Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/20/2026

Paylaşın

ETNOQRAFIYA

“Gənclik”dəki əfsanəvi kokteyl – Bakı nostaljisi

Bakı dəyişib. Şəhərin küçələri, binaları, meydanları, yolları dəyişib. Dünənin sakitliyinin yerini bugünün gurultusu, köhnə binaların yanını şüşə fasadlar, trolleybusların cingiltisini avtomobillərin səsi alıb. Bakı bu gün də gözəldir — bəlkə daha işıqlı, daha müasir, daha təmtəraqlı gözəldir. Amma köhnə bakılıların yaddaşında bir başqa Bakı yaşayır. O Bakı nə şəkillərdə tam görünür, nə də sözlərlə bütöv danışılır.

O Bakı bəzən bir qoxudan yadına düşür. Məsələn, çiyələk qoxusundan… Bir vaxtlar Gənclik metro stansiyasının çıxışında balaca bir köşk vardı. İndi bəlkə onun yerində heç nə yoxdur, bəlkə də həmin yerdən hər gün minlərlə insan keçir, amma bir zamanlar orada Bakının ən sevimli yay mərasimlərindən biri yaşanırdı.

Metrodan çıxırdın, Bakı günəşi üzünə vururdu. Hava isti, asfalt qızmar, şəhər öz həmişəki tələskənliyi ilə nəfəs alırdı. Kiminsə işi “Nərimanova”, kiminsə şəhərin mərkəzinə, kiminsə evə, kiminsə məktəbə idi. Amma yolun hansı istiqamətə düşməsindən asılı olmayaraq, bir çox insanın addımı əvvəlcə o balaca köşkə tərəf yönəlirdi. Çünki orada çiyələkli, südlü, buz kimi soyuq, bol köpüklü bir möcüzə vardı.

Kokteyl…

Sadə bir içki. Süd, çiyələk, buz və o vaxtın bizə sirli görünən xüsusi aparatı. Amma nədənsə onun dadını bu gün heç bir restoran, heç bir kafe, heç bir müasir bar təkrarlaya bilmir. Köşkün piştaxtası arxasında ağ xalatlı bir dayı dayanardı. Başında ağ papaq. Qarşısındakı aparatın böyük qabına süd və başqa məhsullar tökürdü və aparatı işə salırdı. O qabın içindəkilər qarışıqdıqca bizim də gözlərimiz daha geniş açılar, səbirsizliklə ona baxardıq. Sanki bir sehrbaz öz sehrini göstərirdi. Sonra stəkana çəhrayı rəngli, köpüklü, soyuq içki süzülərdi. Və ilk qurtum… Gözləri ləzzətin möcüzəsindən xoşbəxtcəsinə yumulardı.

Çiyələyin qoxusu əvvəlcə burnuna dolardı. Sonra südün yumşaqlığı, buzun sərinliyi, köpüyün dodağında qalan dadı… Yayın istisində adamın içindən bir sərinlik keçərdi.

O an dünyanın ən gözəl içkisi elə bu idi. Nə bahalı restoran lazım idi, nə xüsusi stəkan, nə də menyuda uzun-uzadı yazılan, çox vaxt isə heç anlaşılmayan adlar.

Bir stəkan çiyələkli kokteyl kifayət edirdi. Düzdür, sadə, ağ kokteyl də olurdu. Amma ən ləzzətlisi həmin o çəhrayı möcüzə idi.

Uşaqlar üçün isə bu, az qala yay tətilinin rəsmi rəmzi idi. Yay gələndə dəniz, günəş, axşamüstü həyət oyunları, velosiped, məhəllə dostları və “Gəncliyin” o kokteyli… Bəzən uşaq olmaq elə bu qədər sadə idi.

Analar uşağın əlindən tutub metrodan çıxardı. Uşaq isə yolun o biri tərəfinə, köşkə baxardı. Hələ heç nə demədən anası onun nə istədiyini anlayardı.

— Kokteyl istəyirsən?

Bu sualın cavabını almağa ehtiyac yox idi.

Bəzən iki nəfər bir stəkanı bölüşərdi. Bəzən ata işdən qayıdanda uşağına alardı. Bəzən dostlar bir-birinə “gəl, kokteyl içək” deyib metro çıxışında görüşərdi.

Sonra hər kəs öz yoluna davam edərdi. Kim avtobusa minərdi, kim o dövrün Bakısının ən doğma nəqliyyat vasitələrindən biri olan trolleybusa. Trolleybusun naqillərə toxunan çubuqlarından çıxan o qəribə səs, şəhərin küçələrində hərəkət edən ağır maşınların uğultusu, yay havasına qarışan benzin qoxusu… Və bütün bunların arasında kokteylin həmin o sərin qoxusu.

İndi düşünəndə adam anlayır ki, şəhərlərin də yaddaşı olur. Bakı bəzi insanlara İçərişəhərin dar küçələri ilə qayıdır. Kiməsə dənizin duzlu qoxusu ilə. Kiməsə Neft Daşlarının xatirəsi ilə. Kiməsə bulvarın axşam işıqları, kiməsə köhnə kinoteatrlar, tramvaylar, trolleybuslar, məhəllə həyətləri ilə. Kiməsə isə bir stəkan sərin kokteyllə…

Bu gün Bakıda dünyanın müxtəlif mətbəxlərini təqdim edən restoranlar var. Müasir kafelər, dəbdəbəli məkanlar, peşəkar barmenlər, xüsusi reseptlər, ekzotik meyvələr, bahalı desertlər… İstəsəniz, ən məşhur şefin hazırladığı ən bahalı kokteyli sifariş edə bilərsiniz. Amma qəribədir… O köşkün kokteyli yenə də başqa idi. Bəlkə resepti başqa olduğuna görə yox. Bəlkə uşaqlığımızın içində hazırlandığına görə. Çünki insanın yaddaşında bəzi dadların ölçüsü olmur. Onları nə qiymətləndirmək, nə müqayisə etmək mümkündür. Uşaqlıqda içdiyin südün, nənənin bişirdiyi çörəyin, məhəllədə alınan dondurmanın, yayda içilən buz kimi suyun dadı başqa olur.

Çünki onun içində bir ömür var, bir insan taleyi var, bir küçə var, bir yay gününün işığı var,  bir az da özümüz varıq — o vaxtkı yaşımızda….

Bəlkə də biz o kokteyli ona görə unutmamışıq ki, dadı çox möhtəşəm idi. Bəlkə onu ona görə xatırlayırıq ki, o kokteyli içən zaman həyat hələ qabağımızda idi.

Onda sabahlar uzun görünürdü, yay bitməyəcək kimi gəlirdi, dostluqlar əbədi sanılırdı, Bakı bizə sonsuz böyük görünürdü. Və Bir metro stansiyasının çıxışı belə uşağın gözündə bütöv bir dünya idi. İndi isə həmin uşaqlar böyüyüblər. Kiminsə saçlarına ağ düşüb, kiminsə uşaqları artıq həmin yaşdadır. Kimisi başqa şəhərlərdə yaşayır, kimisi başqa ölkələrdə. Kimisi hər gün “Gəncliyin” yanından keçir, amma o köşkü tapa bilmir. Bəlkə də ən qəribəsi budur. Məkan qalır, insan dəyişir. Küçə qalır, xatirə dəyişir. Şəhər qalır, amma onu görən gözlər artıq əvvəlki gözlər olmur.

Bakı bu gün gözəldir. Həm də əvvəlkindən qat-qat gözəldir. Onun yeni binalarına, işıqlarına, bulvarına, gecə mənzərəsinə, bərpa olunmuş küçələrinə baxanda bu şəhərin necə dəyişdiyinə heyran qalırsan. Bakı özünü hər gün yenidən qurur, yenidən göstərir. Müasirliyin içində qədimliyini qoruyur, dünənlə sabah arasında özünəməxsus bir körpü salır. Amma insan bəzən bütün bu gözəlliklərin içində dayanıb keçmişə baxmaq istəyir.

Bir anlıq.

Heç olmasa bir anlıq.

Metrodan çıxırsan və xəyalında həmin köşk yenidən görünür. Ağ xalatlı dayı başında da ağ papaq, qarşısında da kokteyl aparatı. Bakı günəşi. Trolleybusun uzaqdan eşidilən səsi. Və sən… Və sən hələ uşaqsan.  Əlində bir stəkan kokteyl var.

Bəlkə də Bakı haqqında ən gözəl xatirələr böyük hadisələrdən yox, kiçik detallardan yaranır…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər il 19 avqust tarixi dünyada Fotoqraflar Günü kimi qeyd olunur.

Ən son

HƏR ŞEYDƏN

Bizə elə gələ bilər ki, Süd Yolu qalaktikası daim bu gün gördüyümüz formada mövcud olub.

HƏR ŞEYDƏN

Bizə elə gələ bilər ki, Süd Yolu qalaktikası daim bu gün gördüyümüz formada mövcud olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin