Azərbaycanda tullantıların idarə olunması uzun illərdir ekoloji təhlükəsizlik, şəhər təsərrüfatının səmərəliliyi və təkrar emal imkanlarının genişləndirilməsi baxımından diqqət mərkəzində olan sahələrdən biridir. Əhalinin sayının artması, urbanizasiya prosesinin sürətlənməsi və istehlak həcmlərinin yüksəlməsi tullantıların idarə olunmasına yeni yanaşmalar tələb edir. Prezident İlham Əliyevin imzaladığı son Fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması və yeni Milli Strategiyanın hazırlanması da məhz bu istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu qərar tullantıların toplanmasından təkrar emalına qədər bütün mərhələlərdə daha şəffaf, rəqəmsal və səmərəli sistemin formalaşmasına imkan yarada bilər.
Bu barədə Baki-baku.az-a danışan “Eko Monitorinq” MMC-nin direktoru Kənan Kərimli yeni Agentliyin qarşısında duran əsas vəzifələrdən, tullantı idarəçiliyində mövcud problemlərdən və Milli Strategiyada əksini tapmalı olan prioritet istiqamətlərdən bəhs edib.

Prezidentin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması və bərk məişət tullantıları ilə bağlı yeni Milli Strategiyanın hazırlanması əslində Azərbaycanda tullantı idarəçiliyi sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız yeni qurumun yaradılması deyil, həm də uzun illərdir müxtəlif istiqamətlər üzrə mövcud olan problemlərin vahid yanaşma əsasında həllinə imkan yarada biləcək institusional dəyişiklikdir.
O bildirib ki, bu gün Azərbaycanda tullantı idarəçiliyinin əsas problemlərindən biri prosesin bütün mərhələlərinin tam inteqrasiya olunmuş və rəqəmsal nəzarət mexanizmi üzərində qurulmamasıdır:
“Son illərdə xüsusilə Bakı və ətraf ərazilərdə tullantıların toplanması və daşınması sahəsində müəyyən irəliləyişlər əldə olunsa da, sistemin bəzi hissələrində hələ də boşluqlar mövcuddur. Bu boşluqlar həm ekoloji təhlükəsizlik, həm də bazarda sağlam rəqabət mühiti baxımından ciddi problemlər yaradır.
Yeni yaradılan Agentlikdən əsas gözləntilərdən biri məhz tullantıların yaranmasından son utilizasiyasına qədər olan bütün mərhələlər üzrə vahid nəzarət sisteminin qurulmasıdır. Tullantı idarəçiliyi yalnız tullantının konteynerdən götürülməsi ilə bitmir. Bu, tullantının mənbədə ayrılması, toplanması, daşınması, təhvil verilməsi, emalı və ya zərərsizləşdirilməsi də daxil olmaq bütöv bir zənciri əhatə edir. Agentliyin əsas funksiyalarından biri bu zəncirin bütün həlqələrinin koordinasiyasını təmin etmək olmalıdır”.

MMC-nin direktoru qeyd edib ki, Milli Strategiyada öz əksini tapmalı olan vacib məsələlərdən biri tullantıların mənbədə çeşidlənməsi sisteminin geniş tətbiqidir:
“Hazırda tullantıların daşınması sahəsində fəaliyyət göstərən özəl şirkətlər və fiziki şəxslər tərəfindən tullantıların böyük hissəsi qarışıq formada toplanır və nəticədə təkrar emal potensialının əhəmiyyətli hissəsi itirilir. Müasir yanaşma artıq “topla və apar” modelindən “azalt, ayır, təkrar emal et” modelinə keçidi tələb edir. Bu baxımdan yeni strategiyada ev təsərrüfatları, müəssisələr, ticarət obyektləri və istehsalat sahələri üçün tullantıların mənbədə ayrılması ilə bağlı konkret mexanizmlərin nəzərdə tutulması vacibdir”.

Digər mühüm istiqamətin regionlarda tullantı idarəçiliyi infrastrukturunun gücləndirilməsi olduğunu diqqətə çatdıran Kənan Kərimli Bakı ilə müqayisədə bəzi rayon və kəndlərdə tullantı toplama məntəqələrinin əlçatanlığının, daşınma imkanlarının və texniki təminat səviyyəsinin daha aşağı olduğunu söyləyib. Onun sözlərinə görə, bu da, bəzi hallarda tullantıların açıq ərazilərə atılması və ya yandırılması kimi arzuolunmaz hallara səbəb olur. Strategiya ölkə üzrə vahid standartların formalaşdırılmasını və regionlar arasında mövcud fərqlərin minimuma endirilməsini hədəfləməlidir.
“Sizin qeyd etdiyiniz tullantıların daşınması sahəsində fəaliyyət göstərən bəzi fiziki və hüquqi şəxslərlə bağlı məsələ isə yeni strategiyada xüsusi diqqət tələb edən istiqamətlərdən biridir. Hazırda məişət tullantılarının daşınması üçün ayrıca lisenziyalaşdırma mexanizminin olmaması bazara daxilolmanı asanlaşdırır. Bu, bir tərəfdən rəqabəti artırsa da, digər tərəfdən nəzarətsiz fəaliyyət göstərən subyektlərin meydana çıxmasına şərait yarada bilir.
Bazarda fəaliyyət göstərən bəzi daşıyıcıların çox aşağı qiymətlə xidmət göstərməsi tez-tez müzakirə olunan məsələlərdəndir. Çünki tullantıların qanuni şəkildə daşınması və rəsmi poliqonlara təhvil verilməsi müəyyən xərclər tələb edir. Əgər xidmət bazar qiymətlərindən əhəmiyyətli dərəcədə aşağı təqdim olunursa, bu zaman tullantıların faktiki olaraq hara aparıldığı və necə utilizasiya olunduğu ilə bağlı suallar yaranır. Belə hallarda tullantıların qeyri-rəsmi sahələrə boşaldılması riski artır ki, bu da həm ətraf mühit, həm də ictimai sağlamlıq üçün təhlükə yarada bilər”, – deyə MMC direktoru vurğulayıb.

O bildirib ki, məhz buna görə, yeni Milli Strategiyada tullantıların daşınması sahəsində fəaliyyət göstərən şirkətlər üçün minimum texniki və peşəkar standartların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Daşıyıcı şirkətlərin istifadə etdiyi texnika, konteynerlər, işçi heyətin hazırlıq səviyyəsi, təhlükəsizlik qaydalarına əməl olunması və tullantının son təhvil məntəqəsinə qədər izlənilməsi kimi məsələlər vahid standartlarla tənzimlənməlidir.
“Bundan əlavə, tullantıların daşınması və təhvil verilməsi prosesində rəqəmsal izləmə sisteminin yaradılması son dərəcə vacibdir. Belə bir sistem vasitəsilə tullantının hansı müəssisədən götürüldüyü, hansı nəqliyyat vasitəsilə daşındığı və hansı poliqon və ya emal müəssisəsinə təhvil verildiyi elektron qaydada qeydə alına bilər. Bu yanaşma həm şəffaflığı artırar, həm də qanunsuz fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırar.
Düşünürəm ki, yeni yaradılan Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biri də məhz bu sahədə nəzarət mexanizmlərinin formalaşdırılması olacaq. Çünki tullantı idarəçiliyində effektiv nəzarət olmadan nə ekoloji təhlükəsizlik, nə də bazarda sağlam rəqabət təmin edilə bilər. Agentlik tərəfindən vahid məlumat bazasının yaradılması, tullantı axınlarının rəqəmsal monitorinqi, statistik uçotun aparılması və müxtəlif qurumlar arasında məlumat mübadiləsinin təşkili bu istiqamətdə mühüm rol oynaya bilər”.

MMC-direktoru qeyd edib ki, eyni zamanda yeni strategiyada cərimə və stimullaşdırma mexanizmləri arasında balansın yaradılması da vacibdir. Qanuni fəaliyyət göstərən şirkətlər üçün şəffaf və ədalətli rəqabət mühiti formalaşdırılmalı, qaydalara əməl etməyən subyektlərə qarşı isə daha effektiv nəzarət və məsuliyyət tədbirləri tətbiq olunmalıdır.
K. Kərimli hesab edir ki, Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması Azərbaycanda tullantı idarəçiliyinin daha müasir, şəffaf və nəticəyönümlü modelə keçidi üçün mühüm fürsətdir. Yeni Milli Strategiyada tullantıların mənbədə ayrılması, təkrar emalın genişləndirilməsi, regionlarda infrastrukturun inkişafı, təhlükəli tullantıların ayrıca idarə olunması, rəqəmsal izləmə sistemlərinin tətbiqi və tullantıların daşınması sahəsində mövcud nəzarət boşluqlarının aradan qaldırılması kimi məsələlər öz əksini taparsa, bu həm vətəndaşlar, həm biznes subyektləri, həm də ətraf mühit üçün mühüm müsbət nəticələr verə bilər.

Elvin Camalov