Bu gün Bakıda hansısa ünvana gedəndə bizə sadəcə küçənin adı ilə evin nömrəsini bilmək kifayətdir. Məsələn, küçənin adı, binanın nömrəsi – vəssalam. Taksi də tapır, poçtalyon da, qonaq da. Amma köhnə Bakıda məsələ belə sadə deyildi. Şəhərin hər evinin qapısında bugünkü kimi nömrə olan lövhə yox idi. Bakılılar ünvanı çox vaxt küçə adı ilə deyil, məhəllənin, sahibinin, tanınmış bir binanın və ya hansısa adamın adı ilə müəyyən edirdilər. “Filankəsin mülkü”, “Hacı Zeynalabdinə məxsus ev”, “bu məhəllənin aşağısı”, “hamamın dalı”, “filan karvansaranın yanı” – köhnə Bakının ünvan sistemi bir qədər belə işləyirdi.
Sonra Bakı dəyişdi.
Neft şəhəri sürətlə böyüdü, yeni küçələr salındı, evlərin sayı artdı, şəhərə müxtəlif yerlərdən insanlar gəlməyə başladı. Artıq “filankəsin evinin yanı” deməklə ünvan tapmaq çətinləşirdi. Şəhərə sistemli ünvan və nömrələnmə qaydası lazım idi. Beləcə, Bakının qapılarında rəqəmlər görünməyə başladı.

Məhəllədən küçəyə…
Bakının qədim yaşayış quruluşu bugünkü küçə anlayışından xeyli fərqli idi. İçərişəhər və ətraf ərazilərdə insanlar bir-birini tanıyır, evlər məhəllələr üzrə qruplaşırdı. Ünvanı izah etmək üçün mütləq rəqəmə ehtiyac olmurdu. Kimin evinin harada olduğunu soruşanda çox vaxt sahibinin adı kifayət edirdi. Şəhər böyüdükcə isə bu üsul artıq işləmədi. Xüsusilə XIX əsrin ikinci yarısında, neft bumu ilə birlikdə Bakının sürətlə genişlənməsi şəhərin planlaşdırılmasını da dəyişdirdi. Yeni küçələr çəkildi, yaşayış məhəllələri genişləndi, Avropa şəhərsalma prinsipləri tətbiq olunmağa başladı. Artıq evlər təkcə “kimindir?” sualı ilə deyil, “haradadır və neçə nömrədir?” prinsipi ilə müəyyənləşdirilməli idi.

İlk nömrələr hansı qayda ilə verilirdi?
Bakıda sistemli ev nömrələnməsində Rusiya imperiyasının şəhərsalma və ünvanlandırma ənənələrindən istifadə olunurdu.
Əsas prinsiplərdən biri tək və cüt nömrələrin ayrı tərəflərdə yerləşdirilməsi idi.
Beləliklə, küçənin bir tərəfində:
1, 3, 5, 7, 9…
digər tərəfində isə:
2, 4, 6, 8, 10…
ardıcıllığı yaranırdı.
Bu sistem şəhərdə ünvan tapmağı xeyli asanlaşdırırdı. Küçədə bir binanın nömrəsini gördükdə onun ardınca gələn evlərin təxminən hansı istiqamətdə yerləşdiyini də müəyyən etmək mümkün olurdu. Yəni qapıdakı balaca rəqəm əslində şəhərin böyük xəritəsinin bir parçasına çevrilirdi.

Bəs niyə bəzi küçələrdə nömrələr dəniz tərəfdən başlayırdı?
Bakının coğrafiyası burada öz sözünü deyirdi. Şəhər Xəzərin sahilində yerləşdiyindən bir sıra mərkəzi və perpendikulyar küçələrdə nömrələnmə dəniz tərəfdən şəhərin yuxarı, dağlıq hissəsinə doğru aparılırdı. Bu, təsadüfi deyildi.
Bakı bir tərəfdən dənizə, digər tərəfdən yüksəkliklərə doğru uzanan şəhər idi. Buna görə küçələrin istiqaməti və şəhərin təbii relyefi ünvan sisteminin formalaşmasına da təsir göstərirdi. Beləcə, Bakının küçələrində hər rəqəm bir növ istiqamət göstəricisinə çevrilirdi.

Adı olmayan küçələrə rəqəm veriləndə…
Bakının böyüməsi ilə yeni küçələr də yaranırdı. Bəzən onların hamısına dərhal ad vermək mümkün olmurdu. Belə hallarda küçələrin sistemləşdirilməsi üçün maraqlı üsuldan istifadə edilirdi. Küçələr sadəcə rəqəmlərlə adlandırılırdı: 1-ci Paralel, 2-ci Paralel, 3-cü Paralel…
Bu gün həmin adları eşidəndə bizə bir qədər qəribə görünə bilər. Amma şəhərin sürətlə böyüdüyü dövrdə bu, kifayət qədər praktik üsul idi.
Sonralar bu küçələrin bir qisminə tanınmış şəxslərin adları verildi. Məsələn, vaxtilə paralel küçə kimi tanınan bəzi ünvanlar sonrakı dövrlərdə Əlibəy Hüseynzadə, Balababa Məcidov, Mahmud Əbilov kimi adlarla yadda qaldı. Beləliklə, şəhərin ünvan xəritəsi də Bakının dəyişən tarixini özündə əks etdirməyə başladı.

Qapıdakı balaca dəmir lövhə
Bəs ilk nömrələr necə görünürdü? Bu gün küçələrdə gördüyümüz müasir ünvan lövhələrinin sələfləri əsasən metal lövhələr idi. Çuqundan və ya emallı dəmirdən hazırlanan bu lövhələr binaların görünən hissəsinə, xüsusilə də künclərinə bərkidilirdi. Üzərində küçənin adı və evin nömrəsi göstərilirdi. O dövr üçün bu, sadəcə bir lövhə deyildi. Şəhər artıq özünü rəqəmlərlə “danışdırmağa” başlamışdı.
Bir vaxtlar “Hacı filankəsin mülkü” kimi tanınan bina indi “filan küçə, filan nömrə” ünvanına çevrilirdi. Bakının küçələri getdikcə daha nizamlı, daha sistemli şəhər görünüşü alırdı.

Nömrələr niyə vacib idi?
Bakının neft bumu şəhərin yalnız iqtisadi həyatını dəyişməmişdi. Şəhərin gündəlik davranış qaydaları da dəyişirdi. Əhali artırdı. Yeni binalar tikilirdi. Ticarət obyektləri çoxalırdı. Müəssisələr, idarələr, mehmanxanalar, məktəblər, poçt şöbələri fəaliyyət göstərirdi. Belə bir şəhərdə ünvanı dəqiq müəyyənləşdirmək artıq vacib məsələ idi.
“Poçtalyon məktubu hara aparmalıdır? Qonaq hansı evə getməlidir? Ticarətçi hansı anbara yük çatdırmalıdır? Şəhər xidmətləri hansı binanı tapmalıdır?” Bütün bu sualların cavabında qapının üstündəki balaca rəqəmin böyük rolu vardı.

Bakının qapılarındakı rəqəmlər nə danışır?
İndi şəhərin küçələrində gəzərkən evlərin üzərindəki nömrələrə çox vaxt fikir vermirik. Onlar bizim üçün sadəcə ünvandır. Amma köhnə Bakı üçün bu rəqəmlərin başqa bir mənası da vardı. Onlar məhəllə Bakısından müasir şəhər Bakısına keçidin nişanələrindən biri idi. Bir vaxtlar şəhərdə adamı evinə aparan əsas yol onun adı, soyadı, tanınmışlığı və məhəllə yaddaşı idisə, şəhər böyüdükcə bu yaddaşa xəritə və rəqəmlər qoşuldu. Bakı neftlə böyüdü, küçələr uzandı, yeni evlər tikildi və hər yeni qapıya bir rəqəm verildi. Bəlkə də ona görə bu gün Bakının köhnə küçələrində qapıların üzərində qalan həmin rəqəmlərə baxanda yalnız bir ünvan görmürük. O rəqəmlərin arxasında şəhərin necə böyüdüyünü, məhəllələrin necə küçələrə çevrildiyini və Bakının necə müasir şəhərə çevrilməyə başladığını da oxumaq mümkündür.
Xanım Aydın