Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/29/2026

Paylaşın

Mədəniyyət

Böyük hekayələrin kiçik qəhrəmanları: son illərin uşaq filmləri

Uşaq filmləri

Böyük, maraqlı, qeyri-adi hekayələrin ən səmimi qəhrəmanları həmişə uşaqlar olub. Onların dünyaya təəccüblə baxan gözlərində və saf duyğularında bütün sənət sahələri üçün bitib-tükənməyən bir ilham mənbəyi gizlənir. Elə buna görə də uşaq mövzusu illər boyu ekranlardan əskik olmayıb. Uşaq kinosundan danışarkən onun zəngin irsini yada salmamaq isə mümkün deyil. Məhz ötən əsrdə Azərbaycan kinosu tamaşaçılara bütöv bir sevimli uşaq qəhrəmanları silsiləsi bəxş etmişdi – “Lətif”dən və “Ögey ana”dan tutmuş “Bir qalanın sirri”, “Sehrli xalat” və “Qaraca qız”a qədər. Hər biri özünəməxsus ab-havası ilə uşaqları macəralı dünyalara aparır, dostluğun və xeyirxahlığın dəyərini hiss etdirir, böyüklərin isə çox vaxt unutduğu sadə həqiqətləri xatırladır.Hər nəslin öz ekran dostları vardı və həmin filmlər həm də gələcək tamaşaçıların zövqünün formalaşmasında da mühüm rol oynayırdı.

Zaman keçdikcə dövrlər dəyişdi, həyatın ritmi sürətləndi, uşaqların dünyası da fərqli çalarlar qazandı. Bu gün uşaq filmləri əvvəlki qədər tez-tez çəkilməsə də, tam itib batmayıb, yeni nəslə öz qəhrəmanlarını, öz suallarını və öz hekayələrini təqdim edir.

Bu gün uşaq kinosu asta addımlarla yenidən öz hekayəsini danışmağa başlayır. Ekranlarda yeni simalar görünür, dostluqdan, ailədən, xəyal qurmağın gözəlliyindən və böyüməyin ilk addımlarından bəhs edən filmlər ərsəyə gəlir.

Bu mənada son illərdə ərsəyə gələn bir neçə ekran əsərinə nəzər salmaq yerinə düşərdi.

Bəlkə də uşaqlığın ən ağrılı suallarından biri təəccüblü dərəcədə sadə səslənir: insan nə etməlidir ki, onu qəbul etsinlər? Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi tamaşaçıya bu suala məktəb həyatının prizmasından baxmağı təklif edir və bunu zorakılıq mövzusunu xüsusi qabartmadan, təbii bir axarla edir. “Bullinq” anlayışı həyatımıza çoxdan daxil olub, amma problemin özü həmin söz yaranmamışdan xeyli əvvəl də mövcud idi. Lağlağılar, başqalarına bənzəmək istəyi, həmyaşıdlarının rəğbətini qazanmaq arzusu – bütün bunlar, bəzi insanlara tanış hisslərdir.

Filmin müəllifləri qəsdən tünd ab-havadan və artıq dramatizmdən uzaq dururlar. Bəli, onlar uşağın nə qədər həssas ola biləcəyini, düşünülməmiş bir sözün, hərəkətin onun qəlbində necə iz buraxa biləcəyini xatırladırlar. Lakin “Dərs” tamaşaçını çıxılmazlıq hissinə qərq etmir, ağrılı mövzuları emosional təsir naminə istismar etmir. Əksinə, film işıqlı ovqatını qoruyaraq xatırladır ki, uşaq dünyasında incikliklərlə yanaşı bağışlamaq bacarığı, dostluq etmək və dəyişmək istəyi də var.

Tamamilə başqa bir ovqat isə Sədaqət Kərimovanın “İtən gündəlik” filmində yaşayır. Ekran əsəri tamaşaçını ötən əsrin altmışıncı illərinin məktəb mühitinə aparsa da, yalnız dövrün koloritini əks etdirən detallarla kifayətlənmir.

Azqarın itən gündəliyi ətrafında cərəyan edən hadisələr bir tərəfdən uşaqlıq dünyasına xas həyəcanları, inciklikləri və kiçik sirrləri üzə çıxarırsa, digər tərəfdən məktəb, müəllim, valideyn və şagird münasibətlərinə də incə bir nəzər salır. Amma bütün bunlar ağır dramatizmə çevrilmir. Bu film də öz işıqlı və səmimi ab-havasını qoruyur. Şirin dialoqlar, təbii davranışlar, uşaqlara xas sadəlövhlük və mehriban yumor ekran əsərinə xüsusi istilik bəxş edir.

Filmi izlədikcə adama elə gəlir ki, uşaqlıq əslində zaman tanımır. Dəyişən yalnız dəftərlərin üz qabığı və məktəb geyimləri olur. Həyəcanlar, ilk incikliklər, dostluğun dəyəri, müəllim qarşısında yaşanan həyəcan və valideynlərin övladlarını anlamaq cəhdləri isə nəsildən-nəslə ötürülən duyğular kimi qalır. Elə buna görə də “İtən gündəlik” sadəcə altmışıncı illərin məktəbi haqqında çəkilmiş film təsiri bağışlamır. O, eyni zamanda uşaqlığın dəyişməyən dünyasına, müxtəlif nəsilləri bir-birinə bağlayan görünməz bağlara həsr olunmuş səmimi və nostalji bir xatirə kimi yadda qalır.

“Mən, Lalə bir də Şerlok Holms” (rejissor R.Şahbazov, ssenaristlər T.Sevdimalı, V.Hüseynov) serialı isə son illərin uşaq ekran əsərləri arasında xüsusi yer tutur. Hətta demək olar ki, onun meydana çıxması xoş mənada əsl hadisəyə çevrildi.  “Mən, Lalə və Şerlok Holms” serialı isə istər-istəməz başqa bir sualı gündəmə gətirir: qadcetlər və sonsuz rəqəmsal informasiya çağında böyüyən uşağı bu gün nə valeh edə bilər? Müəlliflər cavabı gurultulu təxəyyülün gücündə axtarırlar. Dostluq, sirlər, kitablar, əsl macəralar və canlı ünsiyyət – sanki yavaş-yavaş virtual aləmə yerini verən bütün bu dəyərlər burada yenidən əhəmiyyət qazanır. Bu layihənin əsas missiyası da budur: o, uşaqlarda kəşf həvəsini yenidən oyadır və xatırladır ki, ən həyəcanlı hekayələr bəzən smartfon ekranından deyil, kitab səhifələrindən və ya dostlarla edilən səmimi söhbətlərdən başlayır.

Bu ekran əsərlərində əsas olan odur ki, onlar uşaq dünyasına yüngül və ötəri bir mərhələ kimi yanaşmırlar. Əksinə, ilk dostluqların, kiçik incikliklərin, böyük arzuların və saysız-hesabsız sualların nə qədər vacib olduğunu xatırladırlar. Uşaq filmləri böyüklərə də nə vaxtsa özlərinin də eyni hissləri yaşadığını xatırladır. Axı böyük hekayələr çox vaxt elə uşaqlıqdan başlayır, ən səmimi qəhrəmanlar isə bəzən ən kiçikləri olur.

Uşaqlar həmişə mənalı hekayələrə ehtiyac duyacaqlar. Onların öz qəhrəmanlarına, öz sirlərinə, öz macəralarına ehtiyacı var. Buna görə də uşaq kinosunun davamı zərurətdir. Ümid edək ki, böyük hekayələrin kiçik qəhrəmanları bundan sonra da ekranlarımızda yaşayacaq, yeni nəsillər də öz sevimli film və serialları ilə böyüyəcək. Çünki uşaqlıq ötüb keçən bir dövr olsa da, onun xatirələri insanla bir ömür qalır. Və bu xatirələrin arasında həmişə hansısa film qəhrəmanının təbəssümü, hansısa macəranın sehri, hansısa hekayənin işığı yaşayır.

Nəzrin Mahu

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri 1918-ci il iyunun 27-də baş verdi.

Ən son

Mədəniyyət

Bu gün uşaq filmləri əvvəlki qədər tez-tez çəkilməsə də, tam itib batmayıb, yeni nəslə öz

Mədəniyyət

Bu gün uşaq filmləri əvvəlki qədər tez-tez çəkilməsə də, tam itib batmayıb, yeni nəslə öz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin