Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

MEMARLIQ

Hərbi əsirlər tərəfindən tikilmiş stadion: Stalin adının baş hərfindən FIFA standartlarına qədər uzanan yol…

Azərbaycanın mərkəzi stadionunun inanılmaz tarixçəsi!

1951-ci il sentyabrın 16-da minlərlə tamaşaçı Bakıda yeni Respublika Stadionunun rəsmi açılışına toplaşarkən, hələ bilmirdilər ki, bir əfsanənin yaranmasına sahidlik edirlər.

İkinci Dünya Müharibəsi səbəbindən tikintisi illərlə dayandırılmış, alman hərbi əsirlərin əlləri ilə inşa olunmuş, memarlıq baxımından Stalin adının ilk hərfi olan və kiril qrafikasının “S” hərfi formasında (“C”) layihələndirilmiş stadion nəinki Azərbaycanın ən böyük idman meydançasına, həm də dövrünün simvoluna çevrilmişdi.

Baki-baku.az xəbər verir ki, alman əsirlərin tikintidə iştirakı bu layihəyə həm memarlıq, həm də siyasi baxımdan xüsusi miqyas qazandırmışdı. Stadionun layihələndirilməsi zamanı müəlliflər — Leonard Qonsiorovski, Oleq İsayev və Georgi Sergeyev — arenanın bazasında yerləşən və bu gün paltardəyişmə otaqları kimi istifadə edilən iki daş qüllənin, “S” hərfini tamamlayaraq Stalin adını simvolizə etməsini nəzərdə tutmuşdular.

Tikintiyə 1939-cu ildə başlanılsa da, II Dünya və Böyük Vətən müharibələrinin başlanması bu prosesi təxminən 12 il dayandırdı.

Möhtəşəm açılış mərasimi baş tutdu: 8 000-dən artıq idmançı, partiya liderləri, generallar, müttəfiq respublikalardan nümayəndə heyətləri mərasimdə iştirak edirdi. Mərasimdə ilk bayraq qaldıranlar günün qəhrəmanlarına çevrildilər – güləşçi Rəşid Məmmədbəyov və yüngül atlet Züleyxa Hacıyeva kimi idmançılar stadionun tarixində iz qoydu. Stadionda vurulan ilk qolun müəllifi isə əfsanəvi futbolçu Ələkbər Məmmədov olub.

Rəsmi açılış əvvəlcə 6 sentyabr tarixinə planlaşdırılsa da, “Neftçi” ilə Moskvanın “Lokomotiv” klubu arasında nəzərdə tutulan oyunun siyasi baxımdan həssas xarakter daşıması səbəbi ilə rəqib daha neytral, lakin güclü hesab edilən Vilnüsün “Spartak” futbol klubu ilə əvəz olundu. Oyunun nəticəsində “Neftçi” 4:0 hesabı ilə qələbə çaldı.

XX Qurultaydan sonra Stalinin adı stadiondan götürülərək Leninin adı verildi, 1990-cı illərdə isə görkəmli hakim Tofiq Bəhramovun vəfatından sonra stadion onun adını daşımağa başladı.

Artıq XXI əsrdə stadion ikinci baharını yaşadı: 2011-ci il iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzaladı və genişmiqyaslı yenidənqurma işlərinə start verildi.

2012-ci il avqustun 16-da Prezident İlham Əliyev əsaslı təmir və rekonstruksiyadan sonra stadionun açılışın mərasimində iştirak edərək idman arenasının istifadəyə verildiyini bildirən qırmızı lenti kəsdi. Tofiq Bəhramov adına Respublika Stadionu müasir tələblərə cavab verən, FIFA standartlarına uyğunlaşdırılmış idman arenası kimi artıq həmin gündən fəaliyyətə başladı.

Ötən dövrdə bir çox şey dəyişib, lakin müharibələri, ideoloji dəyişiklikləri və müxtəlif tarixi hadisəlri yaşamış bu möhtəşəm stadionun ruhu dəyişməz olaraq qalıb. Bu gün Tofiq Bəhramov adına stadion təkcə idman yarışlarının keçirildiyi bir məkan deyil, həm də Azərbaycanın idman tarixinin canlı salnaməsi, keçmişin səsi, bu günün ritmi və gələcək zəfərlərinin rəmzidir.

Hacı Cavadov

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Обычай целовать руку даме берет свое начало в средневековой Европе.