Ötən əsrin 90-cı illərində Qarabağın köynəyini sıxanda qan damırdı. Bütün Azərbaycan üzü qibləyə deyil, Qarabağa yatırdı. Düşüncəli insanların, qələm sahiblərinin isə üzünü Naxçıvana, Nuhun çıxdığı torpağa, Ulu Öndər Heydər Əliyevə idi. Hər kəs Vətənin xilasını onun Qayıdışında, xilaskarlıq missiyasını öz üzərinə almasında görürdü. Akademik Ziya Bünyadov, SSRİ xalq artisti Zeynəb Xanlarova, “dünya sənin, dünya mənim, dünya heç kimin” nidası ilə tarix yaradan Məmməd Araz, Niyaməddin Musayev, Bəxtiyar Vahabzadə və 91-lər hərəkatını quran ziyalıların gözü yolda, könlü səsdə idi. İki qiymətli qələm sahibi şair var idi ki, onlar 30-cu illərin dəhşətli repressiyalarının, bolşevik terrorunun qurbanı olmuş ailələrdən gəlirdilər. Onun biri Mirvarid Dilbazi, digəri Əzizə Cəfərzadə idi. Çar canişini Mirvarid Dilbazinin babası Dilboz ağanın atına göz qoyub, onu mülkünə göndərməyi tələb edir. Dilboz ağa “Bizdə at, övrət, torpaq qədər müqəddəsdir. Onu bizdən istəyənlərin üstünə silah çəkib gələrik”, – deyə xəbər yollayır. Qəzəblənən çar cəlladı Dilboz ağanın hər iki gözünü çıxarır, dünya işığından məhrum edir. Əzizə Cəfərzadənin qardaşı Əhməd Cəfərzadəni isə 30-cu illərin qara yelləri aparmışdı. O, dövrün məşhur simaları ilə birlikdə bolşevik Rusiyasına qarşı savaşmış, Cümhuriyyət qurucularının və Qafqaz İslam Ordusunun yanında olmuşdu. Mirvarid Dilbazi və Əzizə Cəfərzadə belə bir ağrılı yaddaşa sahib olduğundan onların 30-cu illərdə çap olunan əsərləri də Əliheydər Qarayevin, Dadaş Bünyatzadənin iradəsi ilə ortadan yığışdırılmışdı. Hər iki qələm sahibini Səməd Vurğun qorumuşdu. Bu səbəbdən də, həm Mirvarid xanım, həm də Əzizə xanım Əbədi istiqlalın bir daha əldən getməməsi üçün üzünü Naxçıvana, Ulu Öndər Heydər Əliyevə tutub ona “Əzizim, qayıt gəl, Azərbaycanın nicatı səndədir”, – deyə məktub ünvanlamışdılar. O dövrün bir qrup vicdandan uzaq “qələm sahibləri” hər iki yaradıcı insanın ünvanına hədyan dolu məqalələr yazdılar. “Burunlarına halva iyi gəlir. Fəxri xiyaban istəyirlər”. Elə olmadı. Hər iki ustad qələm sahibi dünyasını dəyişəndə onların balışının altından vəsiyyət məktubu çıxdı. Əzizə xanım Cəfərzadə Hacıqabulda bəraətdən sonra Şamaxıda yaşamaq hüququ əlindən alınan qardaşı Əhməd Cəfərzadənin yanında, Mirvarid xanım isə Qazaxda Dilboz ağanın Sərdabəsində, babasının və anasının yanında dəfn olunmağı arzulayırdılar. Bu onların ünvanına həqarət yazanlara da, onların yurd-yuvasını 30-cu illərdə tarimar edənlərə, çar cəlladlarına da verilən ən gözəl dərs idi.

Fəxri xiyabanın yolu Qarabağdan keçəydi
Abad məmləkət yolundan, bazarından, qəbiristanlığından bəlli olur deyirlər. 30 il bundan öncə Azərbaycanın üzərinə səlib yürüşünə çıxanlar İpək yolu boyunda yerləşən Qarabağda, Şərqi Zəngəzurda nə şüşə kimi hamar yollar, nə dopdolu çarşı-bazarlar, nə də min illərin yaddaşını özündə yaşadan məzarlıqlar qoydular. Hər yer xarabazara döndü. Ağdamın, Şuşanın Ağban evləri ruhların şəhərinə çevrilən məmləkətə ağı dedi. İçərisində olduğumuz ayda iki ustad sənətkarı – xalq artisti Arif Babayev və xalq yazıçısı Elçinlə vidalaşdıq. Könül istərdi ki, hər iki ustad sənətkarın balışının altından “cənazəmi Qarabağa, hüzura qovuşan, naşad könlü şad olan Qarabağa aparın”, – deyə məktublar çıxaydı. Onların Ağdama, Füzuliyə dönən cənazəsi ruhlarda bir başqa “Seygah”ın, “Qarabağ şikəstəsi”nin, “Arazbarı”nın səslənməsi olardı. Həm də bunun səsi bərk çıxardı. Bu gün hələ də Qarabağ iddiasından dönməyənlərə Osmanlı tokatı olardı. Dünya Arif Babayevi, Elçini bizdən, özümüzdən yaxşı tanıyır. Onların çiyinlərdə Qarabağa dönüşü çiyinlərində dünyanı dolandıqları Vətənin – Qarabağın milli kimliyi üçün bir göstəri olardı.
Bu gün Şuşaya gələnlər Molla Pənah Vaqifin məqbərəsini ziyarətlə başlayır, Bülbülün ev muzeyində nəfəs dərir. Bülbülün oğlu dünya şöhrətli Polad Bülbüloğlu atasının irsi, şəxsiyyəti haqqında dünyanın məşhur simalarına məlumat verir. Bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanı üçün ən gözəl təqdimatdır.

Arif Babayev də, Elçin də yaradıcı dünyaları ilə ruhumuzun qida yeri oldular. Elçin Bakıda, Arif Babayev Ağdam dünyaya gəldi. Arif Babayevin İmarət Qərvənddə, Şahbulaq qalasının ətəyində, Pənahəli xanın özünün və törəsinin uyuduğu məkanda, torpaq müqəddəsiliyinə qovuşması Fəxri xiyabanın Bakıdan İmarət Qərvəndə köçməsi olardı.
“Köç”ü, “Dəyirman”ı, “Səs”i, “Fatehlərin divanı” ilə bir dünya olan Zəngəzurlu Mövlud Süleymanlı Şamaxıda anasının yanında dəfn olunmaq istədi. Akademik Mirzə Feyzulla Qasımzadə, Əlibaba Məmmədov, Ağaxan Abdullayev kimi ustad sənətkarlar, mütəfəkkir alimlər dünyasını dəyişəndə vəsiyyət etdilər ki, doğulduqları kənddə dəfn etsinlər. Onlar “Vətən doğulduğun köydən başlayır” nidasına tapındılar. Dünyanın ən böyük hörmətinin, şöhrətinin, sərvətinin də doğulduğun köyə, yosmaca evlərə bağlı olduğunu sübut etdilər. Axı orda bizim əzizlərimizin ruhu dolanır.
Şöhrətin bütün çələnglərini başına qoyan Xalq artisti Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində, Xalq yazıçısı Elçin Əfəndiyevlə isə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təşkil olundu. Hər iki unudulmaz sənətkarın son ünvanı isə Fəxri Xiyaban oldu. Məkanları cənnət, məqamları uca olsun!
Şərəf Cəlili