Cüzdanınızda düzgün loqosu və dollarla ifadə olunan məbləği ilə “USDT” görünür. Siz malı təhvil verirsiniz, sonra isə sizə pul əvəzinə saxta token verildiyini öyrənirsiniz. Kriptovalyuta sahəsində ən məkrli dələduzluq sxemlərindən birinin necə işlədiyini və bu tələyə düşməmək üçün nələrə diqqət yetirməli olduğunuzu araşdırırıq.
Təsəvvür edin: internetdə nəsə satırsınız — oyun hesabı, oyun daxilində əldə edilən əşyalar, frilanser xidməti və ya adi bir əşya. Alıcı ödənişi kriptovalyuta ilə etməyi təklif edir. Bir dəqiqə sonra elektron cüzdanınızda tanınmış bir kriptovalyuta peyda olur: adı tanışdır, loqosu gözə tanış gəlir, dollarla ifadə olunan məbləğ də gözlədiyiniz kimidir. Siz rahatlıqla malı təhvil verirsiniz.
Lakin sonradan əldə etdiyiniz vəsaiti dəyişdirmək istəyəndə məlum olur ki, dəyişdirəcək heç nəyiniz yoxdur. Tokenin heç bir real dəyəri yoxdur.
Bu, saxta ödəniş vasitəsilə həyata keçirilən dələduzluqdur (fake payment scam). Sxemin hiyləgər tərəfi ondadır ki, blokçeyndə köçürmə həqiqətən həyata keçirilib. Sadəcə, sizə təqdim edilən token özünü göstərdiyi kriptovalyuta deyil.
Dələduzluq sxemi necə işləyir?
Blokçeyndə hər kəs öz tokenini yarada və ona istənilən adı verə bilər — istər USDT, istər BTC, istərsə də BNB. Hətta həmin tokenə rəsmi loqonu da əlavə etmək mümkündür. Dələduzlar məhz bu imkandan yararlanırlar. Adətən, onlar saxta tokeni mem-tokenlər yaratmaq üçün nəzərdə tutulan xüsusi platformalar — launchpad vasitəsilə dövriyyəyə buraxırlar. Bu, sürətli və demək olar ki, xərc tələb etməyən prosesdir.
Sonrakı mərhələdə əsas rol likvidliyə məxsusdur. Tokenlərin demək olar ki, hamısı dələduzun özündə qalır. Tokenin bazar qiyməti varmış kimi görünməsi üçün isə o, kiçik likvidlik hovuzu yaradır. Bu hovuza təxminən 2–5 min dollar dəyərində real USDT və ya BTC yerləşdirilir. Məhz həmin hovuz sayəsində elektron cüzdan tokenin dollarla ifadə olunan qiymətini göstərir və qurban ekranda gözlədiyi məbləği görür.
Mal və ya xidmət təhvil verilən kimi dələduz əlindəki tokenlərin hamısını likvidlik hovuzuna satır. Likvidliyin az olması səbəbindən bu satış hovuzdakı real vəsaitin demək olar ki, hamısını çəkib çıxarır. Nəticədə hovuzda çoxlu sayda dəyərsiz token və demək olar ki, sıfır real aktiv qalır. Tokenin qiyməti sıfıra enir. Satıcının əlində isə heç kimin almaq istəmədiyi, satılması mümkün olmayan tokenlər qalır.

Şəkil 1. Dələduzluq sxeminin mərhələləri: saxta tokenin yaradılması → satıcının tapılması → platformadan kənarda kriptovalyuta ilə ödəniş etməyə razı salmaq → saxta tokenin göndərilməsi → satıcının balansı görüb yoxlama aparmaması → malın təhvil verilməsi → dələduzun tokenləri sataraq likvidliyi boşaltması və qiymətin sıfıra düşməsi → satıcının zərərə düşməsi və sxemin növbəti qurbanla təkrarlanması. Mənbə: Binance.
Dələduzlar kimləri hədəf seçirlər?
Dələduzlar qurbanlarını təsadüfi seçmirlər. Onlar həm blokçeyndəki əməliyyatları, həm də sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində və onlayn satış platformalarında yerləşdirilən elanları izləyirlər. Nəsə satan hər kəs onların hədəfinə çevrilə bilər: oyun əşyaları və oyun valyutası satanlar, frilanserlər, eləcə də fiziki məhsullarını satışa çıxaran şəxslər.
Digər bir üsul isə saxta tokenləri investisiyadan gəlir əldə etmək vədi ilə təqdim etməkdir.
Dələduzların əsas hədəfi kriptovalyuta sahəsində təcrübəsi olmayan insanlardır. Əvvəlcə qarşı tərəfin bu sahədə nə dərəcədə məlumatlı olduğunu öyrənməyə çalışırlar. Yalnız ödənişi yoxlamayacağına əmin olduqdan sonra kriptovalyuta ilə ödəniş təklif edirlər. Daha sonra isə tələsməyə məcbur edirlər: “Tez ol, mənə təcili lazımdır”.
Real hadisə: mövcud olmayan “BNB”
İstifadəçilərdən biri TikTok hesabını 0,9 BNB-yə satıb. Ödəniş gəlib, hesab isə alıcıya təhvil verilib. Problem yalnız satıcı vəsaiti çıxarmaq istəyəndə üzə çıxıb: elektron cüzdandakı “BNB” əslində saxta token imiş. Onu nə başqa kriptovalyutaya dəyişmək, nə də cüzdandan çıxarmaq mümkün olub.

Şəkil 2. Dələduzluq qurbanının elektron cüzdanına daxil olan saxta BNB nümunəsi. Mənbə: Binance.
Özünüzü necə qorumalı: əvvəlcədən razılaşın, sonra yoxlayın
Qorunmaq üçün tədbirləri ödənişdən əvvəl görmək lazımdır. Kriptovalyuta ilə ödənişə razılıq verməzdən əvvəl alıcı ilə hansı vəsaiti alacağınızı dəqiq müəyyənləşdirin:
Ödəniş hansı şəbəkə üzərindən göndəriləcək? (Ethereum, BNB Smart Chain və ya başqa şəbəkə);
Tokenin rəsmi müqavilə ünvanı (contract address) nədir — əgər bu, tətbiq edilirsə;
Kriptovalyutanın tam adı və qısaldılmış işarəsi (ticker) hansıdır;
Ödənişin dəqiq məbləği nə qədərdir?
Ödəniş daxil olduqdan sonra onu əvvəlcədən razılaşdırılmış məlumatlarla tutuşdurun. Dəyərli malı təhvil verməzdən əvvəl isə aşağıdakı beş bənddən ibarət yoxlama siyahısından istifadə edin.
Beş bəndlik yoxlama siyahısı
- Şəbəkə
Eyni adlı tokenlər müxtəlif blokçeynlərdə mövcud ola bilər. Vəsaitin məhz əvvəlcədən razılaşdırdığınız şəbəkə üzərindən daxil olduğunu yoxlayın.
- Müqavilənin tam ünvanı
Tokenin adını, qısaldılmış işarəsini və loqosunu saxtalaşdırmaq çox asandır. Buna görə də yalnız bu məlumatlara etibar etməyin. Müqavilə ünvanını etibarlı mənbədə — tokeni buraxan şirkətin rəsmi saytında və ya böyük kriptovalyuta birjasının siyahısında göstərilən ünvanla müqayisə edin. Ünvanın yalnız ilk və son simvollarını deyil, hamısını yoxlayın.
- Real dəyər və vəsaiti çıxarmaq imkanı
Elektron cüzdanın dollarla göstərdiyi məbləğ aldadıcı ola bilər. Əgər vəsaiti adi pula çevirməyi planlaşdırırsınızsa, tokenin gözlədiyiniz qiymətə həqiqətən dəyişdirilə bildiyinə əmin olun. Saxta token müəyyən anda alınıb-satıla bilən kimi görünə, bir dəqiqə sonra isə tamamilə satılmaz hala gələ bilər.
- Təzyiq və tələskənlik
Aşağıdakı hallar şübhə doğurmalıdır: alıcının sizi malı tez təhvil verməyə tələsdirməsi, yoxlama aparmaq əvəzinə onun sözünə və ya ekran görüntüsünə inanmağınızı istəməsi, elektron cüzdanın xəbərdarlıqlarına məhəl qoymamağı məsləhət görməsi.
Nəsə şübhəli görünürsə, dayanıb yoxlama aparın. Vicdanlı alıcı ödənişin yoxlanılmasına etiraz etməz.
- Elektron cüzdanın xəbərdarlıqları
Elektron cüzdanlar şübhəli tokenlər barədə məlumat olduqda istifadəçini xəbərdar edə bilər. Belə xəbərdarlıq görsəniz, ciddi ehtiyatlılıq nümayiş etdirin — token saxta ola bilər.
Ancaq unutmayın ki, bu müdafiə üsulu mükəmməl deyil. Xəbərdarlığın olmaması tokenin təhlükəsiz olduğuna zəmanət vermir.

Şəkil 3. Elektron cüzdanda şübhəli tokenlə bağlı xəbərdarlıq nümunəsi. Mənbə: Binance.
Şübhəli token daxil olubsa, nə etməli?
Aldığınız kriptovalyutanın saxta olmasından şübhələnirsinizsə:
Məsələni dəqiqləşdirənədək malı və ya xidməti təhvil verməyin.
Tokenə vəsaitlərin xərclənməsinə icazə (approve) verməyin. Bu, elektron cüzdanınızdakı aktivlərə çıxış imkanı yarada bilər.
Tokenin müqavilə ünvanını və əməliyyatın identifikasiya kodunu (transaction hash) saxlayın.
Elektron cüzdanınızın dəstək xidməti ilə yalnız rəsmi kanallar vasitəsilə əlaqə saxlayın.
Tokeni başqa insanlara göndərməyin. Əks halda, onları da eyni dələduzluq sxeminin qurbanına çevirə bilərsiniz.
Əsas nəticə
Bu dələduzluq sxemi saxta tokenin zahirən orijinalından seçilməməsi sayəsində işləyir. Deməli, qorunmağın yolu görüntüyə deyil, texniki məlumatlara — şəbəkəyə və müqavilə ünvanına diqqət yetirməkdir.
Dəyərli malı təhvil verməzdən əvvəl ödənişi mütləq yoxlayın. Elektron cüzdanın xəbərdarlıqları əlavə müdafiə vasitəsidir, lakin əsas təhlükəsizlik tədbiri özünüzün apardığınız yoxlamadır.
Bu mövzu ilə maraqlananlar əlaqəli digər dələduzluq sxemləri haqqında da məlumat əldə edə bilərlər. Məsələn, honeypot tokenləri almaq mümkün olsa da, onları satmaq olmur. Rug pull sxemində isə layihənin yaradıcıları qəfil bütün likvidliyi çıxararaq yoxa çıxırlar.
Qeyd: Material 24 sentyabr 2026-cı il tarixində Binance bloqunda dərc edilmiş “Fake Payment Scams Explained: How They Work and How to Stay Safe” adlı məqalə əsasında hazırlanıb. İllüstrasiyalar: Binance. Material məlumatlandırma xarakteri daşıyır və maliyyə məsləhəti hesab edilmir.