Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2026

Paylaşın

GÜNDƏM

Həkimə yox, ChatGPT-yə müraciət edirik: süni intellekt özümüzü müalicə etməyin ünvanına çevrilir

ChatGPT, Həkim

“Başım ağrıyır, nə edim?”, “Təzyiqim qalxıb, hansı dərmanı içim?”, “Qarnım ağrıyır, bu nəyin əlamətidir?”

Bir neçə il əvvəl bu sualların cavabını tapmaq üçün insanların böyük əksəriyyəti həkimə müraciət edirdi. İndi isə həmin sualların ünvanı dəyişir. Telefonun ekranında açılan çat pəncərəsi getdikcə həkim kabinetinin alternativinə çevrilir.

ChatGPT, Gemini, Claude, Copilot və digər süni intellekt platformaları həyatımıza sürətlə daxil olub. Onlardan mətn yazmaq, məlumat axtarmaq, tərcümə etmək, ideya əldə etmək üçün istifadə edirik. Amma son vaxtlar süni intellektə ünvanlanan sualların arasında sağlamlıqla bağlı olanlar da getdikcə daha çox görünür.

İnsan öz şikayətini yazır, əlamətlərini sadalayır, mümkün xəstəlikləri soruşur. Bəzən bununla kifayətlənmir, hansı dərmanı qəbul etməli olduğunu, hansı dozada içməli olduğunu, təzyiqini necə aşağı salacağını da soruşur. Cavab isə saniyələr içində gəlir.

Burada məsələ təkcə texnologiyanın imkanları deyil. Məsələ insanın həmin cavabı necə qəbul etməsidir. Maariflənmək üçün verilən sual bir anda özünümüalicə qərarına çevrilə bilər.

Bəs niyə insan həkimə getmək əvəzinə süni intellektə müraciət edir? Səbəblərdən biri əlçatanlıqdır. Həkim qəbuluna yazılmaq, növbə gözləmək, poliklinikaya getmək, bəzən bir neçə həkimə müraciət etmək insan üçün vaxt və enerji tələb edir. Süni intellekt isə günün istənilən saatında əlçatandır. İnsan şikayətini yazır və dərhal cavab alır. Bu dəyişiklik xüsusilə ilkin səhiyyə xidməti ilə bağlı münasibətlərdə özünü göstərir. Uzun illər sahə həkimi, sahə terapevti kimi çalışan həkim-terapevt Məlahət Hümmətqızı deyir ki, əvvəllər sahə həkimi ilə xəstə arasında yaranan münasibət yalnız tibbi qəbul çərçivəsində qalmırdı.

“Uzun illərdir sahə həkimi, sahə terapevti kimi çalışıram. Təcrübəmdən deyə bilərəm ki, bu illər ərzində ərazimdə yaşayan insanlarla sadəcə həkim-xəstə münasibəti qurulmayıb. Onları yaxından tanımışam, ailələrini tanımışam, xəstəlik tarixçələrini bilmişəm. Hansı evdə hipertoniya xəstəsi var, kim şəkərli diabetdən əziyyət çəkir, kimin ürək-damar problemi var, kim hansı xroniki xəstəliklə dispanser müşahidəsindədir – bunlar sahə həkiminin gündəlik işinin bir parçasıdır. Bütün sahə həkimləri bunu bilir”.

Xəstəni bir dəfə görmək yox, illər ərzində tanımaq

Sahə həkiminin işinin ən mühüm xüsusiyyətlərindən biri xəstəni yalnız həmin günkü şikayəti ilə deyil, ümumi həyat və xəstəlik tarixçəsi ilə tanımasıdır.

Həkimin sözlərinə görə, sahə həkimi əslində bir növ ailə həkimi rolunu da daşıyır:

“Sahə həkimi, əslində, bir növ ailə həkimidir. Çünki xəstəni yalnız kabinetdə qarşısında oturan insan kimi görmür. Onun ailəsini, həyat tərzini, keçirdiyi xəstəlikləri, hansı xəstəxanada müalicə aldığını, hansı xroniki xəstəliklə illərdir yaşadığını bilir. Bizim işimizin ən qiymətli tərəflərindən biri də budur: xəstəni zamanın içində tanımaq”.

Lakin bu münasibətin əvvəlki kimi olmadığını düşünənlər də var. Məlahət Hümbətovanın müşahidəsinə görə, xüsusilə icbari tibbi sığorta sisteminə keçiddən sonra insanların poliklinikalara müraciətlərində əvvəlki illərlə müqayisədə azalma hiss olunur.

Bunun müxtəlif səbəbləri olduğunu deyən həkim növbələri və müraciət prosesinin çətinliyini də həmin səbəblər sırasında göstərir.

“Yaşlı insan uzun müddət növbə gözləmək istəmir. Hətta gənc insanlar belə vaxt itirməkdən, bir həkimdən digərinə yönləndirilməkdən, yenidən qeydiyyat və növbə gözləməkdən yorulurlar. İnsan bəzən sağlamlığından əvvəl vaxtını düşünməyə başlayır. ‘Növbədə saatlarla dayanmaqdansa, evdə bir çarə taparam’, – deyir”.

Məhz belə bir mühitdə süni intellekt insan üçün cəlbedici alternativə çevrilir. Həkim kabinetində cavab almaq üçün gözləmək əvəzinə telefonuna yazmaq daha asan görünür.

“Başım ağrıyır, nədən ola bilər?”

Süni intellektə sağlamlıqla bağlı verilən sualların çoxu ilk baxışdan sadə görünür. Amma tibbdə sadə görünən sualın arxasında bəzən çoxsaylı ehtimallar dayanır.

Məsələn, “Başım ağrıyır, nədən ola bilər?” sualına yorğunluq, stress, miqren, arterial təzyiq və müxtəlif başqa səbəblər ehtimal kimi göstərilə bilər.

Amma həmin cavabların heç biri xəstənin konkret vəziyyətinin diaqnozu demək deyil.

Məlahət Hümmətqızı da məhz bu məqama diqqət çəkir:

“Bir həkim kimi mən süni intellektin inkişafına qarşı deyiləm. Əksinə, hesab edirəm ki, düzgün istifadə edildikdə süni intellekt insan üçün çox böyük informasiya mənbəyi və köməkçi ola bilər. Amma bir sərhəd var ki, onu keçmək olmaz. Mən süni intellektin həkimin yerinə qoyulmasına qəti etiraz edirəm”.

Həkimin fikrincə, xəstəni görmədən, müayinə etmədən onun şikayətinin əsl səbəbini müəyyənləşdirmək mümkün deyil.

“Baş ağrısı sadə bir yorğunluğun nəticəsi də ola bilər, başqa bir xəstəliyin əlaməti də. Ona görə xəstə yalnız internetdə oxuduğu və ya süni intellektdən aldığı məlumata əsaslanaraq dərman qəbul etməməlidir”.

Eyni simptom, fərqli səbəb

Tibbdə ən mühüm məsələlərdən biri eyni simptomun müxtəlif xəstəliklərlə əlaqəli ola bilməsidir. Məhz buna görə də müalicədən əvvəl diaqnostika gəlir.

Bir insanın baş ağrısına görə qəbul etdiyi dərman başqa bir insan üçün uyğun olmaya bilər. Çünki xəstələrin yaşı, xroniki xəstəlikləri, qəbul etdikləri digər preparatlar, allergiyaları və orqanizmin fərdi xüsusiyyətləri fərqlidir.

“Hər dərmanın öz göstərişi, əks-göstərişi, dozası, yan təsiri var. Bir xəstəyə uyğun olan dərman digər xəstəyə uyğun olmaya bilər. Həkim məhz buna görə lazımdır – xəstəni görmək, dinləmək, müayinə etmək və bütün bunların əsasında düzgün qərar vermək üçün”, – Məlahət Hümmətova bildirir.

Bu məqam arterial təzyiq məsələsində də xüsusilə əhəmiyyətlidir.

“Doktor, təzyiqim yüksəkdir, necə aşağı sala bilərəm?” – sadə səslənən bu sual əslində həkim üçün bir sıra əlavə suallar doğurur: “Təzyiq neçədir? Xəstənin yaşı neçədir? Əvvəllər hipertoniya olubmu? Hansı dərmanları qəbul edir? Böyrəkləri necədir? Ürək-damar sistemi ilə bağlı problemi varmı? Stress keçiribmi? Duzlu qida qəbul edibmi? Başqa xəstəlikləri varmı?”

Bütün bunları bilmədən sadəcə “bu dərmanı iç” demək nə dərəcədə doğrudur?

Həkim bunun cavabını belə izah edir:

“Mənim üçün həkimlik yalnız xəstəyə dərman yazmaq deyil. Həkimlik əvvəlcə səbəbi axtarmaqdır. Çünki müalicənin doğru yolu düzgün diaqnozdan keçir”.

Süni intellekt cavab verir, amma xəstəni görmür

Süni intellektin əsas üstünlüklərindən biri onun sürətidir. İnsan sual verir və saniyələr ərzində ətraflı cavab alır. Cavabın dili də çox vaxt inandırıcı olur. Məhz bu səbəbdən istifadəçi həmin məlumatı tibbi məsləhət kimi qəbul edə bilər.

Amma cavabın inandırıcı səslənməsi onun konkret xəstə üçün düzgün diaqnoz və ya müalicə planı olması demək deyil.

Həkim isə illərlə davam edən təhsil və praktiki fəaliyyət nəticəsində xəstənin vəziyyətini müxtəlif məlumatların məcmusu əsasında qiymətləndirir.

“Biz illərlə tibb universitetində oxumuşuq. Sonra internatura, kurslar, illərlə praktiki fəaliyyət… Bütün bunların məqsədi xəstənin qarşısında oturub onun vəziyyətinə düzgün qiymət verməkdir”.

Burada söhbət süni intellektlə həkimi rəqib kimi qarşı-qarşıya qoymaqdan getmir. Əksinə, məsələ onların funksiyalarının fərqləndirilməsidir.

Süni intellekt məlumatı sistemləşdirə, tibbi terminləri izah edə, müəyyən əlamətlər barədə ümumi məlumat verə bilər. Lakin konkret xəstənin müayinəsi və klinik qərarın verilməsi başqa məsələdir.

İnsan həkimə vaxt tapmır, amma ChatGPT ilə saatlarla yazışır

Paradoks da elə buradadır. İnsan həkim qəbulunda 20-30 dəqiqə gözləməyə səbr etmir, amma telefon qarşısında süni intellektlə uzun-uzadı yazışa bilir. Həkimin qapısını döyməyə çəkinir, amma ekranda qarşısına çıxan ilk məsləhəti tətbiq etməyə tələsir.

Məlahət Hümətqızı hesab edir ki, burada bütün məsuliyyəti süni intellektin üzərinə qoymaq düzgün deyil.

“Texnologiya gəlib və gəlməkdə davam edəcək. Biz ondan qaça bilmərik. Əsas məsələ ondan necə istifadə etməyimizdir”.

Deməli, problem texnologiyanın özündə deyil, onun hansı məqsədlə istifadə olunmasındadır.

Süni intellektdən sağlamlıqla bağlı məlumat almaqla özünü müalicə etmək arasında isə ciddi fərq var.

Birinci halda insan müəyyən məlumat əldə edir, sualını daha yaxşı formalaşdırır, həkim qəbuluna hazırlaşır. İkinci halda isə diaqnoz və müalicə qərarını özü verir.

Həkimin görə bildiyi, ekranın görə bilmədiyi

Tibbdə xəstənin söylədiyi hər bir detal əhəmiyyət daşıya bilər. Bəzən xəstənin özü üçün əhəmiyyətsiz görünən bir detal həkim üçün vacib ipucuna çevrilir.

Məlahət Hümbətova illərlə sahə həkimi kimi çalışmasının ona bunu daha aydın göstərdiyini deyir:

“Mən bir sahə həkimi kimi istəyirəm ki, insanla həkim arasındakı o canlı münasibət itməsin. Çünki bəzən xəstənin dediyi bir cümlə, üzündəki bir ifadə, nəfəs alması, dərisinin rəngi, təzyiqi, nəbzi – bütün bunlar bizə onun xəstəliyi haqqında internetdəki yüzlərlə cümlədən daha çox məlumat verir”.

Bu, həkim-xəstə münasibətinin texnologiyanın əvəz edə bilmədiyi tərəfidir: xəstənin yalnız yazdıqlarını deyil, özünü görmək.

İnsan orqanizmi isə ekrana sığan bir neçə cümlədən daha mürəkkəbdir.

Texnologiyadan istifadə edək, amma sağlamlığımızı ona həvalə etməyək

Süni intellekt səhiyyə sahəsində də mühüm imkanlar yaradır. Tibbi məlumatların izahı, maarifləndirmə, terminlərin sadələşdirilməsi, xəstənin həkimə verəcəyi sualların hazırlanması kimi sahələrdə bu texnologiyalardan faydalanmaq mümkündür.

Amma sağlamlıqla bağlı qərar verilərkən texnologiyanın imkanları ilə onun sərhədlərini ayırmaq vacibdir.

Məlahət Hümbətovanın mövqeyi də məhz bundan ibarətdir:

“Süni intellekt məlumat verə bilər. Sizi maarifləndirə bilər. Həkimə müraciət etməli olduğunuzu xatırlada bilər. Amma həkimin xəstəni görməsini, dinləməsini, müayinə etməsini və klinik qərar verməsini əvəz edə bilməz”.

Bu gün sual artıq “süni intellektdən istifadə edək, ya etməyək?” deyil. Texnologiya artıq həyatımızdadır və ondan istifadə genişlənməkdədir.

Əsas sual başqadır: Süni intellekt bizə həkimə gedən yolu göstərən bir vasitə olacaq, yoxsa həkimin yerinə keçməyə çalışdığımız bir “məsləhətçi”?

Həkim-terapevt Məlahət Hümmətqızının fikrincə, cavab aydın olmalıdır:

“Ona görə də mənim mövqeyim çox aydındır: süni intellektdən istifadə edək, amma sağlamlığımızı ona həvalə etməyək. Süni intellekt həkimə gedən yolu qısalda bilər, amma həkimin özünü əvəz etməməlidir”.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin