Nəşr edilmişdir 11/13/2024

Paylaşın

TARİX

Qaraqoyunlular

Qaraqoyunlular

Dövlətçiliyə doğru

Azərbaycan xalqının formalaşmasında əsas rol oynayan Oğuz türk tayfalarının tarixi çox qədim dövrlərə gedib çıxır. Lakin bilavasitə Azərbaycan kökənli olan və dövlət quruculuğu mərhələsinə yüksələ bilən tayfalardan danışarkən, alimlər ilk olaraq Qaraqoyunluların adını çəkirlər.

Oğuz nəslindən olan Törə bəyin (13-cü əsr) xələfləri tərəfindən qurulan bu tayfa birliyinə Baharlı, Səədli, Alpavut, Qaramanlı  və sair kiçik tayfalar daxil idi. (Azərbaycan ərazisində bu günümüzə qədər bu adda kəndlər mövcuddur.)  Zaman keçdikcə onlar birləşib vahid və böyük Qaraqoyunlu tayfasını yaradıblar.

Onlar çox döyüşkən tayfa idilər. Əli silah tutan hər bir kişi həm də at belində qılınc çalan, ox atan bir güclü əsgər idi. Ona görə də hakimiyyətdə olan sülalələr Qaraqoyunlularla hesablaşmalı olurdular.

14-cü əsrin ortalarında Hülakilər dövlətinin zəifləməsi nəticəsində Qaraqoyunlular Şərqi Anadoludan tutmuş Qarabağa qədər ərazilərdə hökm sahibi oldular. Həmin vaxt onlara Bayram xoca rəhbərlik edirdi. Bayram xoca çox mərd və şücaətli bir sərkərdə idi. Onun dövründə Qaraqoyunlu tayfaları Azərbaycanın cənub-qərb torpaqlarında möhkəmlənmiş və Cəlairi hökmdarına vergi ödəməkdən imtina etmişdilər. Daha sonra  Ərzuruma qədər böyük ərazilərdə yaşayan türkdilli tayfalar da Qaraqoyunlu birliyinə qoşulmuşdular.

Qaraqoyunlular

Hülakilərdən sonra taxta çıxan Cəlayiri sultanları Qaraqoyunluların gücünü görüb narahat olmağa başladılar. Cəlayiri hökmdarı Sultan Hüseyn Bağdaddan böyük ordu göndərərək, Qaraqoyunluların yüksəlişinin qarşısını almağa çalışdı. İlk döyüşlərdə Qaraqoyunlu hərbi qüvvələri kiçik qələbələr qazansalar da, Ərciş yaxınlığındakı döyüşdə Sultan Hüseynin böyük ordusuna məğlub oldular. Beləliklə, bir müddət Qaraqoyunlular Bağdadda hakim olan cəlayirilərə tabe olub, bac verməyə məcbur oldular. Cəlayiri hökuməti Qaraqoyunluların yüksəlişinin qarşısını aldığını düşünüb sakitləşdi. Lakin əsas mübarizələr hələ qabaqda idi.

Bayram Xocanın qardaşı oğlu Qara Məhəmmədin hakimiyyəti dövründə Qaraqoyunlular daha da sıx birləşdi, gücləndi.

Cəlayiri sultanları Qaraqoyunluların növbəti yüksəlişini və gücünü görüb, bu dəfə daha incə siyasət aparmağa başladılar. Onlarla işbirliyi qurdular.

1382-ci ildə Sultan Əhməd Cəlayiri Bağdadda öz qardaşının üsyanı ilə üz üzə qaldı. Çarəsizlikdən  Qaraqoyunlu Qara Məhəmməddən dəstək istədi. Qara Məhəmmədin qüvvələri az olsa da,  üsyançıların ordusunu darmadağın etdi. Sultan Əhməd bu köməyin müqabilində Qaraqoyunlularla sülh bağlandı. Qara Məhəmməd həm də Sultan Əhməd Cəlayirinin qızıyla evləndi, hakim sülaləylə qohum oldu. Bununla Qaraqoyunluların mövqeyi daha da gücləndi.

Sultan Əhməd Cəlayirinin hökmranlığı  dövründə Qaraoyunlular, hətta Anadolunun şərqindən, Suriyanın şimalına yönəldilər, oradakı oğuz türkman tayfalarını da birləşdirməyə çalışırdılar.

Bu dövrlərdə Əmir Teymurun yaxın Şərqə səfərləri başlamışdı. QaraQoyunlulardan Əmir Teymurla ilk üz üzə gələn QAra Məhəmmədin oğlu Misir xoca oldu. Onun hakim olduğu Əvnik qalası Naxçıvandan Şərqə hərəkət edən Əmir Teymur ordusunun yolu üstə olduğuna görə mühasirəyə düşdü. Ağır döyüşlərdən sonra əmir Teymurun ordusu qalanı ələ keçirə bildi.  

 Əmir Teymurun gücü qarşısında duruş gətirə bilməyəcəyini anladığına görə, Qara Məhəmməd öz ordularını Teymur ləşkəri ilə döyüşlərdən çəkindirməyə başladı. Onlar dağlara çəkilir, Əmir Teymur gedəndən sonra yenə öz quruculuq fəaliyyətini davam etdirirdilər.

Bu siyasət Qara Məhəmmədin xələfi, məşhur sərkərdə və hökmdar Qara Yusif tərəfindən də davam etdirildi.  Artıq qocalmış Əmir Teymurla açıq döyüşlərdən çəkinən Qara Yusif öz hərbi qüvvələrini gələcək mübarizələr üçün saxlayırdı. Çünki görürdü ki, Əmir Teymurun xələfləri arasında birlik yoxdu, Teymur öləndən sonra yəqin ki onun qurduğu böyük dövlət də parçalanacaq. Məhz bu zaman bütün Azərbaycan torpaqlarını birləşdirib, böyük müstəqil dövlət qurmaqçün işə başlamaq olar.

Lakin bir döyüşdə Qaraqoyunlularla Əmir Teymurun qüvvələri açıq döyüşdə üz üzə gəlməyə məcbur oldular. 1393-cü ildə Əmir Teymurun ikinci səfəri zamanı Sultan Əhməd Cəlayiri ilə Qara Yusifin birləşmiş orduları Bağdad yaxınlığında Əmir Teymur orduları ilə döyüşə çıxdılar. Lakin sayca üstün olan Əmir Teymur qüvvələri qələbə çala bildilər. Bu döyüşdən sonra Əmir Teymur şimala, Toxtamışla müharibəyə yollandı və Qaraqoyunluların fəaliyyəti üçün yenidən meydan açılmış oldu.

Əmir Teymurla Sultan Bəyazid arasındakı müharibələrdə Qaraqoyunlular az bir qüvvə ilə Osmanlılar tərəfində iştirak edirdilər, lakin əsas qüvvələrini gələcək mübarizələr üçün qoruyurdular.  

Qaraqoyunlular

Dövlət quruculuğu

1405-ci ildə Əmir Teymur öləndən sonra Şahrux, Miranşah, Ömər mirzə arasında mübarizə başlandı, Teymur imperiyası bir neçə yerə bölündü. Yaxın Şərq torpaqları Teymurun oğlu Miranşahın hakimiyyətinə keçdi.

Qara Yusif anladı ki, dövlət qurmaq üçün açıq mübarizəyə qalxmaq zamanı yetişib. Qaraqoyunlu tayfalarının bütün qüvvələrini birləşdirib. Miranşahın qoşunlarının qarşısına çıxdı.

Naxçıvanda baş verən Şənbi-qazan döyüşündə və Təbriz yaxınlığında  Sərdrud döyüşündə iki dəfə ardıcıl olaraq Teymur xələflərinə qalib gələn Qara Yusif Teymurilərin Azərbaycan üzərində hakimiyyətinə son qoydu. Azərbaycanda yeni dövlətin qurulmasına isə yalnız bir maneə qalmışdı – Bağdadda hakim olan və Azərbaycanı öz əmlakı hesab edən monqol əsilli Cəlayirilər.

Əvvəllər Qaraqoyunlularla bəzən dost bəzən düşmən olsalar da, Cəlayirilər anladılar ki, məhz bu an Qaraqoyunlu qüvvələrinin qarşısını almasalar, öz hakimiyyətlərinin də sonu çatacaq. Sultan Əhməd Cəlayiri son qüvvələrini yığıb Qara Yusifin üzərinə gəldi, lakin 1410-cu ildə Təbriz yaxınlığında baş verən döyüşdə məğlub oldu, sonradan öldürüldü.

Beləcə, Azərbaycanda Qaraqoyunlular dövlətinin qurulmasının qarşısını alan heç bir maneə qalmadı.

Təbrizdə əsası qoyulan Qaraqoyunlular dövləti tarixçilər tərəfindən sırf Azərbaycan türklərinin qurduğu ilk böyük dövlət olaraq qəbul edilir.

Dövlətin ərazisinə Azərbaycandan əlavə, Şərqi Anadolu, İrak, Qərbi İran əraziləri daxil idi. Dövlətin əsas aparıcı qüvvələri, Qaraqoyunlu tayfalarının nümayəndələri idi. Onların dili də Səlcuqlardan fərqli olaraq, sırf Azərbaycan türkcəsi idi.

Qaraqoyunlular dövründə Azərbaycanda sənətkarlıq, ticarət, kənd təsərrüfatı daha da çox inkişaf eləməyə başladı, əhalinin güzəranı xeyli yaxşılaşmış oldu.

Qara Yusifin kiçik oğlu və sonradan taxta çıxmış Cahan şah Həqiqi həm də, Azərbaycan türkcəsində qəzəllər yazan ilk şairlərimizdən hesab olunur.

Ağzını qönçeyi-xəndan dedilər, gerçək imiş,

Xəti-ruxsarını reyhan dedilər, gerçək imiş.

Və ya,

Yolunda canını tərk etməyən, vəfa bilməz,

Fəraq əlində bəla çəkməyən, cəfa bilməz

Altı yüz il əvvəl yazılmış bu şeirlərdən də görünür ki, Qaraqoyunlu Cahan şah Həqiqi bir qüdrətli bir hökmdar və incəsənətə himayə edən mesenat olmaqla bərabər, həm də Azərbaycan dilli poeziyamızın yaranmasında böyük xidmətləri olan bir şəxsiyyət olub.

Qaraqoyunlu tayfaları dövlətin süqutundan sonra, başqa tayfa birliklərinə qarışsalar da, bu günümüzə qədər bir çox bölgələrimizdə Qaraqoyunlu tayfalarıyla bağlı coğrafi adlara rast gəlmək mümkündür.

Qaraqoyunluların süqutu

Qaraqoyunlu dövləti Şərqdə çox qarışıq və ziddiyyətli bir dövrdə qurulmuşdu. Bütün yaxın Şərq torpaqlarını öz atalarının mirası hesab edən Əmir Teymur xələfləri tam olaraq, burdan əl üzmürdülər, mütəmadi yürüşlər təşkil edirdilər. Qara Yusifin oğulları gah Teymurilərlə müharibələr edir, gah da sülh sazişi bağlamağa məcbur olurdular. Digər tərəfdən türk tayfaları arasında daxili çəkişmələr də fasilə vermirdi. Qaraqoyunlu tayfa birliyi ilə bərabər Şərqi Anadoluda Ağqoyunlu tayfa birliyi də yaranmış. Eyni oğuz türkman boylarının xələfləri olsalar da, Ağqoyunular Qaraqoyunlu xanədanı ilə qarı düşmənçilik mövqeyi tutmuşdular.

Ağqoyunlu tayfa aşçılı Qara Yuluk Osman əvvələr Əmir Teymurla ittifaqda oldmuşdu, əmir Teymur ona Diyarbəkirə əmir təyin etmişdi. Əmir Teymur öləndən sonra da Ağqoyunlular onun xələfləriylə dostluq münasibətlərini saxlamışdılar. Hətta 1435-ci ildə Ağqoyunlu Qara Yuluk Osman, Əmir Teymurun oğlu Şahrux və Şirvanşah I Xəlilullah Qaraqoyunlu xanədanına qarşı ittifaq bağlamışdılar. Lakin Qara Yusifdən sonra taxta çıxan böyük oğlu Qara İskəndər Ağqoyunlu qüvvələrini məğlub edib neytrallaşdıra bilmişdi.

Lakin bununla Ağqoyunlu təhlükəsi sovuşmamışdı.  Uzun Həsən hakimiyyətə keçəndən sonra Ağqoyunluların hərbi qüvvələri yenidən birləşərək, Qaraqoyunlu xanədanı üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Əfuslar olsun ki, eyni soydan olan, eyni dildə danışan bu iki tayfa birliyinin bir biriylə qanlı mübarizəsi Azərbaycan tarixinin ən xoşagəlməz səhifələrindən birini təşkil eləyir. Bu mübarizənin sonu isə 1467-ci ildə çatdı.

Qaraqoyunlu hökmdarı Cahan şah Ağqoyunluları tabe etmək üçün böyük ordu ilə Təbrizdən hərəkət etməyə məcbur oldu. Uzun Həsənin qüvvələri çox olmadığına görə açıq döyüşdən çəkinməyə və müəyyən manevrlər etməyə başladı. Bir azdan qış düşdü və Cahan şah böyük ordusunu cənuba, qışlamağa göndərməyə məcbur oldu. Özü isə azsaylı şəxsi qvardiyası ilə Muşda-Səncəq adlı yerdə bir müddət qışlamağa dayandı.

Cahan şahın ordunu cənuba göndərib özünün az qüvvələrlə qaldığı xəbəri uzun Həsənə çatdı. O qərara gəldi ki belə bir fürsət daha ələ düşməyəcək. Öz atlı süvariləri ilə sürətlə Muş civarına hərəkət edən Uzun Həsən 1467-ci ilin noyabr ayında gözlənilmədən Cahan şahın düşərgəsinə qəfil hücuma keçdi. Qanlı döyüşdən sonra Qaraqoyunlu hökmdarı və gözəl şair olan Cahan şah Həqiqi əfsuslar olsun ki, qanı və kökü bir olan Ağqoyunlu hakimi Uzun Həsən tərəfindən öldürüldü.

Cahan şahın xələfləri qısa müddət hakimiyyətdə qalsalar da, Ağqoyunlu Uzun Həsən qarşısında duruş gətirə bilmədilər. Beləliklə Qaraqoyunlu xanədanı süquta uğradı.    

Qaraqoyunluların Hindistan qolu

Qaraqoyunlu tayfasının dövlət quruculuğu fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, uzaq Hindistana qədər gedib çıxmışdı.

15-ci əsrin sonlarına yaxın Qaraqoyunlu dövləti tarix səhnəsindən qalxdı. Tayfanın bəzi qolları əvvəlcə Əfqanıstana, daha sonra isə Hindistana mühacirət elədi, oradakı müsəlman hökmdarlarının saraylarında xidmət eləməyə başladılar. Öz hərbi bacarıqlarına görə Qaraqoyunluların xələfləri Hindistanda böyük nüfuz sahibi oldular. Qaraqoyunlu Qara Yusifin böyük oğlu Qara İskəndərin xələflərindən olan sərkərdə Sultanqulu xan Baharlı 16-cı əsrin əvvəllərində Hindistandakı feodal qarşıdurmalarından istifadə etdi. Qolkonda bölgəsində müstəqil hökmranlıq qurdu və yaxın əraziləri də birləşdirib güclü dövlət qurdu. Yeni hakim sülalə Hindistan tarixinə Qütbşahlar sülaləsi kimi daxil oldu.

Bu sülalənin hökmdarları və hakim təbəqə  müsəlman olsalar da, yerli hindli əhaliyə çox tolerant yanaşır, onların əqidəsinə hörmət edir, mədəniyyətin inkişafına dəstək olurdular.

Qütbşahlar sülaləsinin ən məşhur hökmdarı isə 1580-1611-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Qulu Qütbşah olmuşdu. O, böyük dövlət xadimi, sərkərdə olmaqla bərabər həm də istedadlı şair idi. Üç dildə – türk, urdu, və teluqu (yerli xalqın dili) dillərində  şeirlər yazırdı.  

Onun hakimiyyəti illərində Qütbşahlar dövləti öz mədəni və iqtisadi inkişafının zirvəsinə çatmışdı.

Məhəmməd Qulu Qütbşah 16-cı əsrin sonlarında dövlətin paytaxtı olaraq, yeni şəhər tikdirməyi qərara aldı. Yeni şəhər İmam Əlinin şərəfinə Heydərabad adlandırıldı. (İmam Əlinin ləqəblərindən biri də Heydər (şir) idi.)    

Bəli, nə qədər inanılmaz görünsə də, tarixi  həqiqətdir. Bu gün Hindistanın ən böyük meqapolislərindən olan Heydərabad şəhərinin əsası, 400 il əvvəl, bizim Qaraqoyunlu tayfasının xələfi Məhəmmədqulu Qütbşah tərəfindən qoyulmuşdur. Şəhərin memarlıq üslubu isə Hindistan memarlığı tarixinə Qütbşahi memarlığı üslubu kimi düşüb.

Bu yeni şəhər uzun müddət mərkəzi Hindistanın elm, mədəniyyət və sənət mərkəzlərindən biri kimi şöhrət qazanmışdı.     

Qütbşahlar dövləti 17-ci əsrin sonlarına qədər mövcud olmuş və Hindistan tarixində əhəmiyyətli rol oynayıb.

Loading

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Bakı Kristal Zalında futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən

ƏSAS XƏBƏRLƏR

Adın mənası 19-cu əsrin ikinci yarısında Bakıda formalaşan mühafizəçilər zümrəsinə qoçular deyirdilər.Qoçu sözünün etimologiyasıyla bağlı