Azərbaycan kino tarixində bir film var ki, onun gücü hadisələrin çoxluğunda deyil, insan ruhunun dərin qatlarına enə bilməsindədir. Bu film mərhum rejissor Nicat Feyzullayevin 2004-cü ildə ekranlaşdırdığı “Küçələrə su səpmişəm” ekran əsəridir. İlk baxışda sadə kənd həyatından bəhs edən film əslində vicdan, sədaqət, fədakarlıq, günah və insan taleyi haqqında dərin bir fəlsəfi hekayədir. Onun adı tamaşaçını romantik bir ovqata kökləyir.
Azərbaycan musiqisinin ən kövrək mahnılarından biri olan “Küçələrə su səpmişəm” sanki sevgi, həsrət və gənclik xatirələrini yada salır. Lakin filmin süjeti inkişaf etdikcə məlum olur ki, bu romantik adın altında insan taleyini sarsıdan ağır bir faciə gizlənir.

İki əmioğlunun ayrılan yolları
Film-pritça görkəmli yazıçı İsi Məlikzadənin eyniadlı əsəri əsasında çəkilib. Hekayənin mərkəzində iki əmioğlu – Xəlil və Bəhmən dayanır.
Onlar uşaqlıqdan ayrılmaz dost olublar. Lakin bir təsadüf onların taleyini kökündən dəyişir. Ov zamanı baş verən bədbəxt hadisə nəticəsində dostları Tağı həyatını itirir. Silah Bəhmənin əlində olsa da, gələcəyinin məhv olmaması üçün onun yerinə həbsxanaya gedən Xəlil olur.
Bu məqam filmin əsas sualını ortaya qoyur: insan başqasının günahının cəzasını çəkə bilərmi?
Qanun qarşısında bəlkə də mümkündür. Amma həyat qarşısında?
Xəlil beş ilini həbsxanada keçirir. Həkim olmaq arzusu yarımçıq qalır. Sevdiyi qızdan uzaq düşür. Gəncliyinin ən gözəl illərini itirir. Bəhmən isə ali təhsil alır, professor səviyyəsinə yüksəlir, cəmiyyətdə nüfuz qazanır. İllər sonra onların yenidən qarşılaşması filmin ən güclü psixoloji qatını yaradır.

Xəlil – həddindən artıq yaxşı insan
Azərbaycan kinosunda müsbət qəhrəmanlar çox olub. Amma Xəlil obrazı fərqli təsir bağışlayır. Onun faciəsi pis insan olması deyil. Əksinə, həddindən artıq yaxşı insan olmasıdır. Xəlil kin saxlamır. İllər sonra qarşısında dayanan Bəhməni yenə də mehribanlıqla qarşılayır, evinə qonaq aparır. O, bağışlamağı bacarır. Lakin bağışlamaqla unutmaq eyni şey deyil. Filmin ən mühüm ideyalarından biri də burada gizlənir. İnsan bəzən başqasını bağışlasa belə, taleyinin əlindən alınmış illərini unutmağa qadir olmur. Xəlilin daxilindəki ağrı səssizdir. O, bunu dilə gətirmir. Amma tamaşaçı hər baxışında, hər susqunluğunda həmin nisgili hiss edir.

Bəhmən – uğurun kölgəsində qalan vicdan
Filmdə Bəhmən obrazı adi mənfi qəhrəman deyil. O, cinayətkar kimi təqdim olunmur. Əksinə, savadlı, uğurlu və cəmiyyət üçün faydalı bir insandır. Lakin onun daxilində mühüm bir çatışmazlıq var: vicdan yükünü daşımaq istəmir. Bir zamanlar əmioğlusundan öz yerinə həbsə getməyi xahiş edən Bəhmən sonradan bu fədakarlığın həqiqi qiymətini dərk edə bilmir.
Ən təsirli məqamlardan biri də budur ki, Xəlil illər keçsə də mənən böyüyür, Bəhmən isə peşəkar uğurlar qazansa da, mənəvi baxımdan yerində sayır.
Film göstərir ki, insanın əldə etdiyi diplomlar, titullar və vəzifələr onun mənəvi kamilliyinin göstəricisi deyil.

“Küçələrə su səpmişəm” – lirikalı körpü
Filmdə eyni adlı xalq mahnısı adi musiqi müşayiəti funksiyası daşımır.
Bu mahnı Xəlilin itirdiyi gəncliyin, yarımçıq qalmış sevgisinin və həyata çatmayan arzularının simvoluna çevrilir. O, gəncliyində sevdiyi Sadayın evinin yanından keçərkən bu mahnını oxuyurdu. İllər keçir, həyat dəyişir, insanlar dəyişir, amma həmin mahnı dəyişmir. Məhz buna görə film boyu səslənən “Küçələrə su səpmişəm” mahnısı keçmişlə bu gün arasında körpü rolunu oynayır. Filmin sonlarına yaxın tamaşaçı anlayır ki, Xəlil ilk sevgisini də, itirdiyi arzularını da heç vaxt tam unuda bilməyib.
Təbiətin dili ilə danışan kino
Nicat Feyzullayev bu filmdə sözlərdən daha çox təsvirlərin gücünə inanır. Kürlə Arazın birləşib sonra ayrılması təsadüfi detal deyil. Bu, uşaqlıqdan bir-birinə bağlı olan iki əmioğlunun sonradan fərqli istiqamətlərə gedən həyat yollarının simvoludur.
Filmin vizual dili də diqqət çəkir. Masazır duz gölünün ağlığı, kənd mənzərələri, ocaqxananın alovları və təbiət görüntüləri personajların daxili aləmi ilə səsləşir.
Burada təbiət sadəcə fon deyil, hadisələrin iştirakçısıdır.
Böyük aktyorların böyük qarşıdurması
Filmin uğurunda aktyor oyununun xüsusi payı var. Fuad Poladov Xəlilin daxili ağrısını yüksək pafossuz, son dərəcə təbii şəkildə təqdim edir. Onun susduğu məqamlar bəzən uzun monoloqlardan daha təsirli görünür. Rasim Balayev isə Bəhmən obrazında vicdanla karyera arasında sıxışıb qalan bir insanın mürəkkəb xarakterini yaradır. Mehriban Zəkinin canlandırdığı Teybə də filmin emosional yükünü daşıyan mühüm obrazlardan biridir.
Filmin əsas mesajı
“Küçələrə su səpmişəm” əslində bir cinayət hadisəsi haqqında film deyil. Bu film məsuliyyət haqqında filmdir. Müəlliflər göstərirlər ki, insan öz səhvinin nəticələri ilə özü üzləşməlidir. Başqasının çəkdiyi cəza heç vaxt günahı aradan qaldırmır. Əksinə, yeni faciələr yaradır. Xəlil həbsdən çıxır, ailə qurur, yaşayır, işləyir. Kənardan baxanda hər şey qaydasında görünür. Amma tamaşaçı hiss edir ki, onun həyatında heç vaxt dolmayan bir boşluq var.
Bəlkə də filmin ən böyük uğuru məhz budur: o, qəhrəmanlarını nə mühakimə edir, nə də bəraət qazandırır. Sadəcə göstərir ki, insan taleyi bəzən bir anın içində dəyişir və həmin anın kölgəsi ömür boyu onunla qalır. “Küçələrə su səpmişəm” bu gün də aktuallığını itirməyən, insan vicdanının ən həssas nöqtələrinə toxunan filmlərdən biridir. Çünki zaman dəyişsə də, sədaqətin qiyməti, vicdanın yükü və itirilmiş arzuların ağrısı dəyişmir. Bəzi yaralar sağalır, amma bəzi mahnılar kimi insanın daxilində ömür boyu səslənməkdə davam edir.
Xanım Aydın