Nəşr edilmişdir 10/30/2024

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İsa Bəy Aşurbəyov (1-ci hissə)

"Ömrünü xalqın maariflənməsində həsr edən İsa bəy haqqında doğmaları “bütün günah onun aldığı təhsildədir deyərdilər"

İsa bəy Aşurbəyov

Soyuq, darısqal və yarıqaranlıq otaqda – bayram süfrəsi arxasında ailə üzvləri əyləşmişdilər. Neft lampası otağı zəif işıqlandırsa belə, insanların üzlərindəki kədər açıq-aydın sezilirdi. Bu il bayram həmişəki kimi dəbdəbəli keçmirdi. Ailə üzvləri divarda asılmış kəfkirli saata tez-tez nəzər salır, ənənəyə sadiq qalaraq ilin son dəqiqələrinin tamam olmasını gözləyirdilər. Birdən qapı döyüldü. Hamı təəccüblə bir-birinə baxdı:

“Görəsən, bu vaxt onlara kim gələ bilər?”

Qohum-əqrabadan gələn olanda əvvəlcədən xəbərdarlıq edərdi. Bir də ki qapılarını çoxdandır döyən yoxdur axı… Təkcə ailə başçısının dalağı sancdı: “Hə, deməli, bizə də növbə çatdı”. Ayağa qalxıb qapıya doğru getdi. Rəzəni çəkib qapını açdı. Qarşısında əynində meşin gödəkçəli dörd nəfər dayanmışdı. Həmin an kəfkirli saat on ikini vurdu. Ailə başçısı özünü itirməyib gələnləri içəri dəvət etdi. Masa arxasında əyləşənləri buz kimi soyuq baxışlarıyla süzən gödəkçəlilərdən biri amiranə səslə dedi:

– Bizimlə getməlisiniz!

Ailə üzvlərinin ağarmış sifətləri həyəcandan bir az da əyildi. Necə yəni “Bizimlə getməlisiniz?”. Axı onu hara aparırlar? Məgər əllərindən aldıqları bəs etməyib? Ailə başçısı sakitcə geyindi, ömür-gün yoldaşını və oğlanlarını bağrına basdı. Sanki gələnlərin ciyərparalarını da zorla əlindən alacaqlarından qorxurdu. Hündür, yaraşıqlı kişi qapının ağzında dayanıb geriyə – bir vaxtlar xoşbəxt anlar yaşadığı böyük mülkün iki xırda otağına sığındığı mənzilinə və geridə başsız buraxmaq zorunda qaldığı ailə üzvlərinə məhzun – məhzun baxdı…..

İsa bəy Aşurbəyov

Həyat yoldaşının vida baxışlarına dözə bilməyən qadın gələnlərin üstünə yeriyib, ərinə sığınaraq haray çəkdi:

– Qoymaram onu aparasınız!..

Qara geyimlilər qadının qollarının arasından ərini zorla çıxardılar. Aşurbəyovlar sülaləsinin yadigarı kimi nəsildən-nəsilə qorunan qədim xəncər, XVIII əsrdən qalma astrolobiya, kitab və fotoşəkilləri də özləriylə apardılar. Amma İsa bəyin ittiham edildiyi antisovet fəaliyyətini təsdiq edən əşyayi-dəlil nə qədər axtarsalar da tapa bilmədilər ki, bilmədilər. Buna baxmayaraq, hər şey “qayda-qanunla” həyata keçirildi: “Məndən ötdü, qardaşıma dəysin” prinsipi ilə yaşayan qonşular tələm-tələsik qol çəkib evlərinə getdilər. Hətta onlardan biri vəziyyətdən yararlanmaq məqsədi ilə üzünü gələnlərin başçısına tutub dedi:

– Yoldaş komissar,  burjua ünsürlərini vaxtında güllələmək lazım idi. Yoxsa indi hökumətimizə qarşı çıxmazdılar!

Xalq arasında “çornıy voron” (qara qarğa) kimi tanınan zil qara maşına doğru hərəkət etdilər. Maşın məhəllənin başına çatanadək övladları və həyat yoldaşı “bədbəxtlik daşıyıcısı”nın arxasınca göz yaşları içərisində baxdılar…

O məşum – 1937-ci ilin 31 dekabr günü repressiyaya məruz qalan şəxs Bakıda tanınmış sülalənin nümayəndələrindən olan İsa bəy Aşurbəyov, göz yaşlarını tökən qadın isə onun həyat yoldaşı Balacaxanım Rzaqulubəyqızı idi.

İsa bəy Aşurbəyov 1878-ci ildə Bakıda dünyaya gəlmişdi. O, XIX əsrin sonlarında – XX əsrin əvvəllərində dövrünün tanınmış şəxslərindən olan  milyonçu-mülkədar Hacı Mehdiqulu bəy Aşurbəyovun yeganə övladı idi. Hacı Zeynalabdin Tağıyevlə birlikdə Hacı Mehdiqulu bəy də uşaq evlərinə qəyyumluq etdiyinə görə Bakı Quberniyasının fəxri üzvü seçilmişdi. O, var-dövlətini irsən qazansa da, zəhmətdən çəkinməz, sərmayələr yatırıb iş görər, ticarətlə məşğul olub bir neçə şirkətə başçılıq edərdi. XX əsrin sonlarında Sabunçu kəndindən Bakının mərkəzinə köçən Hacı Mehdiqulu bəy artıq neft işinə qurşanmış və böyük gəlir əldə etmişdi. Quyuları hər dəfə fontan vuranda neçə yetim-yesirin üzü gülərdi. Çünki əldə edilən vəsaitin bir hissəsi kasıb-kusub balalarının təhsil almasına yönələrdi.

Var-dövləti başından aşsa da Hacı Mehdiqulu bəy özünü kimsədən fərqləndirməyə çalışmaz, ianələr paylayar, xeyriyyə tədbirləri keçirərdi. Həm də belə məclisləri quranda kimsəsizlərə yemək və geyim bağışlayardı

Hacı Mehdiqulu bəyin var-dövlətinin sayı-hesabı olmasa da, ailədə yeganə çatışmazlığı övladsızlığı idi. Milyonçu hər il nəzir-niyaz paylayır, qurbanlar kəsir, ziyarətgahlara üz tutur, lakin Allah-Taaladan istədiyini ala bilmirdi. Nəhayət, o, yenidən özündən qat-qat gənc qızla evlənməyə qərar verir. Bundan sonra bir neçə il gözləməli olan milyonçu, nəhayət şad xəbər alır.

1878-ci ildə Hacı Mehdiqulu bəyin oğlu dünyaya gəlir. Bu oğlan milyonçunun yeganə övladı olur.

Ardı var…

Müəllif: Gülnaz Qənbərli

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan