Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/12/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Ənvər Paşanın nəşini 74 il qoruyan Tacik ailəsi

Ənvər Paşa

Ötən əsrin əvvəli Çar Rusiyasından qoparaq müstəqillik əldə edən ölkələr arasında Tacikistanın da öz yeri vardı. 1918-ci ildə Türküstana varan Basmaçılar hərəkatına dəstək verən Ənvər Paşa və onun qəhrəman əsgərləri XI Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı ilə Azərbaycanda gerçəkləşdirdiyi fütühatları Türküstanda həyata keçirdi. Bolşevik Rusiyasının Türküstana hücumları zamanı Ənvər Paşanı və onun qəhrəman əsgərlərini qorumaq, Bolşeviklərə təhvil verməmək üçün ölümü gözə alan Tacikistanın Obi-Dara köyünün bir məğrur əyilməz ailəsi Qurban Bayramında qana boyandı. Qurban Bayramının ilk günü 44 əsgəri ilə Bayram namazında bir araya gələn Ənvər Paşanı iki casusu namaz üstdə satdı. Ənvər Paşanın köydə olduğunu KKB-yə xəbər verdi. Paşanın əsgərləri ilə bolşevik cəlladları arasında baş verən atışma zamanı Ənvər Paşa, onun yavəri Fərrux bəy və dəstənin bütün üzvləri 1922-ci il avqustun 4-də Şəhid edildi. Ənvər Paşanın nəşini alıb Obi-Dara şəlaləsinin oyuğuna götürən Tacik əsgər onu orada dəfn etdi. Ailəsinə Paşanın nəşinin qorunmasını vəsiyyət edən əsgər iki gün sonra bolşeviklər tərəfindən ələ keçirilən zaman Paşanın cənazəsinin yerini nişan vermədiyinə görə yerindəcə güllələdi. Basmaçılar Hərəkatının üzvü olan Ogide çavuş, həm də Ənvər Paşanın yavəri Fərrux bəy kimi etibarlı silahdaşı idi.

37-ci ilin dəhşətli repressiyalarında belə Paşanın mübhəm məzarı mühafizə edildi

Şura hökumətinin əsarətinə, basqılarına baxmayaraq 37-ci ilin dəhşətli repressiyalarında belə Paşanın mübhəm məzarını mühafizə edən Ogide ailəsi bir müsəlman olaraq Tanrı qarşısında vicdan və vəfa borcundan çıxdı. Ənvər Paşanın nəşini Cəncər təpəsində, Obi – Dara şəlaləsinin qaynadığı yerdə – gözündə Nur kimi qoruyan taciklər SSRİ dağıldıqdan, Tacikistan müstəqillik əldə etdikdən sonra 1996-cı ildə onu Türkiyə Cümhuriyyətinə təhvil verdi. “Şişli məzarlığı”nda, Ata yurdunda torpaq müqəddəsliyinə qovuşan Ənvər Paşa “Abide-i Hürriyət Anıtı”nda mücahid Şəhid ucalığı ilə ziyarətgaha çevrildi. Adını təkcə Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə varan Atatürkün qəlbinə deyil, həm də Türkiyə Cümhuriyyətinin, Azərbaycanın, Türküstanın, Tacikistanın İstiqlal tarixinə yazdı.

XI Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın ruhunun atası kimi Azərbaycan Xalq Cümhuriyyətinin xilaskarlarından birinə çevrilən, Bakının Fətih dastanının yazılmasında mühüm rol oynayan Ənvər Paşa generallar Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, general və polkovnik rütbəsi ilə Cümhuriyyət qurucularının sırasında yer alan Bəhmən Mirzə Qacarın soyuna bağlı Qacarlar kimi adını hərb tariximizə həkk etdi.

Bu, bir türk-müsəlman sərkərdəsi kimi Doğudan Batıya at çapıb şöhrət qazanan, ayağı dəydiyi torpaqlarda Türküstanda, Azərbaycanda belə Osmanlıda olduğu kimi sayğı ilə anılan Ənvər Paşanın ana südü kimi halal haqqı idi.

Bu savaş İslama qarşı XX yüzildə başlanan bir Xaç Səfəridir!

Ənvər Paşa Avropanın, daha doğrusu Osmanlı üzərinə növbəti dəfə xaçlı yürüşə çıxan, bütün həyatını Şərqin, Turanın, Türk dünyasının məhvi kimi müthiş planlarının icrasına həsr edən Avropa Krallarının hücum xəbərini, müharibə elanını eşidərkən söyləmişdi: “Qəzetlərdə yazılan, içilən and nə gözəl! Demək bu savaş, İslama qarşı XX yüzildə başlanan bir Xaç Səfəridir! Görürsünüzmü, sizə müsəlman olduğumuzu söyləyirdim həmişə. Bu da Avropanın bağışlamayacağı ən böyük və tək xəta!”

Ənvər Paşanın Osmanlı, Anadolu, Azərbaycan, Türküstan uğrunda savaşı ötən əsrin 30-cu illərində “pantürkist”, “panislamist” damğası vurulan türk-müsəlmanların səsinə verilən haqq Səsi idi. O səsə olan sonsuz sevgi onun nəşini Şura hökumətinin qılıncının dalının-qabağının kəsdiyi illərdə Abidəyə çevirdi. Dostluğun, qardaşlığın, əyilməzliyin, məğrurluğun Abidəsinə! Tacikistanda, Cəncər təpəsində, Obi-Dara şəlaləsinin gözündə qorunan Abidə üstündən 74 il ötəndən sonra Tacikistan Respublikası ilə Türkiyə Cümhuriyyətinin Birlik, Bütövlük rəmzinə döndü.

Bolşevik Rusiyasının əlindən alınan, Vətən torpağına qovuşan iki müqəddəs cənazəmiz var. Biri “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” nidası ilə Qələm çalan Hüseyn Cavidə, digəri isə “Türklər mövcudatını qoruyunca kimsə müsəlman üzərinə yeriyə bilməz!” əzəməti ilə  İstanbuldan Türküstana yeriyib, bu torpaqların qəvi düşməni “Qırmızılara” qılınc sıyıran Ənvər Paşaya məxsusdu. Sibir çöllərindən Naxçıvana, Türküstandan İstanbula gətirilən, abidəyə çevrilən hər iki məzar milli mənlik, milli kimlik uğrunda mücadiləmizin nümunəsidir.

Ənvər Paşa

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qurban Bayramının ilk günü 44 əsgəri ilə Bayram namazında bir araya gələn Ənvər Paşanı iki casusu namaz üstdə

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, görüşdə “Beynəlxalq Gənclər Günü”nün dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, görüşdə “Beynəlxalq Gənclər Günü”nün dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və