Noyabrın 11-də Laçın şəhərində yerləşən LaCinema kinoteatrında “Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrini Laçına dəvət etmək, onları şəhər sakinləri ilə görüşdürmək, sənət və sənətkar haqqında canlı söhbətlərə, fikir mübadiləsinə şərait yaratmaqdır.
Baki-baku.az xəbər verir ki, silsilə xarakteri daşıyan layihə çərçivəsində Azərbaycan kinosunun, musiqisinin, teatrının, ədəbiyyatının, təsviri sənətinin və digər yaradıcılıq sahələrinin tanınmış nümayəndələri Laçının qonağı olacaq, öz yaradıcılıq yolları, sənət təcrübələri və həyat hekayələrini şəhər sakinləri ilə bölüşəcəklər.
Layihənin ilk görüşü Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunub. Tədbirin fəxri qonaqları milli kinomuzun parlaq simaları, kino tariximizin canlı şahidləri – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov olublar.
Tədbirin moderatoru kinotənqidçi Sevda Sultanova olub.
Görüş zamanı sənətkarlar öz yaradıcılıq yollarından, Azərbaycan kinosunun zəngin tarixindən, unudulmaz ekran əsərlərindən, aktyor sənətinin məsuliyyətindən və müasir kino prosesindən danışıblar. Laçın sakinləri böyük sənətkarlarla birbaşa ünsiyyət qurmaq, onları yaxından tanımaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.
Görüş çərçivəsində Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi hazırlanmış videoçarx da nümayiş etdirilib. Videoçarxda sənətkarların bioqrafiyası, zəngin yaradıcılıq yolu, filmoqrafiyası və Azərbaycan kinosuna bəxş etdikləri ekran obrazları öz əksini tapıb.
Tədbirin musiqi proqramı da xüsusi maraq doğurub. Pianoçu Şahin Yəhyazadə sənətkarların çəkildikləri filmlərdən seçilmiş musiqi əsərlərini ifa edib. Musiqi nömrələri görüşə xüsusi bədii ovqat və emosional çalar qatıb.
Tədbir çərçivəsində qonaqlar Bakı Abadlıq Xidməti tərəfindən yaradılmış “HoçazFilm” kinostudiyasının maddi-texniki bazası ilə də tanış olublar. Kinostudiyanın texniki və yaradıcı imkanları, burada həyata keçirilməsi nəzərdə tutulan yeni film layihələri, eləcə də Laçının kino məkanına çevrilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, Laçın Beynəlxalq Film Festivalının gələcək inkişaf perspektivləri, festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə tərəfdaşlıq imkanları və milli kino sənayesinin Laçında təşviqi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Laçının ölkənin və beynəlxalq kino məkanının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Laçından keçən ulduzlar” yalnız tanınmış sənət adamları ilə görüşləri əhatə edən layihə deyil. Bu təşəbbüs Laçının mədəni həyatına yeni nəfəs gətirməyi, şəhərin ictimai-mədəni mühitini zənginləşdirməyi, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü daha da möhkəmləndirməyi hədəfləyir.
Qeyd edək ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və “HoçazFilm”in birgə təşkilatçılığı ilə baş tutub.
Yüksək təşkilatçılıq səviyyəsi, zəngin bədii proqramı və səmimi atmosferi ilə yadda qalan görüş Laçının mədəni həyatında əlamətdar hadisələrdən biri olub.

