Nəşr edilmişdir 11/20/2024

Paylaşın

TARİX

Xan qızı Ağabəyim ağanın bəxtsiz taleyi

Tarixi məlumatlara görə, Qarabağ xanı İbrahim xanın doqquz qız övladı olmuşdu ki, onlar arasında Ağabəyim ağa və Gövhər ağa öz ədəbi, ictimai fəaliyyətləri ilə Azərbaycan tarixində minnətdarlıqla xatılanan xanımlara çevrilmişlər. Gövhər ağanın ictimai-xeyriyyəçilik fəaliyyətinin bariz nümunəsi olan Gövhər ağa məscidi günümüzə qədər gəlib çatmaqla bu gün də Şuşa şəhərinin simvollarından biri sayılmaqdadır. Ağabəyim ağa isə şair təbitəli bir xanım olmuş və çox zəngin bir ədəbi yaradıcılıqla məşğul olmuşdur. Ağabəyim ağa İbrahim xanın qızlarının ən böyüyü idi. 1780-ci ildə (bəzi məlumatlara görə isə 1782-ci ildə) anadan olan Ağabəyim ağa taleyin qisməti ilə həyatını qürbətdə keçirməli və öz ədəbi yaradıcılığını da qürbət həsrəti ilə aparmalı olmuşdu.

Bu xanımın həyatı haqqında məlumatlara keçməzdən əvvəl bir məsələyə aydınlıq gətirilməsi yəqin ki, oxucular üçün də maraqlı olardı. Bu da həm Ağabəyim ağanın, həm də Gövhər ağanın adlarının qarşısında kişilərə müraciət forması kimi qəbul olunmuş “ağa” sözünün işlənməsidir. Məlumdur ki, azərbaycanlılar arasında çoxlu sayda “ağa” sözü ilə başlanan və ya qurtaran şəxs adları vardır. Qonşu İranda isə kişilərə müraciət etiketi kimi “ağa” sözündən istifadə olunmaqdadır. Amma bu “ağa” yazılış və tələffüz baxımından Ağabəyim ağa və Gövhər ağa adlarındakı “ağa” sözü ilə oxşarlıq təşkil etsə də, məna baxımından fərqlidirlər. Bu sözlər fars və ərəb dillərində fərqli şəkildə yazılırlar. Kişi adlarında istifadə olunan “ağa” sözü “ آقا ”, Ağabəyim ağa adındakı “ağa” sözlərinin hər ikisi “ آغا” kimi yazılırlar. Ərəb dilində bu sözlərin tələffüzündə aydın bir fərq vardır. Fars və Azərbaycan dilində isə bu sözlərin tələfüfz fərqləri hiss olunmur. Bu sözlər əslində, qədim türk sözləridir. Onlar ərəb və fars dillərindən yenidən Azərbaycan dilinə qayıtmışdır. Çox güman ki, qədim türk dilində də bu sözlərin tələffüzündə fərqlər olmuşdur. Kişi adlarında işlənən “ağa” sözü elə qədim türk dilində də “kişi” mənasında istifadə olunmuşdur. Qadın adları üçün qəbul olunan və ərəb qrafikas ilə fərqli yazılışı olan “ağa” sözü isə qədim türk dilində “qadın, xanım” mənasında islənmişdir. Vaxt ötdükcə bu sözün qadın adlarına əlavə edilməsi təcrübəsi aradan qalxmışdır. Ona görə onların çox nadir nümunələri günümüzə gəlib çatmışdır. Məsələn, Ağabəyim, Ağabacı kimi adlarda bunu görmək mümkündür. “ آغا” (ağa) sözündən ədəbi-tarixi əsərlərdə həm də şah saraylarında axtalanmış, kişilikdən salınmış adamlara müraciətdə də istifadə olunmuşdur.

Bir sözlə Ağabəyim ağanın və Gövhər ağanın adlarındakı “ağa” sözü əslində, xanım mənasında işlənməklə, bizə qədim türklərdən qalmış bir ifadədir.

1797-ci ildə Qacar şahı Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetirildikdən sonra Qarabağ xanı İbrahimxəlil xan ehtiyat edirdi ki, Qacar qoşunları yenidən böyük saylı qoşunla xanlıq üzərinə hücum edib bu xanlığın müstəqilliyinə təhlükə yarada bilər. Ona görə İbrahimxəlil xan Qacar sarayı ilə ehtiyatlı münasibətlər qurulmasına, şah sarayı ilə müəyyən münasibətlər yaradılmasına çalışırdı. Dövrün tarixi şəraiti də bunu tələb edirdi. Çünki bir tərəfdən Qarabağ xanlığı yenicə Qacar qoşunlarının hücumunun dağıntılarına məruz qalmışdı. Digər tərəfdən də bir neçə il davam edən quraqlıq Qarabağın müqavimət gücünü xeyli zəiflətmişdi. Belə bir şəraitdə Qacar qoşunlarının yeni hücumuna məruz qalmaq Qarabağ xanlığı üçün ağır nəticələrlə başa çata bilərdi. Ona görə də İbrahim xan tədbirlilik göstərərək Fətəli şahla münasibətlərin normallaşdırılması və bununla da Qarabağa qarşı istiqamətlənə biləcək təhlükənin sovuşdurulması imkanından istifadə etmək istəyirdi.

İbrahimxəlil xanın Qacar sarayı ilə münasibətlərin yaxşılaşdırılması üçün gördüyü tədbirlərdən biri qızı Ağabəyim ağanı Fətəli şahın kəbinliyinə verməsi idi. Mövcud məlumatlara görə, İbrahim xanın qızı Ağabəyim xanımı əvvəlcə Fətəli şaha vermək istəmirdi. Yeddi ay bu məsələ ətrafında fikirləşdikdən sonra o belə bir qərar qəbul etməli oldu. Çox güman ki, bölgədə baş verə biləcək siyasi dəyişikliklər onu belə bir addım atmağa sövq etmişdi. İbrahim xan Rusiyanın yardımlarına arxayınlaşmağın mümkün olacağına da ümid edirdi. Bununla bağlı o, Rusiyanın Gürcüstan sarayındakı naziri Kovalenskiyə məktub göndərdi və Rusiyaya sədaqətli olmaq qərarını açıqladı. Amma Rusiyanın Gürcüstandakı nümayəndəsindən cavab alınmadı. Çünki Gürcüstan daxilində siyasi münasibətlər kifayət qədər stabilləşməmiş, Rusiyanın Cənubi Qafqaz siyasətinə tam aydınlıq gətirilməmişdi. Belə olanda, İbrahim xan Qacar şahının tələbini yerinə yetirməli oldu. O, qızını Fətəli şahın hərəmxanasına, oğlu Əbülfət bəyi isə girov kimi Qacar sarayına göndərdi.

Fətəli şah onun yanına girov kimi göndərilmiş Əbülfət ağaya ehtiram göstərdi, onu sarayın hörmətli şəxslərindən biri səviyyəsinə qaldırdı. Əbülfət ağa Qacar qoşunlarının sərkərdələrindən biri kimi, hərbi yürüşlərdə iştirak etdi. Sonrakı bir neçə il ərzində İbrahim xanla Fətəli şah arasında xoş münasibətlər davam etdi və hər il Fətəli şah həm İbrahim xana, həm də onun oğlu Məhəmməd Həsən ağaya qiymətli hədiyyələr göndərdi.

Ağabəyim ağaya gəldikdə isə o, Qacar sarayında nüfuzlu bir məqama yüksələrək öz vətənini və ailəsini həmişə xoş duyğularla anmışdı. Fətəli şahın oğlanlarından olan Ezədüddövlə Soltan Əhməd Mirzənin “Tarix-e Ezədi” xatirələr kitabında İbrahim xanın qızı Ağabəyim ağa haqqında maraqlı məlumatlar mövcuddur. Həmin məlumatlar Ağabəyim ağanın Fətəli şah hərəmxanasındakı həyatı ilə bağlıdır. Soltan Hüseyn Mirzə yazır ki, şahın baş hərəmi Tacüddövlə xanım hərəmləri arasında xüsusi hörmət və ehtirama malik idi. Tacüddövlə xanım otağa daxil olanda oradakı digər hərəmlər ayağa qalxar və ona ehtiram nümayiş etdirərdilər. Tacüddövlə xanım isə Ağabəyim ağaya qarşı belə ehtiram nümayiş etdirirdi. Ağabəyim xanımın daxil olduğunu görəndə Tacüddövlə xanım dərhal ayağa qalxar və ona ehtiramını göstərərdi. Ağabəyim xanımın nədən belə bir ehtiramla qarşılandığını Soltan Hüseyn Mirzə yazmır. O, Ağabəyim ağanı ciddi bir xanım olduğunu, yanında kimsənin ədəbdən kənar hərəkət etməyə cəsarət etmədiyini qeyd edirdi. Ağabəyim ağa əvvəlcə Tehranın şimal hissəsindəki Şəmiran adlı yerdə, İmamzadə Qasım türbəsinin yaxınlığında tikilmiş malikanədə yaşayırdı. Sonradan Ağabəyim ağa Quma köçdü. Qarabağdan onun xidmətinə 200 nəfərdən artıq xidmətçi verilmişdi. Onlar da müəllif tərəfindən igid və bacaraqlı insanlar kimi xarakterizə edilir. Fətəli şahın əmrinə əsasən, Qumda toplanan verginin bir hissəsi Ağabəyim xanıma çatırdı.

Əslən Qarabağdan olan və Ağabəyim ağa ilə gələn Məlik bəy adlı birisi xan qızının həyatına və yaşayışına təşkilatçılıq edirdi. Ağa Bəhram xacə adlı birisi isə xan qızının xacəsi idi. Sultan Əhməd Mirzənin yazdığına görə, Fətəli şahla Ağabəyim ağa arasında ər-arvad münasibətləri olmamışdı. Bunun nə ilə bağlı olduğunu Soltan Əhməd Mirzə xatirələrində açıqlamır. Buna görə onun övladı da olmamışdı. Uşaqları olmadığı üçün Fətəli şahın çoxsaylı uşaqlarınndan ikisi Ağabəyim xanımın övladlığına verilmişdi. O, Keykavus Mirzəni oğulluğa, Mürəssə xanımı isə qızlığa qəbul etmişdi. Ağabəyim ağa da öz bacısı qızını Keykavus Mirzəyə kəbin etdirdi. Mürəssə xanım isə İbrahimxəlil xanın nəvəsi olan Abbasqulu xana ərə verildi. Soltan Əhməd Mirzə Ağabəyim ağanın hansı bacısının qızını Keykavus Mirzəyə kəbin edildiyini yazmırdı. Amma güman etmək olar ki, bu qız Gövhər ağanın qızı idi. Çünki Ağabəyim ağa ilə Gövhər ağa arasında həmişə səmimi münasibətlər mövcud olmuşdu.

Soltan Əhməd Mirzə öz əsərində Ağabəyim ağaya olan hörmət və ehtiramını da gizlətmirdi. Ailə daxili anlaşılmazlığın olmasına baxmayaraq Fətəli şah Ağabəyim ağaya böyük hörmətlə yanaşırdı və onu çox tədbirli xanım kimi qiymətləndirirdi. Şahzadə Soltan Əhməd Mirzənin fikrincə, Fətəli şah Ağabəyim ağanı özünün ən yaxınlarından biri hesab edir və onunla olan münasibətlərinə görə özünü xoşbəxt sayırdı. Şahzadə xatirələrində Ağabəyim ağanı “Şahbəyim ağa” kimi də təqdim edir. Müəllif Ağabəyim ağanın bacısı Gövhər ağa haqqında da xoş sözlər yazmışdır. Onun qeydlərinə görə, Gövhər ağa bacısı Ağabəyim ağanı çox istəyirdi və Ağabəyim ağaya görə Fətəli şahın bütün övladlarını öz bacısı uşaqları hesab edirdi. Qarşılıqlı qohumluğun möhkəmləndirilməsi üçün İbrahim xanın övladları ilə Fətəli şahın övladları arasında bir sıra nikahlar da kəsilmişdi.

Soltan Əhməd Mirzə xatirələrində Ağabəyim ağanın digər ölkələrin saray xanımları ilə yazışmalardan da xəbər verir. Bu yazışmaların nəticəsi kimi İngiltərə imperatriçası ona çox qiymətli hədiyyə göndərmişdi. Bu hədiyyə böyük zümrüd daşdan ibarət idi. Zümrüdün ətrafında bir sıra yüksək əyarlı almaz daşlar və iki zərif qızıl zəncir var idi.

Rus tarixçiləri də yazırdılar ki, ilk ingilis elçiliyi Tehrana gələndə həm ingilis kralından, həm də ingilis kraliçasından məktublar gətirilmişdi. İngilis kraliçasının məktubu və qiymətli hədiyyələri o zaman şahın baş hərəmi kimi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağaya təqdim edilmiş və sonra Ağabəyim ağa da ingilis kraliçasına cavab məktubu göndərmişdi. O da məlumdur ki, Gülüstan müqaviləsinin bağlanmasında xüsusi canfəşanlıq göstərmiş ingilis səfiri Qor Uzeley öz həyat yoldaşı ilə ilk dəfə Fətəli şahın qəbulunda olanda Ağabəyim ağa da bu mərasimdə iştirak etmiş və ingilis səfirini salamlamışdı.

Bu faktlar da Ağabəyim ağanın Fətəli şahın sarayında kifayət qədər böyük hörmət və nüfuza malik olmasından xəbər verirdi.

1816-cı ilin yayında general Yermolovun rəhbərliyi altında Qacar sarayına Rusiya elçiliyi göndərilmişdi. General Yermolov bu səfəri zamanı Rusiya imperatoru I Aleksandrın Fətəli şaha və onun vəliəhdi Abbas Mirzəyə göndərdiyi məktublarla bərabər, imperatorun xanımı Yelizaveta Alekseyevnanın və imperatorun anası Mariya Fyodorovnanın Fətəli şahın xanımına məktublarını da gətirmişdi. Bu məktublar Ağabəyim ağaya ünvanlanmışdı. Eyni zamanda general Yermolov Rusiya imperatorunun xanımından Ağabəyim ağaya çoxlu sayda qiymətli hədiyyələr gətirmişdi.

Səfərini başa vurub geri yola düşməzdən əvvəl general Yermolova Fətəli şahın baş hərəminin Rusiya imperatriçası Yelizaveta Alekseyevnaya və imperatorun anası Mariya Fyodorovnaya, habelə Abbas Mirzənin Rusiya imperatoruna və sədr-əzəm Mirzə-Şəfinin Rusiya imperatoruna ünvanlanan məktubları təqdim olundu. Bu məktublar ənənəvi saray protokolu əsasında hazırlanmışdı və uzun-uzadı ibarələrlə, saysız-hesabsız bənzətmələrlə doldurulmuşdu.

Rus mənbələrində Fətəli şahın baş hərəmi tərəfindən Rusiya imperatorunun xanımına və onun anasına yazılmış məktubların tərcüməsinin mətnləri saxlanılmaqdadır. Amma bu məktubların kim tərəfindən imzalanması göstərilməmişdir. Rus tarixçilərinin fikrincə, bu məktublar Ağabəyim ağanın adından yazılmışdı. Rus tarixçilərinə görə, əsil-nəsəbinə görə Ağabəyim ağaya şahın hərəmləri arasında üstünlük verilməsi daha real görünürdü və ona görə də Rusiya imperatorunun xanımına və anasına ünvanlanan məktubların sahiblərinin də Ağabəyim ağa olduğunu əminliklə qeyd edirlər. Məktubun sonundakı möhürün yazısı da onun Ağabəyim ağaya məxsusluğu ehtimalını artırır. Möhürdə ad yoxdur. Amma möhürə həkk olunmuş cümlənin rus dilindən tərcüməsi belədir: “Müdrikliyi ilə dünyanın hakimi olan şahın ulduzuna və ikinci venerasına çevrilmiş Bəyim”.

Möhrün yazısındakı sonuncu söz məktubların Ağabəyim ağaya ( və ya Şahbəyim ağaya) mənsub olduğuna şübhə yeri qoymur.

Ağabəyim ağa ömrünün böyük bir hissəsini Qum şəhərində keçirmişdi. O bu şəhərdə məscid, mədrəsə, hamam inşa etdirmişdi. Həyatının sonlarında onun hətta Qum hakimi olması haqqında da məlumatlar vardır.

Ağabəyim ağa ədəbi yaradıcılıqla da məşğul olmuşdu. O həm Azərbaycan, həm də fars dillərində ədəbi əsərlər yaratmışdı. Azərbaycan dilində olan şerlərində Ağabəyim ağa Molla Pənah Vaqifin ədəbi məktəbinin davamçısı kimi tanınmışdı. Fars dilində olan yaradıcılığında da Ağabəyim ağa ifadə sadəliyini saxlamağa çalışmışdı. Ağabəyim ağa əsərlərini Ağabacı təxəllüsü ilə yazarmış Mövcud olan məlumatlara görə, onun “Divani-bacı” (bacı divanı) adlı toplusu da olmuşdu. Amma Ağabəyim ağanın istər Azərbaycan dilində, istətsə də fars dilində olan əsərlərindən yalnız ayrı-ayrı nümunələr günümüzə gəib çatmışdır.

Ağabəyim ağa 1832-ci ildə dünyasını dəyişmiş və Qumda dəfn olunmuşdur.

Müəllif: Mehman Süleymanov

Tarix elmləri doktoru

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan