Bakının Nizami rayonunda asfalt örtüyü yenilənən yolda piyada keçidlərinin nişanlanmaması narazılığa səbəb olub.
Baki-baku.az xəbər verir ki, bu işlər Nizami Rayon İcra Hakimiyyətinin qarşısında, Musa Əliyev küçəsində qeydə alınıb.
Sözügedən yol bir aydan artıqdır asfaltlanıb və ərazidə bir sıra nişanlar mövcuddur. Ancaq piyada keçidlərinin xətləri yoxdur. Hazırda nişanlanmaların olmaması səbəbindən sürücülərin bir qisminin piyadalara yol vermədiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən bildirildi ki, adıçəkilən ərazidə təmir işləri həyata keçirilib. Növbəti mərhələ nişanlanma mərhələsidir ki, yaxın zamanda bu işlər də görüləcək. Hərəkət iştirakçıları ərazidə mövcud olan nişanların tələblərinə riayət etməlidirlər.
