Bu gün İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür.
2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Gəncənin mərkəzində yerləşən Cavadxan qəsəbəsi “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutulub. Hücum nəticəsində yaşayış evləri dağılıb, dinc sakinlər dağıntılar altında qalıb.
Faciə nəticəsində 15 nəfər həlak olub, 55-dən çox insan yaralanıb. Həlak olanlar və yaralananlar arasında uşaqlar, qadınlar və yaşlılar da olub. Mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə oktyabrın 4, 5, 8, 11 və 17-də olmaqla, ümumilikdə beş dəfə raket və ağır artilleriya hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb.
Gəncəyə edilən hücumlarla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hadisələr mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq normaları kontekstində qiymətləndirilib.
Ümumilikdə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Zərərçəkənlər arasında 12 uşaq və 27 qadın olub. Həmçinin 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər qeydə alınıb.
Gəncənin 17 oktyabr gecəsi şəhərin yaddaşında dinc insanların həyatına son qoyan, ailələrin taleyində sağalmaz izlər buraxan faciə kimi qalır.