“Bank Respublika” ASC və “Access Bank” QSC-nin səhmdarları “Bank Respublika”nın “Access Bank”ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
Baki-baku.az bu barədə “Bank Respublika”ya istinadən xəbər verir.
Əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır.
Əqd çərçivəsində “Access Bank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25 %-ni təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək “Bank Respublika”nın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra “Bank Respublika” və “Access Bank” ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır.
Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.
“Bank Respublika” və “Access Bank” oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib: “Bu əqd “Bank Respublika”nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir. Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Mərkəzi Bankına (AMB) da dərin minnətdarlığımızı bildiririk.
Beynəlxalq maliyyə institutları uzun illərdir ki, “Bank Respublika”nın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir.
“Access Bank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib: “Hələ 2018–2019-cu illərdə “Access Bank”ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və “responsAbility”nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilib, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənib.
Həmin dövrdən etibarən “Access Bank” Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilib.
Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, “Access Bank”ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan “Bank Respublika”ya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.
Bu mühüm mərhələyə çatmaq “Access Bank” və onun səhmdarlarının, “Bank Respublika” və onun səhmdarlarının, eləcə də AMB-nin ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olub. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış “Access Bank” rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim”.
Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.