Təsəvvür edin ki, okeanın dərinliklərinə enirsiniz və qarşınızda öz sahilləri olan bir göl, bir qədər aralıda isə axan çay görürsünüz. İlk baxışda fantastik film səhnəsini xatırladan bu mənzərə əslində təbiətdə mövcuddur. Bəs suyun içində başqa bir göl və ya çay necə yarana bilər?
Baki-baku.az-ın araşdırmasına görə, okeanların dərinliklərində müşahidə edilən bu qeyri-adi hadisənin əsas səbəbi suyun sıxlığı və duzluluğu ilə bağlıdır.
Sualtı göllərin yaranmasının əsas səbəbi duzdur. Okeanın dibində yerləşən qədim duz yataqları su ilə təmasda olduqda həll olur. Nəticədə ətrafdakı dəniz suyundan daha sıx olan, həddindən artıq duzlu su yaranır. Bu su okeanın dibindəki çökəkliklərdə toplanaraq göllər əmələ gətirir, maili ərazilərdə isə çay kimi axır.
Maraqlısı budur ki, bu göllərin sərhədlərini adi gözlə də görmək mümkündür. Onların səthində hətta kiçik dalğalar yaranır.
Belə göllərə Meksika körfəzində və Qırmızı dənizdə rast gəlinir. Yüksək duzluluq və oksigen çatışmazlığı səbəbindən onların daxilində əksər dəniz canlıları yaşaya bilmir. Bəzi mikroorqanizmlər isə bu sərt şəraitə uyğunlaşıb.
Qara dənizin dibində də çayı xatırladan güclü su axını mövcuddur. Bosfor boğazından daxil olan daha duzlu su dənizin dibi ilə hərəkət edir. Alimlərin hesablamalarına görə, bu axın saniyədə təxminən 22 min kubmetr su daşıyır.
Beləcə, suyun sıxlığı və duzluluğu okeanın dibində qurudakı mənzərələri xatırladan qeyri-adi bir dünya yaradır.
Hacı Cavadov