“Qarabağ” mehmanxanası (əvvəllər “Turist” kimi tanınırdı) Bakının memarlıq tarixində xüsusi yer tutur. Bu bina sadəcə yerləşdirmə obyekti deyil, həm də öz dövrünün cəsarətli mühəndislik və bədii həllərinin parlaq nümunəsi idi. Şəhərin fəal inkişafı dövründə tikilən mehmanxana memarların funksionallığı, müasir üslubu və milli motivləri birləşdirmək istəyini əks etdirirdi.
Mehmanxananın binası 1974-cü ildə inşa olunub. Onun müəllifləri memarlar Valeri Şulgin və Eldar Melxisedekov, mühəndis hissəsini isə konstruktorlar Kamil Kərimov və Həsən Şamilov hazırlayıblar. Layihə Bakı Dövlət Layihə İnstitutu mütəxəssisləri tərəfindən hazırlanıb, bina isə 1976-cı ildə istismara verilib.

Mehmanxana Bakı amfiteatrının ikinci terrasının çıxıntılı hissəsində — Belvyu təpəsi kimi tanınan ərazidə tikilmişdi. Dayaqlar üzərində qurulan onmərtəbəli bina cənuba — şəhərə doğru istiqamətləndirilmişdi. Əsas yaşayış otaqları baş korpusda yerləşirdi, restoran və məişət xidmətləri isə ayrıca binaya çıxarılmışdı.
Restoran zalının həcmi, sanki qayalıq üzərindən asılı vəziyyətdə idi və aşağı terrasla kəskin ziddiyyət təşkil edirdi. Yuxarı mərtəbədə şüşələnmiş kafelər və istirahət, oyun zonaları yerləşirdi. Bütün otaqlar və hollar cənuba baxır və lojiyalara malik idi.
Mehmanxananın əsas vestibülü daxili həyətə açılırdı. Birinci səviyyədə daha çox boş sahə yaratmaq üçün memarlar karkas konstruksiyasından istifadə edərək yaşayış hissəsini platforma üzərinə qaldırmışdılar. Girişin qarşısında yerləşən dekorativ sərinləşdirici hovuz ərazinin əsas bəzəyi hesab olunurdu.
Binanın fasadları müxtəlif cür həll olunmuşdu. Şəhərə və dənizə baxan cənub tərəfi günəşdən qoruyan şəbəkə üslublu dəmir-beton qəfəs ilə örtülmüş lojiyalardan ibarət idi. Şimal fasadı isə şahmat qaydasında yerləşdirilmiş dar pəncərələri ilə seçilirdi. Giriş divarı parlaq mozaika ilə bəzədilmişdi.

Bədii tərtibatda Oktay Şıxəliyev və Hacıbala Rəcəbov kimi ustalar iştirak etmişdilər. Xüsusilə Şıxəliyev hovuzu xalq məişəti və milli incəsənət elementləri ilə bəzəyərək bütün ansamblı daha ifadəli etmişdi.
“Qarabağ” mehmanxanası ölkədə sovet dövrünün ən tanınmış memarlıq obyektlərindən birinə çevrilmişdi. O, neokonstruktivizm nümunəsi kimi Dünya Memarlıq Ensiklopediyasına daxil edilmiş və nüfuzlu Le Korbuzye mükafatına layiq görülmüşdü. Uzun illər ərzində mehmanxana turistik Bakının əsas simvollarından biri olmuşdu.
Lakin bu unikal binanın taleyi, 90-cı illərin əvvəlində Qarabağın taleyi kimi, kədərli oldu. 2004-cü ildə bina tamamilə söküldü.

Bununla belə, Bakının tarixi bununla bitmir — o, hər gün inkişaf edərək davam edir. Şəhər inamla irəliləyir, yeni memarlıq dominantları, müasir binalar və ictimai məkanlar qazanır. Keçmişə hörmətlə yanaşaraq və gələcəyə can ataraq, müasir Bakı özünəməxsus ab-havasını qoruyur, daha da gözəlləşir, dinamik və cəlbedici olur, yeni üfüqlər açır.
Hacı Cavadov