan, dərk edəndən dərdin və qəmin ortağı, kədərin və hicranın göynəyi oldu. Şuşa, Gəncə saraylarının ənənələrini, vətən, torpaq sevgisini, vətənpərvərlik hissini atası Mehdiqulu xandan, anası Bədircahan xatundan öyrənən XurşidbanuŞuşa qalasında saray əyanları və əsilzadələr üçün təşkil olunan məktəbdə təlim-tərbiyə almışdır. Ana dili ilə yanaşı, ərəb, fars dillərini öyrənmiş, bu dillər ilə klassik Şərq, rus və Avropa ədəbiyyatı və ədibləri ilə tanış olmuşdu. Xurşidbanu musiqinin, rəssamlığın, poeziyanın sirlərinə də burada yiyələnmişdi. Genindən, soyundan gələn fitri istedad, bədahətən şeir demək qabiliyyəti ona ilahidən verilən nemət idi. Tikmələri, rəsmləri, ədəbi əsərləri, şeirləri və qəzəlləri ilə hələ gəncliyindən “Natəvan” təxəllüslü Xurşidbanu Azərbaycanda olduğu kimi, Rusiyada, Şərqdə də tanınır və sevilirdi. Tale Xurşud Banuya bibisi Ağabəyim Ağa Ağabacıdan, əmisi oğlu Nəvvabdan, dayıları Halı və Müsahibdən ona irsən keçən, duyduqlarını, gördüklərini sözə köçürmək kimi qeyri-adi istedad nəsib etmişdi. Xan qızı bu istedadı sonralar cəmiyyəti, mühiti, Qarabağın axar-baxarlı təbiətini, laləli nərgizli yaylaqlarını, dağların boynuna kəmər kimi dolanan yolların intizarını, mirvari gözlü bulaqların pıçıltısını fırçasının və qələmin gözü, rəngin dili ilə kətana və ağ vərəqlərə köçürmüşdür.

Siyasi nikaha məhkum edilən Vərəsə

Rus imperiyasının siyasi mərkəzlərində İran, Türkiyə, Azərbaycan münasibətlərində münaqişə ocağı kimi qorunan Qarabağın faciəsi Xan qızı Xurşidbanu Natəvandan öncə yazılmışdı. Babası İbrahimxəlil xanın aldanaraq Rusiyaya üz tutması Qarabağın qara günlərinə rəvac vermişdi. Azərbaycanı gələcəkdə bütünlükdə parçalamaq, əyalətlərindən birinə çevirmək məqsədilə XVIII əsrin sonlarından başlayaraq müxtəlif xarici dövlətlərdən Qarabağa erməni ailələri köçürən rus imperiyası Qafqazda, xüsusən də Qarabağda daşnak siyasəti yürütməklə onun sonrakı ağrılarının təməlini qoyurdu. Sonralar Qarabağı bütünlüklə Rusiyanın təsirinə salmaq məqsədilə, Mehdiqulu xanın varisi Xurşidbanu Natəvanın Qafqaz canişinliyindəki nümayəndələrindən biri olan dağıstanlı knyaz Xasay xan Usmiyevlə nikaha vadar edilmişdi. Bununla da Qarabağın üsul-idarəsi Xan qızından qoparılaraq knyaz Xasay xan Usmiyevə həvalə edilmişdi. Bu uğursuz və könülsüz nikahdan Xurşud Banunun iki şair qəlbli övladı – Mehdiqulu və Xanbikə dünyaya gəlsə də, onun sınıq qəlbi düzəlməmişdi. Lakin Qarabağ xanlığını və Şuşa qalasını işğal edən Rusiya İmperiyasının gücü Xan qızının iradəsi önündə çökməyə məcbur olmuşdu. Xurşidbanu Natəvan Qarabağ xanlığını, əhalisini xilas etmək üçün uzun sürən münaqişədən sonra Xasay xan Usmiyevlə olan məcburi evliliyindən xilas olmuşdu.

Ömrünü övladlarının tərbiyəsinə və Qarabağın dirçəlişinə həsr edən Xurşidbanu Natəvan     susuzluqdan əziyyət çəkən Şuşaya Sarıbaba dağından su çəkdirmiş, yol saldırmış, Xan qızı bulağının təməlini qoymuş, vergiləri azaltmaqla əhalini ağ günə çıxarmışdır. Sarayında sənəti, mədəniyyəti, sənət-söz adamlarını himayə edən, “Məclisi-üns” və “Məclisi-fəramüşan” ədəbi məclisini himayə edərək böyük bir ədəbi nəsil yetirmişdir. Bu ədəbi məktəb isə öz növbəsində musiqinin və muğamların kamilləşməsinə, Lənkəranda, Şamaxıda, Bakıda “Məclisi-üns”ü xatırladan məclislərin inkişafına təkan vermişdi. Onun xeyirxahlıqdan, nəciblikdən, maarifçilikdən, elm-ürfandan təməli qoyulan bu ideyalarını dövrünün görkəmli ziyalıları, müqtədir sənətkarları Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani təqdir edər, adına şeirlər, şeirlərinə nəzirələr yazardılar. Bu səbəbdən də Şərqin qüdrətli alim, şair və sənətşünasları, musiqi biliciləri, söz xiridarları olan Fatma xanım Kəminə, Mir Mövsün Nəvvab, Rza Ələddin ibn Fəxrəddin öz əsərlərində, kitablarında Xan qızı Xurşidbanu Natəvana xüsusi səhifələr həsr etmişlər. “Məclisi-üns” və “Beytüş-Şəfa” ədəbi məclislərinin üzvləri isə cismani yoxluqdan sonra belə onu “Ədiblər bağçasının sultanı” saydılar. Xurşidbanu Natəvan ömrünü varlığı, ruhu, duyğuları və sevgiləri ilə bağlandığı Qarabağın iqtisadi, sosial və mədəni inkişafına, elmin yayılmasına həsr etmişdir. Üzeyir Hacıbəyov kimi böyük istedadı “Qurani-Kərim”in altından keçirərək xanlığın vəsaiti hesabına oxumağa göndərmişdir.

Xurşidbanu Natəvan, İsa Bulağı, Qarabağ

Beynəlxalq sərgilərin qalibi

Xeyirxahlıq, nəciblik nümunəsinə çevrilən, Qara-bağa maarif işığı gətirən bu kövrək qəlbli şairə və İstedadlı rəssam, həm də möhtəşəm sərgilərin qalibi olmuşdu. 1867-ci ildə Paris dünya sərgisinə, 1849-cu ildə Moskva, 1882-ci ildə Tiflis bədii-kənd təsərrüfatı sərgisinə qatılan Xan qızı Xurşidbanu Natəvan məşhur Qarabağ atları, bədii zövqlü əl işləri, Qarabağda becərilən taxıl növləri, Qarabağın maddi-mədəni incilərini əks etdirən sənət əsərləri ilə birincilik qazanmış, qızıl medallara, tərifnamələrə layiq görülmüşdü. Bütün bunlara, bu böyük uğurlara O, Qarabağ eşqinə çatmışdı. Qarabağ sevgisi onu özgə nikahdan, knyaz ehtiramından üz çevirməyə, şair qəlbli bir şuşalıya Seyid Hüseynə könül verməyə sövq etmişdi. Xan qızının bu sadə, lakin ülvi sevgisində də siyasət, özü də incə bir qadın siyasəti var idi. Xurşidbanu Natəvan qüdrətli bir xalqın Azərbaycan xalqının övladı idi. Bu övlad adi bir vətəndaş deyildi! Xan qızı idi, xanlığın vərəsəsi idi. Varlığı, şəxsiyyəti, sevgisi belə digərlərinə nümunə idi!

Avropanı Şərq müdrikliyi önündə heyrətləndirmişdi

Tale, alın yazısı onu çox sınaqlardan, imtahanlardan çıxarmışdı. Dərdin, sevginin, ağrının və uğurun hər üzünü ona göstərmişdi. Dövrünün qüdrətli ictimai-siyasi xadimi, müdrik şəxsiyyəti olan Xan qızı Xasay xan Usmiyevlə olan izdivacından imtina etməklə vətənpərvərliyini və böyük vətən sevdasını bir daha sübut etmişdir. 1858-ci ildə Qafqaza səyahəti zamanı Bakıda Xasay xan Usmiyevin iqamətgahında qonaq olan fransız yazıçısı ata Aleksandr Düma ilə görüş zamanı şahmatdakı gedişləri ilə onu heyrətləndirmişdi. Əslində Xan qızı Xurşidbanu Natəvan     bununla Avropanı Şərq müdrikliyi önündə heyrətləndirmişdi. Aleksandr Dümanı zahiri gözəlliyi ilə ovsunlayan Xurşidbanu Natəvan     zərif əl işləri, tikmələri, rəsmləri və qəzəlləri ilə də onu valeh etmişdi. Xan qızının gözəlliyindən, müdrikliyindən heyrətlənən səyyah fiqurları ilə birgə şahmat taxtasını ona hədiyyə etmişdi. A.Düma gördüklərini isə “Qafqaza səyahət əsərində səmimiyyətlə belə dilə gətirmişdi: “Mənim dəvət olunduğum evdəki məclisdə iki knyaz qadını və onlardan birinin əri Xasay Usmiyev iştirak edirdilər. Onlar bizi çox ehtiramla qarşıladılar. Bu knyaz qadınlarından biri Mehdiqulu xanın arvadı və o biri isə onun qızı idi. Hər ikisi milli paltar geymişdi. Qızı bu paltarda olduqca cazibədar görünürdü…”

Xurşidbanu Natəvan, İsa Bulağı, Qarabağ

Zəmanə onu övlad dağını da daşımağa məhkum etmişdi

Ömrü boyu insanlara səadət bəxş edən, xoşbəxtliyi onların sevincində görən Xan qızı təkcə siyasi quruluşun, zəmanənin, nakam məhəbbətin acılarını dadmamışdı. Zəmanə onu övlad dağını da daşımağa məhkum etmişdi. Seyid Hüseyndən dünyaya gələn övladı Mir Abbası 17 yaşında itirəndən sonra ömrünü tənhalıq və göz yaşı içərisində başa vurmuşdu. Dərdini, qəmini sözə köçürmüşdü:

Zamanın, quruluşun və Çar Rusiyasının çökdürə bilmədiyi Natəvanı oğul dağı çökdürür, onu dərmansız dərdə mübtəla edir. Beləcə xeyirxahlıq və nəcibliklə dolu qəlb 67 yaşında 1897-ci ildə əbədi olaraq susur. Onun cismi Qarabağın Xarıbülbülünə qoşularaq Ağdam torpağına – Qarabağ xanlarının uyuduğu “İmarət – Qərvənd” müqəddəsliyinə qarışır.

Millətin ölməyən ruhu!

30 illik dəhşətli intizardan, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra işğaldan azad olunan Qarabağda nigaran ruhların şad olunduğu iki məqam da yaşandı. Onun biri “Güllələnmiş heykəllər”in sırasında Xurşidbanu Natəvanın abidəsinin qəsrinə dönüşü, digəri isə “İmarət – Qərvənd”də viran edilmiş məzarının bərpa edilməsi idi.

Erməni daşnaqları 30 illik işğal dövründə Pənahəli xanın məzarı ilə bilikdə onun törəsinə aid olanların hər birinin sümüklərini belə çıxarıb apardı. Apara bilmədikləri bir müqəddəslik oldu. Millətin ölməyən ruhu! Pənahəli xan da, Molla Pənah Vaqif də, Ağabəyim ağa da, Xurşidbanu Natəvanda Azərbaycanın Qarabağ adına sönməyən günəşi, ölməyən ruhudur. “Millət ölər, dirilər, hətta məzarı sökülüb, viran edilər də, kaş millət də ruh ölməsin!”

Bu gün Xurşidbanu Natəvanın – Qarabağa xanlığının son vərəsəsinin xatırlanan günüdür. Onun hüzura qovuşan ruhu dirçələn, tikilib-qurulan Qarabağın səmasında cövlan edir.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda avqustun 8-də 41 dərəcə isti olacağı gözlənilir.