Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2025

Paylaşın

MEMARLIQ

Yeni dövrün teatrı – Mədəniyyətlər arasında körpü olan ÜNS

Hazırda Bakının mərkəzində Azərbaycanın ən qeyri-adi teatr səhnələrindən biri – “ÜNS Yaradıcılıq Səhnəsi” parlayır.

Bakı-baku.az saytının məlumatına görə, “ÜNS” – bu günə qədər Azərbaycanda analoqu olmayan, tamamilə yeni bir mədəni mövcudluq formasıdır. Memarlıq – şüşə və poladdan bir heykəl kimi, repertuar – dünya və milli mənaların palitrası, ab-hava isə zamanın nəfəsi kimidir.

Azərbaycan mədəniyyətində forma və məzmun baxımından yeni bir model olan “ÜNS Yaradıcılıq Səhnəsi” 2006-cı il aprelin 22-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Bu açılış əsl bir mədəni manifestə çevrildi: sənət – canlı, cəsarətli, yenilənmiş şəkildə şəhərə qayıdır ki, müasir insanla danışsın.

Azərbaycan mədəniyyət salnaməsində yeni bir səhifə açan bu mədəniyyət ocağı bu günə qədər tamaşaçılara bir-birindən fərqli onlarca tamaşa və rəngarəng kompozisiyalar təqdim edib.

Bu mədəni layihə, görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunub. Layihənin ideya istiqamətlərindən biri də Şərq və Qərb mədəniyyətlərinin sənət və mədəniyyətdə bədii əksinin nümayiş etdirilməsidir. “ÜNS Yaradıcılıq Səhnəsi” layihəsinin müəllifi və rəhbəri – professor Nərgiz Paşayevadır. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycan teatr sənətinin zəngin irsinə əsaslanaraq onu müasir səviyyəyə çatdırmaq, ənənə və yeniliyi bir araya gətirməkdir.

“ÜNS” teatrını digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun binasının dizaynı, ümumi görünüşü və interyeridir. Vestibül kiçik həyətlə vəhdət təşkil edir. Tamaşaçı teatra daxil olan kimi həm milli, həm də ümumbəşəri ideyalar, mədəniyyət və incəsənətlə qarşılaşır. Qeyd etmək lazımdır ki, binanın ötən əsrin əvvəllərinə aid hissəsinin yenidən layihələndirilməsi Oqtay Səttərov tərəfindən həyata keçirilib. Metal konstruksiyalar teatrın girişinə xüsusi cazibə qatır. Hər iki vestibüldə nümayiş olunan müasir incəsənət əsərləri və obrazlı, düşündürücü rəsmlər tamaşaçılarda dərin təəssürat yaradır. Teatr binasının qarşısında və foyedə yerləşdirilmiş heykəltəraşlıq nümunələri xalq rəssamı Fuad Salayevin işləridir. Bu əsərlərdə poetik və satirik obrazlar ustalıqla işlənmişdir.

19 il əvvəl teatrın açılış mərasimində layihənin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva teatrın yaradılma səbəblərini belə izah etmişdi:

“Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış və ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra məktəb və ənənə qoymuşlar. “Üns Yaradıcılıq Səhnəsi”nin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni və yeniliyi birləşdirməkdir”.
Qısa müddət ərzində repertuarı ilə Azərbaycanın mədəni həyatında özünəməxsus yer qazanan “ÜNS” teatrı səhnədə və sənətdə Şərq və Qərb qanadlarının sintezini nümayiş etdirə bilib. Teatrın hər bir tamaşası teatrsevərlər üçün əsl bayrama çevrilir. Elçin əsərlərinə qurulan səhnə işləri, Eduard Radzinski və Sergey Yurski ilə görüşlər, “Helikon-opera”nın tamaşaları, Robert Sturua və Roman Viktük kimi rejissorların səhnə əsərləri, eləcə də bir çox digər yaradıcılıq axtarışları tamaşaçılar üçün teatrı daha da maraqlı edib.

Ticarət məqsədi güdməyən bu layihə ideyaların, fikirlərin və mənəvi ehtiyacların reallaşdırılmasını qarşısına məqsəd qoysa da, teatr tamaşalarına üstünlük verilməklə yanaşı, burada ədəbi-bədii gecələr, maraqlı simalarla görüşlər və maarifləndirici tədbirlər də keçirilir. Çünki bu teatr bir çox mədəniyyət növləri və janrlarının təcəssüm etdiyi bir məkandır.

“ÜNS” öz ideyasına görə sadəcə bir teatr deyil, intellektualların ünsiyyət məkanıdır.

Hacı Cavadov

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb