Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/15/2026

Paylaşın

Mədəniyyət

Nicat Kazımov: “Canlı sənətin yerini heç nə verə bilməz” – MÜSAHİBƏ

IMG-20260715-WA0001

Teatr onun üçün təkcə səhnədən ibarət deyil. O, insan ruhunun ən canlı ifadəsidir. Rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov hesab edir ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə belə, canlı sənətin yerini heç nə verə bilməz. Onun fikrincə, teatr zamanla dəyişməli, yenilənməli, amma öz ruhunu və milli kimliyini qorumalıdır. Baki-baku.az-a müsahibəsində Nicat Kazımov müasir teatrın problemlərindən, tamaşaçı zövqündən, süni intellektin yaradıcılığa təsirindən, gənc aktyorların hazırlığından və rejissorluğun görünməyən tərəflərindən danışıb.

– Teatr tamaşaçının nəbzini tutmalı, onun zövqünə uyğun tamaşalar hazırlamalıdır? Yoxsa tamaşaçı teatrın təqdim etdiyini qəbul etməlidir?

– Əslində, teatr yalnız yaradıcılığı düşünməlidir. Teatr səhnəyə özünün marağında olan tamaşanı çıxarmalıdır. Düzgün yol budur. Amma müasir dövrün də öz tələbləri var. Aydın məsələdir ki, bizim tamaşaçımız Avropa və ya Rusiya tamaşaçısı da deyil. Bizdə tamaşaçı daha çox adına bələd olduğu tamaşaya gedir. Yəni tanıdığı əsərə baxmağa üstünlük verir. Adını eşitmədiyi, ona yad gələn tamaşaya isə ehtiyatla yanaşır. Hətta çox yaxşı quruluşda, yüksək səviyyəli yeni bir əsər təqdim edəndə belə, ona tərəddüdlə yanaşır. Təbii ki, bunu bütün tamaşaçılara aid etmirəm. Amma çoxluq belədir. Məsələn, “Leyli və Məcnun” tamaşasının həmişə tamaşaçısı olur. Amma “Şah Abbas Namə” ondan geri qalır. Çünki tamaşaçı bu əsəri tanımır.

Ona görə də çalışırıq ki, tamaşaçıya tanış adlar təqdim edək. Amma keyfiyyət məsələsində heç vaxt güzəştə getmirik və öz sözümüzü deyirik.

– Bəs tamaşaçı öz istədiyini teatrdan ala bilirmi?

– Bəli, bu gün tamaşaçı öz istədiyini teatrdan ala bilir. Yetər ki, teatra gəlsin. Çünki Gənc Tamaşaçılar Teatrında bütün zövqlərə, dünyagörüşlərinə və yaş kateqoriyalarına uyğun tamaşalar var. Amma biz tamaşaçını teatra kifayət qədər cəlb edə bilirikmi? Təəssüf ki, yox.

– Texnologiya dövrüdür. Hamı telefonda, kompüterdə, planşetdədir. Belə bir dövrdə tamaşaçını teatra cəlb etmək, teatrı gündəmdə saxlamaq nə qədər çətindir?

– Bunun üçün bir az zaman lazımdır. Düşünürəm ki, bir müddətdən sonra insanlar canlı sənətə daha çox ehtiyac duyacaqlar. Çünki süni mühitdən bezəcəklər. Canlı sənətin yerini heç nə verə bilməz və insanlar bunu anlayacaqlar. Sosial şəbəkələr artıq məni yorur, hətta bəzən iyrəndirir. Çünki ifrat həddə çatıb. Bəzən düşünürəm ki, bəlkə də bizdə də onların müəyyən qədər məhdudlaşdırılmasına ehtiyac var.

– Süni intellekt artıq ssenarilər də yazır. Sizcə, bu sahədə üstün ola bilərmi?

– Xeyr. Bu mümkün deyil. Çünki insan beyni canlıdır. Yaşayır, görür, hiss edir və yaratdıqlarını həmin hisslər üzərində qurur. Süni intellektin isə duyğuları yoxdur. Nə qədər mükəmməl proqramlaşdırılsa da, insan təfəkküründən və yaradıcılığından üstün ola bilməz. Nə qədər insan varsa, bir o qədər tale, düşüncə və fərqli baxış var. Əsərlər də məhz bunlardan doğur. İnsan öz ruhunu, canını əsərinə qoyur. Süni intellektin isə ruhu yoxdur. O, əsərinə nə qoyacaq? Bəli, elə sahələr var ki, süni intellekt orada faydalıdır. Amma yaradıcılıq bunlardan deyil.

– Tamaşanın əsas meyarı nədir?

– Hər tamaşanın öz meyarı, öz baxış bucağı var. Hamısı eyni ola bilməz. Əks halda tamaşaçı üçün maraqlı olmaz. Rejissorların fərqi də elə bundadır ki, eyni əsərə müxtəlif rakursdan baxırlar. Əgər hamı kimi görəcəksənsə, rejissor olmağın mənası yoxdur. Mən işimə heç vaxt xəyanət etməmişəm. Bu sənətlə sevgiylə məşğul oluram. Tamaşalarımın sayı çox olsun deyə işləməmişəm. Kiminsə xoşuna gəlmək üçün də iş görmürəm. Aktyorlarımı çox sevirəm. Məşqlər zamanı əsəbiləşirəm də, qışqırıram da, mübahisə də edirik. Amma mənimlə işləyən aktyorların hamısı bilir ki, bunların hamısının kökündə sevgim dayanır. Əsas meyar, bəlkə də budur.

– Bəs haradan bilirsiniz ki, tamaşa uğurlu alınacaq?

– Mən bunu artıq məşqlər zamanı hiss edirəm. Öz tamaşama tamaşaçı kimi baxıram. Əgər mən kövrəlirəmsə, bilirəm ki, tamaşaçı da kövrələcək. Mən ağlayıramsa, o da ağlayacaq. Onda anlayıram ki, tamaşa alınacaq. İndiyə qədər intuitiv hiss etdiyim hər şey doğru çıxıb. Bəzən hansısa tamaşadan böyük uğur gözləmirəm. Sadəcə işimi görürəm. Məsələn, “Ana qaz”, “Ələddinin sehrli çırağı”, “Pəri cadu”, “Tanrıya 14 məktub” tamaşalarında məqsədim sadəcə yaxşı tamaşa hazırlamaq idi. Amma onlar, düşünürəm ki, çox uğurlu alındı. Demək istəyirəm ki, bunun dəqiq düsturu yoxdur.

– Bəzən tamaşaların quruluşunda plagiat açıq şəkildə görünür…

– Plagiat çox pis şeydir. Mən hətta özüm-özümdən plagiat etməməyə çalışıram. Amma belə hallarla tez-tez rastlaşırıq. Plagiat və orijinal iş arasında fərq ondadır ki, plagiatda forma olur, məzmun olmur.

Əsl yaradıcılıqda isə həm forma var, həm də məzmun. “Tanrıya 14 məktub” tamaşasında katolik kilsə musiqisinin üzərinə azan səsi vermişdim. Bir neçə ay sonra Səddam Hüseynin oğlunun toyundan görüntülərdə eyni yanaşmanı gördüm. Əminəm ki, nə mən onların işini görmüşdüm, nə də onlar mənim tamaşamı. Belə hallar olur. Fərqli insanların ağlına eyni ideya gələ bilər. Bu, başqa məsələdir. Amma kiminsə ideyasını götürüb öz adına çıxmaq oğurluqdur. Özünə hörmət edən insan plagiat etməz.

– Aktyora nəyi bağışlamazsınız?

– Özbaşınalığı!.. Aktyor səhnədə özbaşına improvizəyə yol versə, onunla işləmərəm. Mən improvizasiyanı yalnız məşq prosesində sevirəm. Məşqlərdə müxtəlif variantlar yoxlanılır, sonda ən yaxşısı seçilir və tamaşaçıya məhz o təqdim olunur. Heç kimin ixtiyarı yoxdur ki, səhnədə tamaşaya özündən nə isə əlavə etsin. Tamaşaçıya böyük hörmətlə yanaşmalıyıq. Ona tam işlənmiş, son variantı göstərməliyik.

– Gənc Tamaşaçılar Teatrının tamaşaçısı kimdir?

– Deyərdim, 7 yaşdan 77 yaşa qədər. Amma əslində, bu da azdır. Hətta 99 yaşa qədər deyərdim. Bu teatr sovet dövründə əsasən yeniyetmələr üçün yaradılmışdı. Amma illər keçdikcə bütün yaş qrupları üçün tamaşalar hazırlanmağa başladı.

Gənc Tamaşaçılar Teatrının ensiklopedik izahında da qeyd olunur ki, burada dramdan tutmuş pantomimaya, sirkdən müziklə qədər müxtəlif janrlar təqdim oluna bilər. Artıq 98 ildir ki, burada bir-birindən fərqli tamaşalar hazırlanır. Bu teatrın aktyorları da fərqlənirlər. Çünki eyni aktyor səhər uşaqlar üçün, axşam isə böyüklər üçün tamaşada oynayır. Aktyor ştamplaşmamaq üçün mütləq müxtəlif xarakterli obrazlar yaratmalıdır.

– İllər sonra Nicat Kazımovun hansı tamaşası ilə xatırlanmasını istərdiniz?

– “Ana qaz”, “Pəri cadu” böyük səs-küy yaratmışdı. Amma özüm seçim edə bilmərəm. Hamısı mənim üçün doğmadır. Əlbəttə, daha ciddi tamaşalarımla yadda qalmağı istərdim. “Şah Abbas Namə”, “Kabuslar”, “Kölgə”, “Tanrıya 14 məktub” və başqaları… İndiyə qədər quruluş verdiyim tamaşaların sayı 70-i keçib. Amma hələ də inanıram ki, ən yaxşı tamaşamı hələ hazırlamamışam.

– Bu gün teatrda ən çox nə çatmır?

– Məncə, maliyyə və teatr savadlılığı. Allah bizə elə bir temperament verib ki, teatr sənəti üçün çox yararlıyıq. Rusiyada təhsil alanda müəllimimiz deyirdi ki, siz pis oynaya bilmirsiniz. Yəni biz yaradılışdan bu sahədə fərqliyik. Sadəcə, düzgün üslub seçmək, üslubları qarışdırmamaq çox vacibdir. Bütün bunlar da müəyyən mənada maliyyəyə bağlıdır. Aktyor elə maaş almalıdır ki, teatrdan başqa serial və reklamlarda çəkilməyi düşünməsin. Rifahı yaxşı olmalıdır ki, kitab oxusun, özünü inkişaf etdirsin. Teatr adamı daim öyrənməlidir. Yorulmadan oxumalı, inkişaf etməlidir.

– Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyasında və Bakı Xoreoqrafiya Akademiyasında pedaqoqsunuz. Bugünkü tələbələr əvvəlkilərdən nə ilə fərqlənirlər?

– Mənim üçün bizim dövrün tələbələri daha üstün idi. Bizdə yaxşı mənada hikkə vardı. Kimsə “sən bunu bacarmazsan” deyəndə, biz əksinə, onu bacarmağa çalışırdıq. Məsuliyyət hissi daha güclü idi. Stanislavskinin kitabı əldən-ələ gəzirdi. Kitabın özünü tapmaq olmurdu. Makinada çap edilmiş tərcümələri oxunmaqdan cırılırdı, amma yenə də oxunurdu. İndi hər şey əlçatandır, istənilən material internetdə var. Amma gənclərdə oxumağa həvəs azdır. Təbii ki, hamısını nəzərdə tutmuram.

– Və sonda ənənəvi sualımız: Bakı sizin üçün hansı hissləri ifadə edir?

– Bakı mənim üçün doğmalıqdır, gənclik xatirələridir, romantikadır, nostaljidir. İndi artıq heç nəyə çılğınlıqla yanaşmıram. Daha sakit, daha həzin olmuşam. Şəhərin gözəlləşməsi, müasirləşməsi, yenidənqurma işləri əladır. Amma mən Bakının bu qədər Avropalaşmasının, insanların həyat tərzinin və geyiminin bu qədər dəyişməsinin tərəfdarı deyiləm. Mənim üçün bura Bakıdır. Azərbaycanın paytaxtıdır. Və ən əsası, Şərqin qapısıdır…

Söhbətləşdi: Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi sadəcə yubiley tədbiri deyildi.

Ən son

Mədəniyyət

Baki-baku.az-a müsahibəsində Nicat Kazımov müasir teatrın problemlərindən, tamaşaçı zövqündən, süni intellektin yaradıcılığa təsirindən, gənc aktyorların

Mədəniyyət

Baki-baku.az-a müsahibəsində Nicat Kazımov müasir teatrın problemlərindən, tamaşaçı zövqündən, süni intellektin yaradıcılığa təsirindən, gənc aktyorların
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin