İstanbulda gecə saatlarından etibarən başlayan güclü yağışlar şəhərdə bir sıra fəsadlara səbəb olub.
Baki-baku.az xəbər verir ki, yağan yağışlar nəqliyyat sistemini ciddi şəkildə pozub. Meteorologiya xidmətinin sarı kodlu xəbərdarlıq elan etdiyi şəhərdə yağış nəticəsində kanalizasiyalar dolduğu üçün küçələrdə su yığılıb qalıb.
Ən ağır vəziyyət şəhərin Avropa yaxasında müşahidə olunub. Beşiktaş, Fatih, Bakırköy, Eyüpsultan, Sultangazi və Kağıthane rayonlarında güclü yağış aralıqlarla davam edib, hazırlıqsız yaxalanan sakinlər avtobus dayanacaqlarında və mağazalarda sığınmaq məcburiyyətində qalıblar.
Beşiktaş rayonunda yerləşən Mərkəzi körpünün ətrafınl su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi küçələrdə kanalizasiya borusu partlayıb və bütün prospekt suya qərq olub, dayanacaqda və hərəkətdə olan bir sıra avtomobillər suyun altında qalıb. Bəzi ərazilərdə isə torpaq sürüşməsi nəticəsində pilləkənlərin bir hissəsi çökərək istifadəyə yararsız hala düşüb.
Bələdiyyə rəsmiləri vətəndaşları ehtiyatlı olmağa çağırıb, güclü yağış və küləyin sel, su basması, ildırım vurması və nəqliyyatda gecikmələr kimi problemlərə yol aça biləcəyi bildirilib.
Qeyd edək ki, bu cür mənzərə son illər dünyanın bir çox iri şəhərində təkrarlanır. Yağış intensivliyinin artması ilə bağlı problemlər bir çox metropolitenlərdə özünü göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi fonunda bu qədər yüksək temperaturdan sonra baş verən kəskin yağışların fəlakətə çevrilmə riski var. Başqa sözlə desək, hava şəraitinin get-gedə daha ekstremal xarakter alması artıq istisna deyil, tendensiyaya çevrilib.
Beşiktaşda Mərkəzi körpünün ətrafının subasması ilə bağlı görüntünü təqdim edirik: