Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

GÜNDƏM

“Danışır Bakı!”dan bu günə: Azərbaycan Televiziya və Radio İşçilərinin Peşə Bayramıdır

20261106_095943

Bu gün – noyabrın 6-da Azərbaycanda Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Bu tarix ölkənin radio və televiziya tarixində mühüm bir hadisə ilə – 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun fəaliyyətə başlaması ilə bağlıdır.

Baki-baku.az xatırladır ki, həmin gün Bakı efirində ilk dəfə radio verilişi səslənib və bununla da Azərbaycanın informasiya tarixində yeni bir səhifə açılıb. O vaxtlar radio gündə cəmi iki saat yayımlanırdı. Lakin illər keçdikcə onun səsi daha uzaqlara yayıldı, evlərə, küçələrə, insanların gündəlik həyatına daxil oldu. Bir vaxtlar Bakının küçələrindəki reproduktorlardan eşidilən radio səsi şəhərin ayrılmaz mənzərəsinə çevrildi.

Azərbaycan televiziyasının tarixi isə 1956-cı il fevralın 14-dən başlayır. Həmin gün Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Ekranda görünən ilk sima görkəmli aktrisa Nəcibə Məlikova olub. O, tamaşaçıları “Göstərir Bakı” sözləri ilə salamlayıb. İlk efir günündə tamaşaçılara “Bəxtiyar” bədii filmi də təqdim edilib.

Beləliklə, radio ilə başlayan yol televiziya ilə davam edib, zaman keçdikcə hər ikisi ölkənin ictimai, siyasi və mədəni həyatının mühüm bir hissəsinə çevrilib. Radio və televiziya yalnız xəbərləri çatdıran vasitə olmayıb, həm də milli musiqimizin, ədəbiyyatımızın, incəsənətimizin, dilimizin və mənəvi dəyərlərimizin təbliğində böyük rol oynayıb.

Bu gün Azərbaycan teleradio məkanı xeyli genişlənib. Dövlət və özəl televiziya kanalları, radio stansiyaları, rəqəmsal yayım platformaları informasiya məkanının zənginləşməsinə xidmət edir. Texnologiyalar dəyişsə də, efirin əsas missiyası – insanları məlumatlandırmaq, maarifləndirmək və cəmiyyətlə ünsiyyət qurmaq vəzifəsi öz aktuallığını qoruyur.

Bu peşə bayramı efir arxasında görünməyən böyük zəhmətin də bayramıdır. Jurnalistlər, aparıcılar, diktorlar, rejissorlar, operatorlar, səs rejissorları, montajçılar və adları bəzən tamaşaçıya məlum olmayan onlarla mütəxəssis hər gün efirin arxasında öz işini görür. Onların əməyi sayəsində xəbər vaxtında çatır, söz öz ünvanını tapır, ekran və radio dalğaları insanlarla ünsiyyət qurur.

Bir vaxtlar “Danışır Bakı!” deyərək başlayan səs bu gün də müxtəlif dalğalarda, ekranlarda və rəqəmsal platformalarda yaşayır. Dəyişən zaman, yenilənən texnologiyalar, yeni informasiya vasitələri… Amma efirin insanlara çatdırdığı sözün, səsin və xəbərin dəyəri dəyişmir.

Azərbaycan Televiziya və Radio İşçilərinin Peşə Bayramı mübarək!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin