XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha, zərif hisslərə, möhkəm gücə bağlıdır. Onun mənəvi gücü ilə poetik zərifliyi arasında yerlə göy qədər fərq var. Keçdiyi ömür yolu və qələmə aldığı şeirləri bunun sübutudur. Nigar Rəfibəylinin bir çox şeirləri dillər əzbəridir, eləcə də həmin sözlərə Emin Sabitoğlu bəstələri. Amma onun romantik şeirlərindən fərqli “Mətbəx şeirləri” də var. O misralar görünməz bir sosial müqavimətin poetik ifadəsidir. Qadın burada nəinki bişirən, yuyan, qulluq edən obrazdır, o həm də düşünən, hiss edən, sorğu edən və yazan insandır. Bu şeir qadının məişət işləri içində azadlıq və mənəvi dərinlik yaratma cəhdinin canlı təcəssümüdür.
İç dünya ilə məişət arasındakı qarşıdurma
Şeirin birinci hissəsində qadının “əgər qadın olmasaydım…” deməsi – onun həm ironiya, həm də üsyan səsidir. Amma bu üsyan aqressiv deyil, dərin, həzin və poetik bir şəkildə ifadə olunur. Qadın mətbəxdədir, amma ruhu Abşeron qayalıqlarında dolaşmaq, dəniz havasını udmaq, səhər rüzgarına sinəsini açmaq istəyir. “Qazanların, qabların, nimçələrin, çömçələrin aləmindən qaçardım…”, deyir. Burada fiziki məkanla ruhi məkanın arasında ziddiyyət yaranır. Bu, sırf mətbəxə yox, qadının ictimai strukturda “yerləşdirildiyi” məhdud rollara qarşı bir poetik çıxışdır. Bu çıxışda qadının poetik dili həm özünü azad etmə vasitəsidir, həm də gizli bir mübarizə alətidir.
Qadın yaradıcılığı və məişət: bir arada mümkündürmü?
“Mətbəxdə yanmış yeməkdən də yaxşı əsər yazmaq olar. Əsas onu necə yazmaqdır”. Bu fikir məşhur alman yazıçısı Herman Hessenindir və Nigar xanımın poetik mövqeyi ilə tam üst-üstə düşür. Çünki o da göstərir ki, sənət yalnız böyük ideallardan, füsunkar mənzərələrdən doğmur. Əsl sənət – gündəlik həyatın içində, tozun, buxarın, qabların arasında da yaranır. Əgər göz və qəlb kifayət qədər açıqdırsa, hər şey sənətə çevrilə bilər.
Nigar Rəfibəylinin yazdığı “mətbəx şeirləri” bir növ “anti-klassik” poetik manifestdir: o, qadının ev daxilindəki gündəlik işlərini – poeziyanın mövzusu səviyyəsinə qaldırır. Yəni burda təkcə şeirin deyil, həm də poetikanın sərhədləri sorğulanır.
Qadının ikili yükü: psixoloji və sosial aspekt
Kişi ilə qadın arasında cəmiyyətin qurduğu yük fərqi bu şeirin alt qatında çox açıq duyulur. Kişinin sosial rolu çox vaxt bir sahəyə yönəlir: iş, yaradıcılıq, ictimai fəaliyyət… Amma qadın həm evin içində, həm də kənarında eyni anda çoxsaylı rolu daşıyır.
“Bütün günü yu, sil, bişir, düşür,
Birinin qismətinə yüksək masa arxasında oturmaq,
Birinin qismətinə qab-qacaq yumaq düşür…”
Bu misralarda sarkazm var. Amma bu sarkazm acizlikdən deyil, daxili qüdrətdən doğur. Qadın bu reallığı dərk edir, onun fərqindədir və ona baxmayaraq, yazır, yaradır, düşünür. Bu həm də qadının içindəki poetik müqavimətdir. O, susmur, danışır – özü ilə, oxucu ilə, cəmiyyətlə.
Mətbəx – simvolik məkandır
Şeir boyunca “mətbəx” təkcə fiziki yer deyil, həm də qadının həbs olunduğu, amma eyni zamanda öz iç dünyasını azad etdiyi simvolik məkana çevrilir. Bu məkan, paradoksal olaraq, həm qadını boğan, həm də onu azad edən yerdir. Əgər klassik ədəbiyyatda “yaradıcı məkan” kitabxana, yazı otağı, təbiət qoynu idisə, Nigar Rəfibəylidə bu “şair məkanı” mətbəxə çevrilir. Beləliklə, o, qadının ruhani mübarizəsinə bənzərsiz bir bədii forma verir.
Təbiət – qadının iç güzgüsü
Şeirin son bölməsində mətbəx pəncərəsindən təbiətə baxmaq – qadının mənəvi yüksəlişi və tənhalığını əks etdirir. Burada Abşeron təbiəti qadının daxili həyatının metaforasına çevrilir:
“Ağac, bu çılpaq halıyla,
Qəmi, məlalıyla
Sinə gərir ayazlara, şaxtalara…”
Bu ağac qadındır – əli-ayağıyalın, qorunmasız, amma yenə də dözümlüdür. Bu, bir estetik və psixoloji güc obrazıdır. Qadın küləklərə sinə gərir, çünki bilir ki, bir gün bahar gələcək.
Balaca bir mətbəxdən böyük bir dünya görünür
Nigar Rəfibəylinin bu şeiri bizə öyrədir ki, qadının poetik dili yalnız çiçəklərdən, gözəllikdən danışmır. Bu dil həm də bişən yeməyin buxarında, yanmış soğanın qoxusunda, uşağın qışqırığında, səhərə qədər açıq qalan lampanın işığında formalaşır.
Burada sənət həyatın içindən doğur, süni gözəllikdən deyil, günlük zəhmət, hiss və yükün səmimi ifadəsindən meydana gəlir.
Əgər bir kişi sadəcə “yazırsa”, qadın həm yazır, həm silir, həm yuyur, həm bişirir, həm oxuyur, həm də bütün bunların arasında şair qalır. Bu isə təkcə poeziya deyil, bir cəsarət, bir həyat fəlsəfəsidir.
Xanım Aydın