Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/09/2026

Paylaşın

TARİX

Böyük Vətən müharibəsi – qəhrəmanlığın qadın üzü

Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sınaq, imtahan yeri idi


Minillər boyu qüdrətli xatınlar yetirən Odlar Yurdu Azərbaycan İkinci Dünya müharibəsində də igidlik rəmzi olan qadınları ilə tarix yaratdı. Bu il tarixə Böyük Vətən Müharibəsində Qələbənin 81 illiyi kimi daxil olur. Bu əlamətdar tarix təkcə bir müharibənin sonunu deyil, eyni zamanda minlərlə insanın o cümlədən Azərbaycan qadınlarının göstərdiyi qəhrəmanlıq və fədakarlığın rəmzidir. Bu gün biz təkcə silahla döyüşənləri deyil, həm də döyüş bölgələrində, hospitallarda, arxa cəbhədə çalışan cəsur qadınlarımızı minnətlə xatırlayırıq. Azərbaycan qadını tarix boyu mərdliyi, əzmkarlığı və vətənə sədaqəti ilə seçilmişdir. Böyük Vətən Müharibəsi dövründə isə bu xüsusiyyətlər bir daha parlaq şəkildə özünü göstərdi. Müharibənin başlanması ilə minlərlə azərbaycanlı qadın silaha sarıldı, cəbhəyə könüllü şəkildə yollandı, hospitallarda tibb bacısı və həkim kimi çalışmağa başladı, ərzaq təminatı, vətənpərvərlik ruhunun qorunması kimi mühüm işlərdə iştirak etdi. Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sınaq, imtahan yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində öz imzalarını atdılar. Onların arasında Katyuşa Mixaylova, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Simruk Hacıyeva, Pakiza Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Ahmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Azərbaycandan ilk hərbi həkimlər arasında isə Aliyə Rüstəmbəyova yer alırdı. Cəbhə bölgəsində olan bütün çətinliklərə o, cəsarətlə sinə gəlirdi. Bu cəsur qadınlardan biri də II Dünya Müharibəsi dövründə böyük fədakarlıq göstərmiş qəhrəman həkim Səfurə Məlikyeqanovadır.

Səfurə Məlikyeqanova: “Döyüşlər o qədər amansız idi ki, nə soyuğu, nə yorğunluğu, nə də yuxusuzluğu hiss edirdik”

Səfurə xanım 1920-ci il aprelin 25-də Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusunda insanlara kömək etmək, onların sağlamlığının keşiyində durmaq istəyi var idi. O, bu istəyin arxasınca gedərək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alır. Lakin o illər müharibə illəri idi. 1942-ci ildə artıq faşist Almaniyası SSRİ torpaqlarına hücum etmiş, döyüşlər qızğın bir mərhələyə keçmişdi. İnstitutunu bitirdikdən dərhal sonra Səfurə Məlikyeqanova könüllü olaraq cəbhəyə yollanır. 21 yaşında olmasına baxmayaraq, o, igidliklə döyüş bölgələrində xidmət edir. Müharibə dövründə tibb xidməti baş leytenantı hərbi rütbəsinə yüksəlmişdir. Onun döyüş yolu İkinci Ukrayna cəbhəsinin 94-cü qvardiya diviziyasının piyada batalyonundan başlayır. Diviziya komandanının əmri ilə batalyona həkim təyin olunan Səfurə xanım, döyüş bölgələrində kişilərə xas cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını xilas edir, onlara yerindəcə tibbi yardım göstərir. Kursk, Xarkov, Podolsk və Belqorod uğrunda gedən ağır döyüşlərdə iştirak edən Səfurə Məlikyeqanova bir dəfə yaralansa da, tezliklə qayıdır və fəaliyyətinə davam edir. Öz xatirələrində yazırdı: “Döyüşlər o qədər amansız idi ki, nə soyuğu, nə yorğunluğu, nə də yuxusuzluğu hiss edirdik.” Bu sözlər onun fədakarlığının, peşəsinə və vətənə bağlılığının bariz nümunəsidir. 1944-cü ildə o, Xarkov şəhərindəki hərbi hospitalda ordinator olaraq fəaliyyət göstərir. Müharibə bitmədən az əvvəl bir qrup qadın həkimlə birlikdə Moskva Hərbi Dairəsinə göndərilir. Daha bir il xidmət etdikdən sonra təxris olunur və doğma vətəni Bakıya qayıdır. Müharibə illərində göstərdiyi xidmətlərə görə Safura Məlikyeqanova “İgidliyə görə”, “1941-45-ci illər Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbəyə görə”, “Döyüş xidmətinə görə”, medalları ilə təltif olunmuşdur.  Bunlardan əlavə müharibədən sonrakı dövrdə  1947-ci ildə “döyüş xidmətlərinə görə” medalı, 1967-ci ildə “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı, 1980-ci ildə “2-ci dərəcəli Qırmızı Əmək Sancağı” ordeni, 1985-ci ildə “1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi” yubiley medalı və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeniylə təltif edilmişdir. Səfurə Məlikyeqanovanın müharibədən sonrakı fəaliyyəti də uğurlarla yadda qalmışdır. Bakıya döndükdən sonra Binəqədi rayonundakı 6 saylı tibb məntəqəsinə baş həkim təyin olunmuşdur. Ardından isə 39 saylı poliklinikada baş həkim vəzifəsində çalışmışdır. Yaşadığı rayonun siyasi həyatında da fəal şəkildə iştirak edən Səfurə Məlikyeqanova Şəhər Sovetinə bir neçə dəfə deputat seçilmişdir. Binəqədi Rayon Qadınlar Şurasının sədri kimi fəal iş aparmışdır. Səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar həkim” fəxri adlarıyla təltif edilmişdir. Səfurə xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü, iradəli və vətənpərvər olduğunu bir daha görürük.

Qələbənin 81 illiyi bizim üçün yalnız tarixi bir hadisənin ildönümü deyil…

Qələbənin 81 illiyi münasibətilə biz bu igid qadınların adlarını qürurla xatırlayır, onların fədakarlığını ehtiramla yad edirik. Bu tarix həm də gənc nəsil üçün bir çağırışdır. Vətən sevgisi, cəsarət və əqidə hər bir dövrdə aktuallığını qoruyan əbədi dəyərlərdir. Bu gün müstəqil Azərbaycanın inkişafında, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə fəal iştirak edən qadınlarımız, keçmişin qəhrəman qadınlarının varisləridir. Səfurə Məlikyeqanova kimi qəhrəman Azərbaycan qadınının izi bu gün də yaşayır və yaşadılır. Birinci və İkinci Qarabağ savaşında vətənə sevgi imtahanından çıxan Milli qəhrəmanlar – Salatın Əsgərova, Gültəkin Əsgərova, Rəhilə Qorxmaz, Arəstə Baxışova, Qaratel, Gülbar və Rəhilə kimi igid qadınlar sübut etdilər ki, onlar Tomris, Nüşabə, Tutubikə, Bəyim xanım, Raziyə sultan və Sülafə sultan kimi qüdrətli xatınların varisləri olmaqla yanaşı, həm də İkinci Dünya müharibəsində tarix yaradan igidlərin davamçılarıdır. Qələbənin 81 illiyi bizim üçün yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də xalqımızın əzmini, birliyini və Azərbaycan qadınının misilsiz cəsarətini bir daha xatırladan qürurverici gündür.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qurtuluş Savaşının memarı, Qazi Mustafa Kamal Paşa Atatürkün bu əyilməz silahdaşı, Sakarya və Böyük Taarruz savaşında tarix yaradıb.

Ən son

TARİX

Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sınaq, imtahan yeri idi

TARİX

Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sınaq, imtahan yeri idi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin