Bu gün Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı start götürüb.
BakıBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 nümayəndələri, təhsil müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb.
“STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-ın tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb: “Son illər ərzində STEAM Azərbaycan təhsilinin bir hissəsinə çevrilməkdədir. Hər il bu festivalda yuxarıdan asılan bayraqların sayı artır. Hazırda festivalda 22 ölkə iştirak edir. Bu ilki Yaşıl STEAM Festivalı COP29 çərçivəsində təşkil etdiyimiz ilk böyük tədbirdir. Bu təhsilalanların ətraf mühitə mövqeyininjn formalaşması baxımından əhəmiyyət kəsb edir”.
Tədbirdə iştirak edən BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, öz növbəsində bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. O, STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.
Daha sonra çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına məlumat verib ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsifin iştirak etdiyini bildirib.
İ. Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.
İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək. İki gün davam edəcək festivalda iştirakçılar, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.
Gülnar Əliyeva
Fotolar: Xəyal Vəlizadə