İyunun 12-də baş tutan SpaceX-in IPO-su Binance platformasında SPCX üzrə müddətsiz fyuçers müqavilələrinin ticarət aktivliyini kəskin artırıb.
Baki-baku.az xəbər verir ki, “Binance Research”in aylıq hesabatına görə, IPO-dan əvvəl SPCX üzrə orta gündəlik ticarət həcmi 89 milyon ABŞ dolları olduğu halda, listinqdən sonra bu göstərici 1,6 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, ticarət həcmi təxminən 18 dəfə artıb.
Hesabatda qeyd olunur ki, yüksək ticarət aktivliyi IPO-dan sonrakı iki həftə ərzində də qorunub saxlanılıb. Analitiklər hesab edirlər ki, IPO-dan əvvəlki mərhələ bazarda dayanıqlı likvidlik formalaşdırır, səhmlərin birjada yerləşdirilməsi isə bu prosesin sonu deyil, əksinə, likvidliyin daha da artmasına təkan verən əsas katalizator rolunu oynayır.
Məlumata görə, SpaceX-in IPO-su investorların tokenləşdirilmiş aktivlərə və törəmə maliyyə alətlərinə marağını da artırıb. Şirkətin birjada yerləşdirilməsi fonunda Binance SPCX üzrə ticarətdə aparıcı platformalardan birinə çevrilib.
Bununla yanaşı, “Binance Research”in digər hesabatına əsasən, iyun ayında qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 16,9% azalaraq 2,13 trilyon ABŞ dollarına enib.
Araşdırmada bildirilir ki, bazardakı geriləmənin əsas səbəblərindən biri spot ETF-lərə gözlənilən həcmdə vəsait axınının baş verməməsi olub. Eyni zamanda, altkoin satışları son beş ilin ən yüksək səviyyəsinə çatıb.
Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin sərt monetar siyasətə dair siqnalları, eləcə də İran və İsrail arasında atəşkəs danışıqlarının nəticəsiz qalması investorların riskli aktivlərə marağını azaldıb.
Hesabatda vurğulanır ki, bu amillər aprel ayında müşahidə olunan yüksəlişin uzunmüddətli bərpa deyil, əsasən texniki xarakter daşıdığını göstərib.
Binance Research yaxın aylarda bazarın əsas diqqətinin Federal Ehtiyat Sisteminin növbəti qərarlarına və spot ETF-lərə kapital axınının dinamikasına yönələcəyini bildirir. Analitiklərin qənaətinə görə, institusional investorlar bazara qayıdana qədər kriptovalyuta bazarında konsolidasiya mərhələsinin davam etməsi ehtimalı yüksəkdir.