Nərimanovun çıxışı bütün ölkəni silkələyir
Şəxsiyyətinə, siyasi fəaliyyətinə münasibət birmənalı olmayan komissar Nərimanovun milli mənlik, milli kimlik tariximizdəki yerini və rolunu müəyyən edən kifayət qədər məlumatlar var. Onlardan biri də Nargin adasındakı əsir Osmanlı əsirlərinə münasibətidir.
General Sisanovun Abidə Sütununu ləğv etdirən, sütunun daşlarını Mirzə Ələkbər Sabirin postamentinə – ayaqaltına döşətdirən, Sisianov küçəsini dəyişdirib inqilabçı Əli Bayramovun adına rəsmiləşdirən, Türkiyənin Qurtuluş Savaşına Azərbaycan büdcəsinin son quruşunu belə bağışlayan, 500 kq qızıl, 300 sisterni mazut və neft göndərərək Atatürk Cümhuriyyətinin qurulmasına təkan verən, tarixdə “Naxçıvan Şərqin qapısıdır!” nidası ilə qalan Nəriman Nərimanovun Nargin adasındakı, Osmanlı əsirlərini necə xilas etməsi barədə suallar da insanı düşündürən məsələlər sırasındadır.

Minlərlə insan taxta baraklarda, susuz və acılıq içərisində yaşayırdı
Birinci Dünya müharibəsində Türkiyənin uğursuzluğundan sonra Çar Rusyasının diktəsi ilə Bakıya gətirilən minlərlə Osmanlı əsgəri Nargin adasına daşınır. Lakin burada, ada da nə baş verdiyini, əsirlərin başına nə gətirildiyini kimsə bilmir. Nərimanov 1917-ci ildə Nargin adasında saxlanılan Türk əsirlərinin taleyi ilə maraqlanır. Onun təkidi ilə adaya komissiya göndərilir. Əsirlərinin vəziyyəti ilə tanış olduqda Nərimanov, Əliağa Şixlinski, Nigar Şıxlinskaya, Mirəsədulla Mirqasımov, Axund Ağa Əlizadə, hönkür-hönkür ağlamağa başlayırlar. Minlərlə insan taxta baraklarda, susuz və acılıq içərisində yaşayırdı. 400 nəfərlik xəstəxanada 1200 xəstə üst-üstə yatırdı. Hər gün 40-45 əsir acından, soyuqdan, xəstəlikdən ölürdü. Adada qocalar qadınlar, hətta 2 yaşlı uşaqlar da vardı.

“Gözyaşı tökdürən cəzirə”
Həmin günün sabahı Nərimanovun redaktorluğu ilə işıq üzü görən “Hümmət” qəzetində “Gözyaşı tökdürən cəzirə” məqaləsi dərc olur. Bu məqalə və Nərimanovun Dumadakı çıxışı bütün ölkəni silkələyir. Beləliklə, qərar verilir: “Nargin adasından əsir göndərilməsin. Uşaqlar və qocalar adadan çıxarılsın. Xəstələr şəhərə köçürülsün”. Bundan sonra Xeyriyyə Cəmiyyətləri səfərbər olunur. Uşaqlar xilas edilir. Əsirlərə yemək paylanılır. Müsəlman Xeyriyyə Cəmiyyətinin, Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun və digər Bakı əsildazalərinin təqdim etdiyi ianə və dava-dərman Şıxlinskilərin, Nərimanovun və Mirqasımovun səyi ilə xəstələrə çatdırılır. Əsirlərin böyük bir qismi Murtuza Muxtarovun gəmiləri ilə Arazdan o taya, oradan da Osmanlıya keçirilir.
Bu məsələlərdə xüsusi iradə nümayiş etdirən Nəriman Nərimanov Çar Rusiyası tərəfindən cəzalandırılsa da, Bakı əsilzadələri onu müdafiəyə qalxır. Nərimanovun həbsdən azad olunması üçün küllü miqdarda vəsait dövlət büdcəsinə ödənilir.
Şərəf Cəlilli