Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2026

Paylaşın

GÜNDƏM

Bakıdan Londona: Türk Mədəniyyəti və İrsi Fondu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium keçirəcək

Birinci Türkoloji Qurultay, Bakı, London, Türk Mədəniyyəti və İrsi Fondu

30 noyabr 2026-cı il tarixində Londonda, Britaniya Kitabxanasında (Pigott Theatre zalı) Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Qlobal tarixdə Türk dünyası: kimlik və mədəni irs. Bakı 1926 – London 2026” adlı Beynəlxalq Simpozium keçiriləcək.

Baki-baku.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Böyük Britaniyada akkreditə olunmuş türk dövlətlərinin səfirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, türkoloqları, beynəlxalq təşkilatlar, elmi və mədəni müəssisələrinin nümayəndələrini, eləcə də diplomatik korpusun təmsilçilərini bir araya gətirəcək.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının dillərinin, tarixinin və mədəni irsinin elmi şəkildə öyrənilməsi üçün mühüm təməl qoymuş tarixi hadisə olmuşdur. Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi təşəbbüsü 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə Türk Dövlət Başçıları tərəfindən yekdilliklə dəstəklənmişdir.

20–21 noyabr 2026-cı il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində bir əsr əvvəl Bakıda başlanmış elmi dialoqu davam etdirən İkinci Türkoloji Qurultay keçirilmişdir. 30 noyabr tarixində Londonda təşkil olunacaq simpozium yubiley proqramının mühüm beynəlxalq tədbirlərindən biri olmaqla, hər iki qurultayın elmi irsinin dəyərləndirilməsinə və türkologiyanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edəcəkdir.

Simpoziumun proqramına açılış mərasimi, plenar iclas və iki tematik elmi sessiya daxildir. Açılış mərasimində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın Böyük Britaniyadakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT), Türk Mədəniyyəti və İrsi Fondunun və TDT Ağsaqqallar Şurasının rəhbərliyinin çıxışları nəzərdə tutulur.

Elmi müzakirələr “Əsrlər boyu türkoloji araşdırmalar: tarix, mənbələr və elmi ənənələr” və “Türk dünyasının mədəni yaddaşı: irs, kimlik və müasir perspektivlər” adlı sessiyalar çərçivəsində aparılacaq. İştirakçılar türk xalqlarının mədəni irsin öyrənilməsində tarixi rolunu, kimlik məsələlərini, eləcə də müasir tədqiqatlarda rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi imkanlarını müzakirə edəcəklər.

Simpozium çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasının mədəni kodu” adlı çoxdilli kataloqu və “Türk folklor irsi” adlı antologiyası da daxil olmaqla, elmi nəşrlərinin təqdimatı keçiriləcək. Bu nəşrlər türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliğinə xidmət edir.

Simpoziumun əsas təşəbbüslərindən biri də Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Ümumdünya Gənc Türkoloqlar Şəbəkəsinin (World Network of Young Turkologists) yaradılması olacaq. Yeni akademik platforma türk dövlətlərindən, Böyük Britaniyadan və digər ölkələrdən olan gənc tədqiqatçıları bir araya gətirərək beynəlxalq elmi əməkdaşlığın, akademik mobilliyin və birgə layihələrin inkişafına töhfə verməyi hədəfləyir.

Bununla yanaşı, universitetlər, elmi-tədqiqat mərkəzləri, kitabxanalar və muzeylər arasında əməkdaşlığın genişləndirilməsinə, xüsusilə Britaniya və digər beynəlxalq kolleksiyalarda qorunan türk tarixi-mədəni irsinin öyrənilməsi, kataloqlaşdırılması və rəqəmsallaşdırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Simpoziumun yekun sənədlərindən biri kimi London Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Bəyannamənin ötən əsr ərzində türkologiya elminin əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasını təsbit etməsi, türk xalqlarının tarixinin və mədəni irsinin öyrənilməsinə töhfə vermiş bir neçə nəsil alimin xidmətlərini qeyd etməsi, eləcə də gələcək beynəlxalq elmi əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməsi nəzərdə tutulur.

“Bakı 1926 – London 2026” Beynəlxalq Simpoziumu elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və XXI əsrdə türkologiyanın inkişafı istiqamətində mühüm mərhələ olacaqdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək

Ən son

HƏR ŞEYDƏN

Bəzi yosunlar təhlükə ilə qarşılaşdıqda ətraf mühitə kimyəvi maddələr buraxaraq yaxınlıqdakı digər yosunları xəbərdar edə

HƏR ŞEYDƏN

Bəzi yosunlar təhlükə ilə qarşılaşdıqda ətraf mühitə kimyəvi maddələr buraxaraq yaxınlıqdakı digər yosunları xəbərdar edə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin