Bəzən bir şairin taleyi yazdığı şeirlərdən də maraqlı olur. Özü sağlığında böyük şöhrətə can atmayan, ömrünü müəllimliklə, xəttatlıqla və poeziya ilə keçirən bir insanın sözləri illər sonra Avropanı dolaşır, müxtəlif dillərdə nəşr olunur, hətta böyük rus yazıçısı Lev Tolstoyun da diqqətini çəkir. Söhbət Gəncənin yetirdiyi, adı dünya ədəbiyyatı tarixinə düşən Mirzə Şəfi Vazehdən gedir.
1794-cü ildə Gəncədə dünyaya gələn Mirzə Şəfi Sadıq oğlu yalnız şair deyildi. O, həm də mütəfəkkir, mahir xəttat, müəllim və maarifçi idi. Atası Kərbəlayi Sadıq bənna idi. Erkən yaşlarında atasını itirən Şəfinin həyatında Hacı Abdulla adlı bir şəxsin xüsusi yeri oldu. Onun himayəsi və təsiri ilə gəncin dünyagörüşü formalaşdı. Mədrəsədə aldığı təhsil zamanı ərəb və fars dillərini öyrənən Şəfi dini biliklərlə kifayətlənmək istəmirdi. Onun marağı daha geniş idi: ədəbiyyat, fəlsəfə, insan və həyat…
Mədrəsənin divarlarına sığmayan düşüncə
Mirzə Şəfinin düşüncələri dövrün dini ehkamları ilə hər zaman uzlaşmırdı. O, mövhumata, kor-koranə itaətə və insanın düşüncəsini məhdudlaşdıran qəliblərə qarşı çıxırdı. Bu mövqeyi mədrəsə ruhanilərinin narazılığına səbəb oldu və onlar ona dərs verməkdən imtina etdilər. Beləliklə, Şəfi mədrəsəni tərk etdi.
Lakin onun üçün bu, təhsilin sonu deyildi. Əksinə, həyatın özündən öyrənmək mərhələsi başlayırdı. Xəttatlıqla məşğul olur, dərs deyir, şeirlər yazır, insanları düşünməyə səsləyirdi. Maraqlıdır ki, gələcəkdə Avropada şöhrət qazanacaq bu şairin şagirdlərindən biri də Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Mirzə Fətəli Axundzadə idi. Axundzadə ondan nəstəliq xəttini öyrənmiş, Şəfinin təsiri ilə ruhani olmaq fikrindən uzaqlaşmışdı.
“Divani-hikmət”: sözün və düşüncənin məclisi
1840-cı ildə Tiflisə köçən Mirzə Şəfi burada Azərbaycan və fars dillərindən dərs deməyə başladı. Şəhərin ziyalı mühiti onun dünyagörüşünün və yaradıcılığının inkişafına yeni imkanlar açdı. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və dövrün digər tanınmış simaları ilə ünsiyyət qurdu.
1844-cü ildə isə Tiflisdə «Divani-hikmət» – «Müdriklik dərnəyi» adlı ədəbi-fəlsəfi məclis yaratdı. Burada poeziya, fəlsəfə, Şərq ədəbiyyatı və həyat haqqında söhbətlər aparılırdı. Məclisin qapıları yalnız yerli ziyalıların deyil, Şərq mədəniyyətinə maraq göstərən əcnəbilərin də üzünə açıq idi.
Həmin əcnəbilərdən biri alman şairi Fridrix Bodenştedt idi. O, Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənir, dərslərdən sonra şairin şeirlərini dinləyirdi. Bu tanışlıq sonralar Azərbaycan ədəbiyyatının ən maraqlı və eyni zamanda mübahisəli hadisələrindən birinə çevriləcəkdi.
Gəncədən Avropaya uzanan şeir yolu
Bodenştedt Mirzə Şəfinin şeirlərini toplayaraq 1847-ci ildə Tiflisdən ayrılarkən özü ilə Almaniyaya apardı. 1850-ci ildə “Şərqdə min bir gün” kitabında həmin şeirlərin tərcümələrini, 1851-ci ildə isə Berlində “Mirzə Şəfi nəğmələri” adlı ayrıca kitabı nəşr etdirdi.
Vazehin şeirləri qısa zamanda Avropada böyük maraq doğurdu. Alman dilindən ingilis, fransız, italyan, isveç, holland, danimarka, polyak, çex və başqa dillərə tərcümə olundu. Kitabın yeni nəşrləri meydana çıxdı, şairin adı müxtəlif ölkələrdə tanınmağa başladı. Hətta Lev Tolstoy da 1880-ci ildə Mirzə Şəfinin şeirlər kitabının onda dərin təəssürat yaratdığını yazırdı. Rus bəstəkarı Anton Rubinşteyn isə onun sözlərinə mahnılar silsiləsi bəstələmişdi.
Ancaq bu şöhrətin arxasında bir haqsızlıq da vardı. Bodenştedt sonralar nəğmələrin tərcümə deyil, öz yaradıcılığının məhsulu olduğunu iddia etməyə başladı. Bununla da Mirzə Şəfinin müəllifliyi ətrafında uzun sürən mübahisə yarandı. Sonrakı araşdırmalar, arxiv sənədləri və Azərbaycan, fars dillərində qorunub saxlanılan orijinal əlyazmalar şeirlərin əsl müəllifinin Mirzə Şəfi Vazeh olduğunu təsdiqlədi.
Beləcə, Azərbaycan şairinin sözləri dünyanı dolaşsa da, onun müəllifliyini qorumaq ayrıca bir mübarizəyə çevrildi.
Həyatı sevən, azadlığı tərənnüm edən şair
Mirzə Şəfi Vazehin poeziyasının əsasını həyat eşqi, məhəbbət, gözəllik və insan azadlığı təşkil edirdi. O, sevgini əlçatmaz, mücərrəd bir duyğu kimi deyil, insanın gündəlik həyatında yaşadığı, hiss etdiyi gerçək bir nemət kimi təqdim edirdi. Təbiətin gözəllikləri, çiçəklərin ətri, bulaqların saflığı, bülbülün nəğməsi onun şeirlərində insanın sevincinə qoşulurdu.
Amma Vazeh yalnız sevgi şairi deyildi. Onun satirik əsərlərində dini fanatizm, mövhumat, cəhalət və ictimai ədalətsizlik tənqid olunurdu. “Sədi və Şah”, “Teymur”, “Dərviş”, “Şah Abbas” kimi süjetli şeirlərində insanın ləyaqəti, azadlığı və düşüncə sərbəstliyi ön plana çəkilirdi. Şairin qənaətincə, insanı ucaldan onun sərvəti və məqamı deyil, düşüncəsi, mənəvi dünyası və azad ruhudur.
Vazehin həyatında maarifçilik də mühüm yer tuturdu. O, Tiflisdə müəllimlik etdiyi illərdə İvan Qriqoryevlə birlikdə «Kitabi-türki» adlı dərslik hazırladı. 1852-ci ildə tamamlanan bu müntəxəbatda Azərbaycan, ərəb və fars ədəbiyyatından nümunələr, hikmətli sözlər, hekayələr, təmsillər, Füzulinin şeirləri və tarixi mətnlər toplanmışdı. Dərsliyin əlyazmasını Mirzə Şəfi özü müxtəlif nəstəliq və digər xətt növlərində yazmışdı.
Ömrü bitdi, nəğmələri qaldı…
Mirzə Şəfi Vazeh 1852-ci il noyabrın 16-da Tiflisdə vəfat etdi. Onun həyatının sonuna qədər çalışdığı gimnaziya, yaratdığı ədəbi məclis, yetişdirdiyi şagirdlər və yazdığı şeirlər arxasında qalan ən qiymətli miras idi.
Şairin yaradıcılığının böyük hissəsi bu günümüzə çatmayıb. Uzun müddət onun şeirlərinin yalnız tərcümələrinin qaldığı düşünülsə də, sonrakı axtarışlar Azərbaycan və fars dillərində orijinal mətnlərin bir qismini üzə çıxardı. Görkəmli ədəbiyyatşünas Salman Mümtaz da Vazehin irsinin araşdırılmasında mühüm rol oynadı.
Mirzə Şəfi Vazehin taleyində qəribə bir ziddiyyət var: o, yaşadığı dövrdə öz vətənindən uzaqlarda tanınan, lakin yaradıcılığının bir hissəsi itirilmiş şairdir. Onun nəğmələri Avropa dillərində səslənib, düşüncələri sərhədləri aşıb, müəllifliyi isə zamanın sınağından keçib.
Vazehin böyüklüyü elə bundadır: o, insana həyatı sevməyi, gözəlliyi görməyi, azad düşünməyi öyrədirdi. Və əsrlər keçsə də, onun poeziyasının əsas çağırışı dəyişmir – insan yaşadığı dünyanın, sevdiyi həyatın və azad ruhunun qədrini bilməlidir.
Xanım Aydın