Bu gün pedaqoq, yazıçı-publisist, həkim, mütəfəkkir, dövlət xadimi Nəriman Nərimanovun anadan olmasından 155 il ötür. Bu il həm də onun müəmmalı və müdhiş ölümündən yüz il keçir.
Baki-baku.az Nəriman Nərimanov haqqında silsilə yazılardan birincisini təqdim edir:
Təbabətdən siyasətə yol gələn, adı milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizə həkk olunan, müəllim, həkim, yazıçı, publisist, ictimai-siyasi xadim kimi tarix yaradan Nəriman Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflisdə dünyaya gəldi. O bir qarapapaq türkü idi. Soyu, soy-kökü, şəcərə dəftəri ilə həm də Şərqin ilk Demokratik Cümhuriyyəti ilə eyni zamanda Borçalıda qurulan Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Naxçıvanda təməli qoyulan Araz Türk Cümhuriyyətinin təsisçilərindən biri Emin Ağa Acalova bağlı idi. Dövlət qurmaq, milli mücahid ömrü sürmək, əbədi istiqlal naminə şəhidlər vermək, paşa şərəfini, əsilzadə ucalığını, zadəgan müqəddəsliyini qorumaq, millətə, məmləkətə doğru, düz olan yolu göstərmək, cəhalətdən qurtuluşa körpü olmaq, elmi-irfan bulağına dönmək bu soyun Tanrıdan tale payı, alın yazısı idi.
Ana tərəfdən Bolus bəylərinə, Qarapapaq türklərinə, ata tərəfdən Qacarlara, Urmiya sultanlarına bağlı olan Nərimanın ulu babası Nəriman bəy XVII yüz ildə Kartli valisi I İraklinin sarayında “eşik ağası” – xarici işlər vəziri vəzifəsini tutub, xidmətlərinə görə Kaxeti valisi tərəfindən dəfələrlə mükafatlandırılıb. Tiflisin, Borçalının İpək yolu boyunda yerləşməsi, iri-iri karvansaralara sahib olması bu torpaqlarda ticarətin inkişafına təsir göstərib. Nəriman Nərimanovun atası Kərbəlayi Nəcəf də ticarətlə məşğul olub. Tiflisdən Yaxın və Orta Şərqə işləyən karvanlarla xalça-palaz, cecim-kilim aparıb gətirib. Tiflisin elmi-mədəni mühitinə bələd olan, iqtisadi-sosial dirçəlişinə töhfələr verən Nəriman bəydən qalan miras sayəsində mülkədar kimi nüfuz qazanan dövrünün məşhur mesenatları ilə birlikdə Borçalıda, Tiflisdə mədəni inkişafa töhfələr verən Kərbəlayi Nəcəfin törəmələri də bir mesenat kimi ölkənin dirçəlişi üçün əllərindən gələni əsirgəməyiblər. Tiflisin elmi-mədəni mühitində xüsusi nüfuz sahibi olan Allahverdi bəy təkcə Tiflisdə deyil, bütün Qafqazda məşhur olub, əvəzsiz musiqiçi kimi şöhrət qazanıb. XIX yüz il boyu Allahverdi bəyin malikanəsində sənət-mədəniyyət himayə olunub. Sarayının məşhur ziyarətçilərinin sırasında Şamaxıdan Əhməd Sultan Ağa, onun oğlu Mahmud Ağa, Qarabağdan Mir Mövsüm Nəvvab, Xurşudbanu Natəvan kimi dahi qələm sahibləri, ictimai-siyasi xadimlər, mesenatlar, sənət-mədəniyyət xiridarları yer alıb.
Sərvətinin böyük bir qismini Tiflisdən Bolusa, Qaraçöpə yol saldırmağa, saxsı borularla bulaqlar çəkdirməyə sərf edən Hacı Allahverdi bəy deyilənə görə zilxan səsə malik olmaqla yanaşı, gözəl şeirlər yazır, həm də tar çalırmış. Dövrünün nüfuzlu mesenatlarından biri Mahmud Ağanın Şamaxıda təşkil etdiyi “Muğam müsabiqələri”ndə Sadıxcanla birlikdə münsiflər heyətində yer alırmış.
Hacı Allahverdi bəy oğlu Kərbəlayi Nəcəfi Tiflisin nüfuzlu ağalarından biri – Hacı Məmmədqasım Zamanovun qızı Həlimə xanımla evləndirmiş, onların yeddi gün, yeddi gecə davam edən toylarında Mirzə Kərim Fəna, Sadıxcan, Şahnaz Abbas, Mahmud Ağa, Hacı İbrahimxəlil bəy, Didə, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı kimi məşhur simalar iştirak edibmiş. Bu toyun və toyun sahibinin nüfuzunu təyin etmək üçün isə uzaqlara getməyə ehtiyac yoxdur. Mahmud Ağanın, Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qutqaşınlının adını çəkmək kifayət edir ki, Nəriman Nərimanovun soyu, soykökü, şəcərə dəftəri ilə qənaətini ifadə edəsən. Nəriman Nərimanov sıradan bir dövlət xadimi deyildi. Onun əsilzadə ucalığı, bəy titulu, müqəddəsliyi vardı. Babası Allaverdi bəyin yerli əhaliyə, xüsusən də türklərə qarşı qeyri-etik davranışına görə Çarın Qafqaz canişinliyi ilə münasibətlərinin korlanması onun əmlakının əlindən alınması ilə nəticələnsə də, o, həqiqətin yanında olmuş, mülklərindən məhrum edilən mülkədarları müdafiə etmişdir ki, bu da Allahverdi bəyi hədəfə gətirmişdi. Rusiya-Türkiyə müharibəsi zamanı Osmanlıya yardımlar etməsi də, onu Vorontsov-Daşkovun, Çar Rusiyasının, Qafqaz Canişinin gözündən salmışdır.
Qeyd etdiyimiz kimi Allahverdi bəy oğlu Nəcəfi Tiflisin məşhur ağalarından, mesenatlarından biri Hacı Məhəmmədqasım Zamanovun qızı ilə evləndirmişdi. Kərbəlayi Nəcəflə Həlimə xanımın nikahından doqquz övlad dünyaya gəlmişdi.
Gələcəyin məşhur pedaqoqu, yazıçı-publisisti, məşhur həkimi, qüdrətli dövlət xadimlərindən biri, komissar Nəriman Nərimanov onların səkkizincisi idi.

Borçalıda ilk qəza məktəbinin qurucusu
Çar Rusiyasının Qafqazı fəth etməsi, Tiflisin mədəni-siyasi mərkəzə çevrilməsi həm də Qori Müəllimlər Seminariyasının yaranması ilə nəticələndi. Yerli əhalinin maariflənməsi, daha doğrusu onun arzuladığı təəbənin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən, bütün imkanlarını səfərbər edən Çar Rusiyası bu dövrdə həm də, qəza məktəblərinin təməlini qoyur. Naxçıvanda Məmməd Tağı Sidqinin, Şamaxıda Seyid Əzim Şirvaninin, Lənkəranda Mirzə İsmayıl Qasirin, İrəvanda Mirzə Cavad Məmmədzadənin, Şuşada Mirzə Kərim İsmayılın və digər nüfuzlu maarifpərvər ziyalıların, pedaqoqların tarixi xidmətləri sayəsində sonralar, həm də real məktəblər açılırdı. Borçalıda, tarixi dədə-baba torpaqlarında yaşayan türklərin diyarında təməli qoyulan qəza məktəbi məhz Nəriman ağanın nəticəsi, Allahverdi bəyin nəvəsi, Kərbəlayi Nəcəfin oğlu Nəriman Nərimanovun adı ilə bağlıdır. O, 1890-cu ildə Qori Müəllimlər Seminariyasını bitirmişdi. Tarixi mənbələr də sübut edir ki, Tiflis quberniyası qəzalarda ictimai məktəblər açmaq üçün 22 noyabr 1873-cü ildə xüsusi nizamnamə qəbul edir. “Nərimanov 1875-ci ildə Borçalı qəzasında yaşayan azərbaycanlılar üçün icma yolu ilə bir ibtidai məktəb təşkil etmək məqsədilə bölgəni gəzir. Heç bir kənd həmin məktəbi qəbul etmir. Qızılhacılı kəndi maarif orqanlarına müraciət edərək icma məktəbinin onlara verilməsini xahiş edirlər. İcma məktəblərin saxlamaq üçün əhalidən xüsusi vergi toplanırdı”.
Bütün həyatını milli maarifçilik məsələlərinə, milli dövlətçilik ideologiyasının inkişafına həsr edən Nəriman Nərimanov Tiflisdən Qoriyə gedişi, Qoridən Qızılhaıcılıya gəlişi ilə Borçalıda ilk yeni tipli məktəbin təməlini qoydu. Ayrı-ayrı imkanlı şəxslərin mülklərində, malikanələrində mövcud olan molla məktəblərinin əsasında Qızılhacılı qəza məktəbini qurdu. Şeyx Cəmaləddin Əfqaninin dili ilə desək, “elmi-irfan bulağını qaynatdı”. Dərs dediyi şagirdlərin beyinlərinin şırımlarına cəhalətdən qurtuluşun toxumlarını səpib rüşeymlərini cücərtdi. Təkcə Qızılhacılıda deyil, bütün Borçalıda, Güney Qafqazda yaşayan türklərin, azərbaycanlıların gözünün önündən cəhalətin pərdəsini qaldırdı. Min illər boyu bəşəri dəyərlər xəzinəsini zənginləşdirən, milli dövlətçilik tariximizdə mühüm yer tutan qarapapaq türklərinin mənəvi əzəmətini nümayiş etdirdi.
Qızılhacılının məşhur bəylərini, ağalarının maarifpərvər insanlarının dəstəyi ilə 1876-cı ildə məktəb üçün yeni tipli üç sinifli daş bina tikildi. 1877-ci il sentyabrın 1-də fəaliyyətə başlayan bu ilk dünyəvi təhsil verən məktəbdən sonra Borçalı qəzasında, Qaraçöpdə yeni tipli, müasir standartlara, dövrün tələblərinə uyğun məktəblər quruldu. Amma hamı, hər kəs Qızılhacılı məktəbini dünyəvi təhsil təməl daşı kimi qəbul etdi. İbtidai təhsillə fəaliyyətə başlayan məktəb yerli əhalinin xüsusi istəyi ilə hələ Nəriman Nərimanovun sağlığında “Nərimaniyyə məktəbi” adlandırılırdı. İsmayıl bəy Qaspıralının, Mirzə İsmayıl Qasirin, Məmmədtağı Sidqinin, Mirzə Kərim İsmayılın, Mirzə Cabbar Məmmədzadənin, Seyid Əzim Şirvaninin məktəbləri ilə eyni sırada dayanan “Nərimaniyyə məktəbi” də millətin cəhalətdən qurtuluşu, milli məfkurədən milli dövlətçiliyə gəlişi üçün körpü oldu.

Nəriman Nərimanov bir müəllim kimi pedaqoji fəaliyyətə 20 yaşında, Qori Müəllimlər Seminariyasını bitirəndən sonra Qızılhacılıda, rus dili müəllimi kimi başladı. Dövrünün bütün mütəfəkkirləri Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Həbib bəy Mahmudbəyov, Mirzə Cəlil kimi sinif otaqlarına sığmayan səsini milli mətbuata, daha geniş auditoriyalara gətirdi. Yazıçı, publisist, ictimai xadim kimi tarix yaratdı. “Bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək” məqsədi ilə Qələmini Süngüyə çevirdi. Məktəbi, teatrı, mətbuatı, kitabxana və qiraətxana işini, maarifçiliyi milli məfkurədən milli dövlətçiliyə yol hesab etdi.
Nərimanov Həbib bəy Mahmudbəyova borclu qalmadı
Nərimanov Tiflisin kübarlar və əsilzadələr mühitində doğulub böyümüşdü. Qori Müəllimlər Seminariyasında püxtələşib yetişmişdi. Borçalının məşhur mesenatlarının, elmi-irfana millətin nicatı kimi baxan imkanlı şəxslərin, səxavətli insanların yurd yerində Qızılhacılıda müəllim ucalığı, ustad-şəyird müqəddəsliyi yaşamışdı. Borçalıdan Bakıya gəlişi müəllim, ictimai-siyasi xadim, yazıçı-publisist kimi xəyallarının gerçəyə çevrilməsi üçün ali və uca məqam, münbit mühit deməkdi.
O, Borçalıdan Bakıya gələndə Bakıda da məktəb qurmaq, imkansız ailələrin övladlarına təhsil vermək, onların inkişafı, irəli getməsi üçün kitabxana, qiraətxana açmaq istəyirdi.
Qəzalardan, bölgələrdən fərqli olaraq iri şəhərlərin də iri-iri problemləri olur. Nərimanovun ilk cəhdi alınmır. Rəsmi dövlət qurumlarının qapısını dəfələrlə döysə də, istəyinə nail ola bilmir. Onun ən böyük yardımçısı, dəstək yeri, adı milli-mənəvi dəyərlər və pedaqoji fikir tariximizə həkk olunan, 1918-ci ildə Şərqdə qurulan ilk Demokratik Cümhuriyyətin “İstiqlal Bəyannaməsi”nə qol çəkən, Bakıda, ümumiyyətlə Azərbaycanda ilk Rus-tatar məktəbinin qurucusu Həbib bəy Mahmudbəyovla birlikdə məktəblər şəbəkəsini yaradan Sultan Məcid Qənizadə olur.
Nərimanov məhz bu böyük tarixi şəxsiyyətin dəstəyi ilə Aleksandr Pobedonstsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilir.

Ömrünün sonuna qədər “Həyatımın ən böyük müəllimi Həbib bəy Mahmudbəyovdur” deyib, ehtiram bəslədiyi Ustadı, ruhunun Atası ilə də, məhz burada tanış olur. Bakıda, ümumiyyətlə Azərbaycanda ilk Rus-tatar məktəbinin ilk kitabxanasının, qiraətxanasının, teatr truppasının qurucusu, Tiflis Aleksey İnstitutunu ilk üç türk ali təhsilli pedaqoq məzunu, Bakı quberniyasının düz 21 il Qlasnısı kimi söz sahibinə çevrilən, Dumanın elmi-təhsil siyasətinə rəhbərlik edən, Həsən bəy Zərdabi ilə birlikdə Bakı əsilzadələrinin xüsusi istəyi, təkidli tələbi ilə başçılarını itirmiş ailələrin hüquq mücadiləçisi qismində Dumada təmsil olunan İsa bəy Hacınski ilə birlikdə İttihad və Tərəqqi Partiyasını quran, Hacı Zeynalabdin Tağıyevin təməlini qoyduğu Müsəlman Xeyriyyə Cəmiyyətinə ləyaqətlə rəhbərlik edən, Hacı Zeynalabdin Tağıyevin diqtəsi, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Ağa Əlizadənin istəyi ilə Müəllimlərin I Qurultayının təşkilatçısı, əsas çıxışçısı kimi tarix yaradan, Rusiya-Türkiyə müharibəsi zamanı Qubernatorun tələbinə baxmayaraq Osmanlı əleyhinə fətva verməyən gələcəyin Şeyxülislamı, Təzə Pirin axundu Ağa Əlizadənin yanında olan, Osmanlıdan Bakıya əsir qismində gətirilib Nargin adasında işgəncələr verilən Osmanlı əsgərlərinə yardıma yollanan Bakı əsilzadələrini, Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın, Murtuza Muxtarovun xanımı Liza Muxtarovanın, Əliağa Şıxlinskinin ömür-gün yoldaşı Nigar xanım Şıxlinskiyanın, Şəmsi Əsədullayevin, İsa bəy və Əjdər bəyin müdafiəsinə qalxan, etirazla üzləşdikcə Bakı qubernatoruna istefa ərizəsi yazaraq Şəhər İdarəsini tərk edən, 1918-ci ilin Mart soyqırımı zamanı Hacı Zeynalabdin Tağıyev və Ağa Əlizadə ilə birlikdə Bakı quberniyasına müraciət məktubu ünvanlayaraq Soyqırım qurbanlarının – şəhidlərin Çəmbərəkənddə – indiki Şəhidlər Xiyabanında dəfninə nail olan, Əhməd bəy Ağaoğlu ilə birlikdə erməni daşnaklarının törətdiyi faciənin Bakı quberniyasında, Peterburq administrasiyasında, Rusiya Dumasında, Avropanın ayrı-ayrı dövlətlərinin Azərbaycandakı nümayəndələri ilə görüşlərdə Mart soyqırımını soyqırım kimi deyil, hadisə kimi qiymətləndirənlərə rus, ingilis, fransız dillərində faktlarla cavab verən Həbib bəy Mahmudbəyovla tanışlıq iki məsləkdaşın əbədi dostluğuna, qardaşlığına çevrilir. Nərimanov onun simasında ən böyük arxa-dayağını tapır. Bakının zadəgan, əsilzadə mühitinə, onun dəstəyi, təqdimatı ilə qədəm qoyur. Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, İsa bəy Aşurbəyovla dostluğu yaranır. Millətin cəhalətdən qurtuluşu, ideyalarının gerçəkləşməsi üçün müəllim Nərimana üfüqlər açılır. Yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanov Bakı əsilzadələrinin dəstəyi, Hacı Zeynalabdin Tağıyevin xüsusi qayğısı, Həbib bəy Mahmudbəyovun iradəsi ilə bir ideoloq kimi yetişir. Həbib bəy Mahmudbəyov həm də, onun analitik təfəkkürünün inkişafı, intellektual potensialının üzə çıxması, bir pedaqoq, ictimai-siyasi xadim kimi nüfuzunun möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir. Onun təkcə Bakıda deyil, Türkiyədə, Güney Azərbaycanda, eyni zamanda Türküstanda, Ümumrusiyada tanınması üçün imkanlarını səfərbər edir. Dövrünün məşhur siyasi xadimləri, pedaqoq və publisistləri, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Kərim bəy Mehmandarov, Xudadat bəy Rəfibəyov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Əhməd bəy Pepinov, İsa bəy Hacınski, Mirzə Nəsrulla bəy Əmirov, Nəriman bəy Nərimanbəyov, Mirzə Cabbar Məmmədzadə kimi məşhur simaları ilə o, məhz Həbib bəy Mahmudbəyovun vasitəsilə ilə tanış olur.

Nərimanov qüdrəti pedaqoq, ictimai-siyasi xadim, eyni zamanda məşhur publisist, yazıçı və həkim idi.
O, irəlilədikcə, uğurlara, nailiyyətlərə imza atdıqca, ona ən çətin zamanlarda əl tutan, arxa-dayaq duran, böyük qardaş kimi həyan olan, doğru, düz olan yolu göstərən Həbib bəy Mahmudbəyovu nəinki unudur, “həyatımı dəyişən adam, ən böyük müəllimim” deyib, hörmətlə xatırlayır. Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna qurban getdikdən, iflasa uğradıqan sonra Cümhuriyyət qurucuları hücumlara, təzyiqlərə məruz qalarkən artıq Azərbaycanın Birinci şəxsinə çevrilən komissar Nəriman Nərimanov mənəvi terrorla üz-üzə olan Şamil bəy Həbib bəy oğlu Mahmudbəyovu himayəsinə alır. Firudin bəy Köçərlini, Əhməd bəy Ağayevi, Fətəli Xan Xoyskini ölümün ağuşundan ala bilməsə də, Musavat Partiyasının Kiyev şəhər təşkilatını Yusif Vəzir Çəmənzəminli ilə birlikdə quran, Cümhuriyyət zamanı, Cəbrayılın polis rəisi, Qarabağın hərb valisi Xosrov bəy Sultanovun baş müşaviri vəzifələrini tutan Şamil bəyi öncə Şuşa Şəhər İcraiyyə Komitəsinin sədri, sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Daxili İşlər Komissarı, daha sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İcraiyyə Komitəsinin sədri vəzifələrinə təyin edir. Bununla Nəriman Nərimanov təkcə bir məmurun önündə yaşıl işıqları yandırmır, 1901-ci ildə Tiflisdən Bakıya qədəm qoyarkən, iş axtararkən onun əlindən tutan, onu himayəsinə alan böyük qardaş qayğısını, əsl ziyalı, münasibətini ondan əsirgəməyən Həbib bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyovun mənəvi borcundan çıxır. Baxmayaraq ki, Qazi Mustafa Kamal Paşanın Osmanlıya, Türkiyə Cümhuriyyətinə Azərbaycan dövləti adından verdiyi dəstəyə, göstərdiyi yardıma görə ona təşəkkür edib borclu olduğunu dilə gətirən zaman, O, “Paşam, qardaşın qardaşa borcu olmaz!”- deyib onu heyrətləndirmişdi. Bu Nərimanov idi. Onun bir əsilzadə ucalığı, zadəgan kübarlığı, Qarapapaq ləyaqəti, cəsarəti, azərbaycanlı qeyrəti, alicənablığı var idi.

Şərəf Cəlilli