Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/29/2026

Paylaşın

Mədəniyyət

Eldar Mansurov: “Bakısız yaşaya bilmərəm” – MÜSAHİBƏ

Eldar Mansurov, Эльдар Мансуров

Bakı təkcə daş küçələri, qədim divarları, küləyi və dənizi ilə yaşamır. Bu şəhərin yaddaşında səs, muğam və nəsillərin nəfəsi də var. Qədim İçərişəhərin tanınmış Mansurovlar nəsli də Azərbaycan musiqi tarixində dərin iz qoyan, Bakının mənəvi salnaməsinə adını yazdıran nəsillərdəndir. Bu nəslin davamçısı — Xalq artisti, bəstəkar Eldar Mansurovla söhbətimiz sadəcə müsahibə yox, İçərişəhərin yaddaşına, köhnə Bakının ab-havasına və musiqinin insan taleyindəki sirli roluna aparan səmimi bir səyahət oldu.

– Eldar müəllim, Mansurovlar nəsli Bakının mədəni tarixində xüsusi yeri olan nəsillərdən biridir. Siz bu nəslin nümayəndəsi kimi ailə tarixiniz barədə nə deyə bilərsiniz?

– Mansurovlar Bakının qədim və tanınmış nəsillərindən biri kimi şəhərin mədəni, ictimai və musiqi həyatında xüsusi yer tutur. Bu ad İçərişəhər, köhnə Bakı mühiti, muğam məclisləri və milli musiqi ənənələri ilə bağlıdır. Onların İçərişəhərdəki evi uzun illər sənət adamlarının, muğam bilicilərinin, xanəndə və tarzənlərin toplandığı mühüm məkanlardan olub. Malikanənin ikinci mərtəbəsindəki böyük zalda keçirilən məclislər Bakının mədəni yaddaşında iz qoyub.

Yay aylarında isə bu məclislər Mansurovların Şüvəlandakı bağına köçərdi. O bağda musiqi söhbətləri və muğam axşamları davam edərdi. Və bura təkcə Bakıdan yox, Qarabağdan, Şamaxıdan, Şirvandan, İrəvandan və İrandan da sənət adamları gəlirdi. Hətta ulu babam Məşədi Süleyman Sadıqcanla çox yaxın dost olub. O, Bakıya gələndə bizim evin qonağı olardı. Burada muğam oxunar, ifalar dinlənilər, sənətin incəlikləri müzakirə olunardı. Muğamın şöbə və guşələri, düzgün oxunuş qaydaları barədə söhbətlər aparılar, səhv ifa zamanı xanəndə saxlanılaraq ona doğru yol göstərilərdi. Həmin məclislər bir növ konservatoriya idi. 1905-ci ildə Xalq Çalğı Alətləri Orkestrinin yaradılması ilə bağlı təşəbbüslər də olub. Bu söhbətlər də burada müzakirə olunub.

Mansurovların Şüvəlandakı bağ evi Azərbaycan kinosunun yaddaşında da iz qoyub. “Arşın mal alan” filmində həmin bağ evi lentə alınıb. Sonrakı illərdə bağ müxtəlif qurumların istifadəsinə verilib, bir müddət kənd soveti, daha sonra Maşın-Traktor Stansiyası, 1948-ci ildən isə pioner düşərgəsi kimi fəaliyyət göstərib.

Ağa Salah meydanı

– Ağa Salah meydanı və İçərişəhər barədə danışaq…

– Ağa Salah bəyin böyük var-dövləti olub və ondan sonra bu sərvət ailə üzvlərinə qalıb. O, Bakının ilk 5 fəxri vətəndaşından biri olub. Ağa Salah İçərişəhərdə də bir sıra evlər alıb, onlardan meydan yaradıb. Həmin dövrdə ailəmizin Bakıda böyük torpaq sahələri, neft quyuları və əkin yerləri olub. Ağa Salahın başladığı işləri, xüsusilə xeyriyyəçilik və ailə təsərrüfatı ilə bağlı fəaliyyətini əsasən oğlu Məşədi Məlik davam etdirib. Ondan sonra isə Məşədi Məlikin böyük oğlu Məşədi Süleymana keçib. O, həm şəxsi, həm də Mansurovlar nəslinə məxsus torpaqları idarə edir, bir hissəsini icarəyə verirdi. İndiki Ağ Şəhər ərazisi o vaxt “Qara şəhər” adlanırdı və burada Mansurovlara məxsus çoxlu torpaq sahələri olub. Bakı milyonçularından Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və başqaları həmin torpaqları icarəyə götürərək orada neft emalı zavodları tikirdilər.

– Mansurovlar ailəsi sənət adamlarına və musiqiçilərə necə dəstək göstərirdi?

– Bizim nəslin var-dövləti təkcə neft quyularından gəlmirdi. Ailəmizin torpaqları, əkin sahələri, dükanları, bazarlarda yerləri, İçərişəhərdə və Bayır şəhərdə evləri var idi. Məşədi Məlik gənc yaşlarından Bakıda çoxlu evlər tikdirmiş, Bayır şəhərdəki evlərinin bir çoxunu icarəyə vermişdi. Ailəmiz var-dövlətlərini yalnız özləri üçün yox, sənət, musiqiçilər və xeyriyyə işləri üçün də sərf edirdilər. Məşədi Süleyman xarici ölkələrə də çox gedib-gəlirdi. Atam danışırdı ki, o, dəfələrlə Parisdə olub, Avropanı gəzib, Eyfel qülləsinə çıxmağı və Avropa şəhərlərini görməyi çox sevirmiş.

– Məşədi Süleyman Mansurovun Şərq orkestrinin yaranmasına dəstək verdiyi bildirilir. Bu barədə nə danışa bilərsiniz?

– O vaxt Sadıqcanın tələbələrindən biri babam Məşədi Süleymana “Şərq” orkestri yaratmaq istədiyini deyib. Babam bunun üçün “Basin küçəsində” (indiki Füzuli küçəsi) bir neçə dükan alıb, aralarını açaraq orkestrin məşqləri üçün böyük zal yaradılıb. Sonralar həmin orkestr Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatrda ilk konsertlərindən birini verib. Bu, o dövr üçün çox böyük mədəni hadisə idi.

– Bolşeviklərin gəlişindən sonra Mansurovların məşhur muğam məclislərinin taleyi necə oldu?

– 1920-ci ildə bolşeviklər gələndən sonra həmin məclislər əvvəlki kimi davam etmədi, demək olar ki, bağlandı. Mühit və dövr dəyişmiş, köhnə Bakı həyatı, əvvəlki sənət məclisləri arxada qalmışdı, lakin bu ənənə tam unudulmadı. Atam 1963-cü ildə Mirzəağa Əliyev küçəsindəki evimizdə həmin muğam məclislərinin 100 illiyini keçirdi. Əlimizdəki sənədlərə görə, Mansurovların evində yazılı şəkildə qeydə alınmış ilk məclis 1863-cü ildə olub.

Ola bilsin, bundan əvvəl də məclislər keçirilib. 50 il sonra, 2013-cü ildə mən bu məclislərin 150 illiyini qeyd etdim və bu münasibətlə xüsusi poçt markası buraxdırdım. Mənim üçün bu, təkcə ailə hadisəsi deyil, Azərbaycan muğam tarixinin və Bakı musiqi mühitinin bir parçası idi.

– Məşədi Süleyman Mansurovun xeyriyyəçi kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Məşədi Süleyman çox xeyirxah adam olub, şəhərdə və Bakı kəndlərində böyük hörmət qazanıb. Atam danışırdı ki, Məşədi Əzizbəyov bir neçə dəfə fəhlələr üçün yardım istəyib. Çünki tətillər zamanı işləməyən fəhlələrin ailələri ağır vəziyyətə düşürdü. Babam kömək edirdi, amma bir şərti vardı: verilən pul silaha çevrilməməli, həqiqətən fəhlələrə və ailələrinə çatmalı idi. Bu, onun xeyriyyəçiliyinin əsas xüsusiyyəti idi.

– Eldar müəllim, siz özünüzü daha çox necə təqdim edirsiniz: bəstəkar, köhnə bakılı, Mansurovlar nəslinin davamçısı, yoxsa bütün bunların hamısı?

– Mən özümü Mansurovların davamçısı Eldar Mansurov kimi təqdim edirəm. Mansurov soyadını daşıyanlar Azərbaycanda çoxdur, lakin sırf Bakı, İçərişəhər Mansurovları bizim nəsildir. Nəslimlə fəxr edir və həmişə çalışmışam ki, bu ada layiq olum, soyadımı qoruyum. Bu soyad tarixdir, yaddaşdır. İçərişəhər Mansurovları ayrıca bir kökdür və mən bu kökün davamçısı kimi məsuliyyət hiss edirəm.

Eldar Mansurov

Bakı kəndləri ilə də çox bağlıyam. Şüvəlanda, Mərdəkanda, Nardaranda məni özlərindən biri kimi qəbul edirlər. Atama da vaxtilə belə deyirdilər. O isə deyirdi ki, qoy elə onlar deyən kimi olsun, çünki insanlar bununla fəxr edirlər. Məncə, hamımız bir süfrənin ətrafında oturan insanlarıq. O süfrə Azərbaycandır, Bakıdır. Ona görə də mənim üçün Bakı, Bakı kəndləri, İçərişəhər və Mansurovlar nəsli bir-birindən ayrı deyil.

– Köhnə Bakı, İçərişəhərin dar küçələri və uşaqlığınızın keçdiyi evlər yaddaşınızda necə qalıb?   

– Mən 1952-ci ildə doğulmuşam, uşaqlığımın ilk illəri İçərişəhərdə keçib. Səhhətimlə əlaqədar anamın atası Məşədi Səttargilə – “Beşinci Paralel”niyə, 1957-ci ildə Musabəyov küçəsindəki (İndiki Azərbaycan prospekti) evimizə köçdük. Bu evi Fikrət Əmirov vasitəsilə almışıq. Əlbəttə, o vaxta qədər ailəmizin böyük mülkləri əlimizdən alınmışdı. Qız qalasının yanındakı mülkümüzdən sonra ailəyə yalnız kiçik bir otaq verilmişdi. Buna görə sonradan normal ev almaq bizim üçün böyük hadisə idi. Beləliklə, köhnə Bakı yaddaşımda həm İçərişəhər, həm yaşadığımız evlər, həm də o dövr insanlarının münasibətidir.

– Musiqiçi ailəsində doğulmaq sizi bu sahəyə yönəltdi, yoxsa musiqi özü sizi seçdi?

– Bizdə demək olar ki, hamı musiqi ilə bağlı olub. Hətta başqa sahənin adamları da sonradan musiqiyə bağlanıblar. Sanki ailənin qanında, nəfəsində musiqi var idi. Anam həmişə istəyirdi ki, biz musiqiçi olaq, atam isə yox. Sonradan mən də, qardaşlarım da övladlarımızın peşəkar musiqiçi olmasını arzulamadıq, çünki bu gün musiqiçi olmaq çox çətindir və maddi amil də burada mühüm rol oynayır. Övladlarımız peşəkar musiqiçi olmasalar da, özləri üçün öyrənirlər. Nəvələrimin pianoda ifa edir. Adaşım olan nəvəm anasına onu musiqi məktəbinə yazdırmasını istəyib. Səbəbini isə belə izah edib: “Babam Eldar Mansurovdur, mən də Eldar Mansurovam. Sabah məndən piano çala bilib-bilmədiyimi soruşsalar, “yox” desəm, pərt olaram”. Belə anlarda anlayırsan ki, musiqi yenə də uşaqların qəlbində, ruhunda və qanındadır.

– Bəhram Mansurovdan eşitdiyiniz və bu gün də yaddaşınızda yaşayan hansı nəsihətlər var?

– Atamın bir sözü həmişə qulağımda qalıb: “Səni bir yerə çağırıblarsa, yarım saat tez get, nəinki beş dəqiqə gecik”. O, gecikməyi sevmirdi, vaxta çox ciddi yanaşırdı. Mən də bu məsələdə atama oxşamışam. Atamın belə sözləri çox idi. Onun dedikləri və davranışları həyatımda dərin iz buraxıb. Mənə tez-tez deyirlər: “Eldar, sən atan kimi danışırsan”. Atamdan, ailəmdən mənə qalan ən böyük miras sözü, vaxtı, soyadı qorumaq, insanlarla münasibətdə dəqiq və dürüst olmaqdır.

– “Bayatılar” təkcə mahnı deyil, sanki bir duyğu, bir nəfəs, bir yaddaşdır. Bu əsər necə doğuldu?

– O vaxt mən Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evində işləyirdim. Bir gün Aqşın Babayev məni çağırdı. Masada bir neçə şeir vardı. Onlara mahnı bəstələmək lazım olduğunu dedi. Onlardan bəzilərinə musiqi yazdım. Müəlliflə isə sonra tanış olduq. O, Vahid Əziz idi. Bir müddət sonra Vahid Əziz mənə kitabını verdi, vərəqləyəndə bayatı formasında bir şeir diqqətimi çəkdi. Onun havası, ritmi, daxili ahəngi mənə doğma gəldi. 1988-ci ildə bəstələdiyim musiqinin üzərinə 1989-cu ildə həmin şeiri qoydum. Sözlə musiqi bir-birini  çox gözəl tamamladı. Brilliant Dadaşova ilə mahnını 1 May bayram konserti üçün hazırladıq. İlk dəfə bayram tədbirində ifa olunan mahnı çox sevildi. “Bayatılar”ı yazanda onun bu qədər məşhur olacağını düşünmürdüm. Mən əsər yazanda populyarlıq barədə fikirləşmirəm, sadəcə işimə vicdanla yanaşıram. Mahnının tutub-tutmaması isə artıq dinləyicidən, xalqdan və zamandan asılıdır. Mahnı da insan kimidir, onun da taleyi var. “Bayatılar”ın da taleyi belə oldu: vaxtı gəldi, dinləyici onu qəbul etdi və mahnı yaşamağa başladı.

Eldar Mansurov

– Muğam Sizin üçün nədir: mənəvi soyköküdür, milli yaddaşdır, yoxsa ilham mənbəyidir?

– Mənim üçün muğam ilk növbədə tar səsi ilə bağlıdır, çünki tar qədimdən muğam üçün yaranmış alət kimi qəbul olunub. Onunla oyun havaları da, başqa musiqilər də ifa etmək olar, amma əsas ruhu muğamdır. Gözümü açandan tar səsi eşitmişəm. Atam tarzən idi. Onun qulağına da ilk tar səsi gəlib, çünki atası da, əmisi də tar çalırdı. Bizim nəsildə hamı tar səsi ilə böyüyüb. Ona görə tar mənim üçün sadəcə musiqi aləti deyil, ailə yaddaşı və kökdür. Tarın üzərində muğam ifa olunduğuna görə muğam da həmişə ruhumda olub. Sonradan onu yaradıcılığımla birləşdirməyə başladım, amma bunu Fikrət Əmirov kimi klassik simfonik muğam formasında etmədim, muğama başqa tərəfdən yanaşdım. Atama həsr etdiyim “Bəhramnamə” əsərində üç janrı birləşdirdim: simfonik musiqi, muğam və rok. Muğama böyük hörmətlə yanaşıram. Onu dəyişmək yox, ruhunu başqa musiqi dilləri ilə ifadə etmək istəyirəm.

– Bakının hər məkanının öz səsi var. Sizin üçün təsirli olan notlar hansı məkanlarda səslənərdi?

– Mənim üçün Bakıda ən doğma yer İçərişəhərdir. Musiqi ilə assosiasiya etdiyim yer isə Xəzərdir. Mənim üçün dənizin səsindən böyük musiqi yoxdur. Ləpələrin səsi, yüngül meh, küləyin dənizlə qarışan nəfəsi — bunların hamısı musiqidir. İçərişəhər köküm, Xəzər isə musiqimdir.

– Bakını cəmi üç sözlə ifadə etməli olsaydınız, hansı sözləri seçərdiniz?

– Bakı mənim dostum, sirdaşım, doğmamdır. Mən çox istəyirəm ki, Bakıda yaşayan hər bir kəs bu şəhəri sevsin. Onu üç sözlə ifadə etmək lazım gəlsə, belə deyərəm: “Bakısız yaşaya bilmərəm”.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan

Ən son

GÜNDƏM

İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.

GÜNDƏM

İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin