Müasir dövrdə insanlar yemək yemək, dostları ilə görüşmək və xoş vaxt keçirmək üçün restoranlara üz tuturlar. Bəs heç düşünmüsünüzmü, ilk restoranlar nə vaxt və necə yaranıb?
Evdən kənarda yemək yemək ənənəsinin tarixi çox qədimdir. Hələ qədim Romada küçələrdə hazır yeməklərin satıldığı kiçik məkanlar var idi. Əsasən evində yemək bişirmək imkanı olmayan insanlar burada qidalanırdılar.
XI–XII əsrlərdə Çində bugünkü restoranlara bənzəyən yeməkxanalar fəaliyyət göstərirdi. İnsanlar burada müxtəlif yeməklər arasından istədiklərini seçib sifariş verə bilirdilər.
Avropada isə müasir restoranlar XVIII əsrdə Fransada yaranmağa başlayıb. Həmin dövrdə Parisdə insanlara güc verən və sağlamlıq üçün faydalı hesab olunan ət bulyonları satılırdı. Maraqlıdır ki, “restoran” sözü də fransız dilində “bərpa etmək” mənasını verən sözdən yaranıb.
Zaman keçdikcə bu məkanlarda müxtəlif yeməklər təqdim edilməyə başlanılıb. Müştərilərə menyudan istədikləri yeməyi seçmək imkanı yaradılıb.
1789-cu ildə baş verən Fransa inqilabından sonra restoranların sayı daha da artıb. Əvvəllər varlı ailələrin evlərində çalışan aşpazların bir qismi öz restoranlarını açıb. Beləliklə, bir vaxtlar yalnız zəngin insanların süfrəsində olan yeməkləri digər insanlar da dada biliblər.
Sonralar restoran mədəniyyəti Fransadan dünyanın müxtəlif ölkələrinə yayılıb. Bu gün isə restoranlar yalnız yemək yeyilən məkan deyil, həm də insanların görüşdüyü, söhbət etdiyi və əlamətdar günlərini qeyd etdiyi yerlərdir.
Hacı Cavadov