Bakıda turizm mövsümünü yalnız yay ayları ilə məhdudlaşdırmaq getdikcə daha az aktual görünür. Xəzər sahilində yerləşən paytaxt qar və xizək turizmi ilə deyil, daha çox şəhər həyatı, mədəniyyət, qastronomiya, tədbirlər və müxtəlif xidmətlərin bir arada təqdim olunması ilə payız və qış aylarında turistlər üçün alternativ yarada bilər.
Xüsusilə havaların nisbətən mülayim keçdiyi dövrlərdə şəhəri piyada gəzmək, tarixi məkanları ziyarət etmək, muzey və teatrlara getmək, milli mətbəxlə tanış olmaq və müxtəlif tədbirlərdə iştirak etmək mümkündür. Bu baxımdan Bakının üstünlüyü yalnız müəyyən bir turizm növündən deyil, bir neçə istiqamətin eyni şəhərdə birləşməsindən ibarətdir.
Maraqlıdır ki, soyuq aylarda turist axınının qorunması üçün Bakı yalnız öz daxilindəki imkanlardan istifadə etməklə də kifayətlənməyə bilər. Paytaxtın ölkənin digər turizm məkanları ilə əlaqələndirilməsi turistlərin Azərbaycanda qalma müddətinin artırılmasına və səfərin daha zəngin proqramla təşkilinə imkan verə bilər.
Məsələ ilə bağlı Baki-baku.az-a danışan “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi Bakının payız və qış aylarında bir sıra özünəməxsus üstünlüklərinin olduğunu bildirib.
O bildirib ki, Bakı klassik qar və xizək destinasiyası deyil: “Onun üstünlüyü nisbətən mülayim iqlim şəraitində şəhər və mədəni turizm təklif etməsidir. İçərişəhər, tarixi mərkəzlə müasir memarlığın vəhdəti, muzeylər, teatr, musiqi və incəsənət həyatı, milli mətbəx, alış-veriş, sağlamlıq xidmətləri və işgüzar tədbirlər payız-qış məhsulunun əsasını təşkil edə bilər. Payız piyada və mədəni marşrutlar, qış isə muzey, qastronomiya, konsert və tədbir turizmi üçün əlverişlidir”.
S. Dübəndi qeyd edib ki, ən real model Bakını tək dayanacaq kimi deyil, ölkəyə giriş qapısı kimi təqdim etməkdir. Bakı–Abşeron–Qobustan, Bakı–Şamaxı, Bakı–Şəki, Bakı–Qəbələ və Bakı–Şahdağ kimi kombinə edilmiş proqramlar qalma müddətini uzada və turist xərclərini şəhərlə regionlar arasında daha səmərəli bölüşdürə bilər.
“Payız-qış dövründə mövsümdən nisbətən az asılı olan tibbi, müalicə-sağlamlıq və sanatoriya-kurort turizminə də xüsusi diqqət yetirilməlidir. Bu xidmətlər praktik olaraq ilboyu fəaliyyət göstərə bilər. Ekoturizmlə kəsişən elmi turizm üçün də Azərbaycanın endemik və nadir flora-faunası, müxtəlif ekosistemləri, geoloji quruluşu, palçıq vulkanları və digər təbiət hadisələri böyük potensial yaradır. Universitetlər, elmi müəssisələr, qoruqlar və turizm sektoru birgə ekspedisiya və tematik proqramlar hazırlasa, bu istiqamət də ilboyu işləyə bilər”, – deyə o vurğulayıb.
Ekspertin fikirlərindən də göründüyü kimi, payız-qış turizminin inkişafı yalnız turistlərin sayının artırılması ilə deyil, onların şəhərdə və ölkədə daha uzun müddət qalmasına səbəb olacaq məhsulların formalaşdırılması ilə bağlıdır. Bakı bu baxımdan bir neçə istiqaməti eyni səfər çərçivəsində birləşdirə bilər.
Məsələn, turist Bakıda tarixi məkanları gəzdikdən sonra Abşeron və Qobustana, daha sonra isə Şamaxı, Şəki, Qəbələ və ya Şahdağ istiqamətinə yönələ bilər. Belə yanaşma paytaxtı ayrıca turizm məkanı olmaqla yanaşı, Azərbaycanın digər bölgələrinə səfərlərin başlanğıc nöqtəsinə də çevirə bilər.
Digər tərəfdən, payız və qış aylarında tədbir və mədəniyyət turizminin əhəmiyyəti artır. Konsertlər, teatr tamaşaları, sərgilər, festivallar, konfranslar və müxtəlif beynəlxalq tədbirlər turistə şəhərə səfər etmək üçün əlavə səbəb yarada bilər. Bununla yanaşı, milli mətbəx və qastronomiya da soyuq aylarda şəhərin turizm məhsulunun mühüm hissəsinə çevrilə bilər.
Beləliklə, Bakının payız-qış turizmi üçün əsas üstünlüyü təbiətin deyil, şəhərin özünün yaratdığı imkanların çoxşaxəli olmasıdır. Mülayim hava, tarixi və müasir məkanların bir arada yerləşməsi, mədəni həyat, qastronomiya, sağlamlıq xidmətləri və ölkənin müxtəlif regionlarına çıxış imkanları paytaxtın turizm mövsümünü uzatmaq üçün istifadə oluna biləcək əsas resurslar sırasındadır.