Bir vaxtlar Bakıda səhər qapının döyülməsi adi bir səs deyildi. O səsin arxasında bəzən uzaqdan gələn bir xəbər, çoxdan gözlənilən məktub, qəzetin səhifələrində dünyanın yenilikləri, bəzən də bir insanın bütün gününü dəyişəcək bir cümlə dayanırdı.
Poçtalyon gəlmişdi…
İndiki kimi telefon ekranına baxıb bir neçə saniyəyə dünyanın o başındakı adamdan xəbər almaq mümkün deyildi. Xəbərin öz yolu vardı. Kağız üzərində yazılar, zərfin üstündə ünvan, poçt markası və uzun bir gözləmə…
Bir vaxtlar Bakıda poçtalyon adicə məktub gətirən adam deyildi. O, şəhərin xəbər gətirən adamı idi.
Səhərin qəzet səsi
Köhnə Bakının səhərlərində başqa bir ritm vardı. Həyətlərdə süpürgə səsi, samovarın qaynayan nəfəsi, uzaqdan gələn tramvay səsi… Bir də poçtalyonun addımları. Bəzi evlərdə səhər çayının yanında qəzet mütləq olmalı idi. Ata siyasi qəzetlərdə xəbərlərə baxardı, ana “Azərbaycan qadını” jurnalının səhifələrinə göz gəzdirərdi, uşaqlar isə “Savalan”, “Göyərçin”, “Göyqurşağı”nı əlindən yerə qoymaz, hərf-hərf oxuya-oxuya böyüyərdi. Qəzet gələndə evə elə bil şəhərin özü daxil olardı. Bakıdan, Azərbaycandan, dünyadan xəbərlər bir neçə qat kağızın arasından süzülüb süfrənin üstünə düşərdi. O vaxt “xəbər” anlayışının özünün bir çəkisi vardı. İnsan xəbəri gözləyirdi. İndi isə xəbər bizi gözləmədən gəlir.
Poçt qutuları da Bakının bir parçası idi
Köhnə Bakı evlərinin girişlərində, həyətlərində, bəzən küçələrin kənarında poçt qutuları vardı.
Onların qarşısında dayanıb məktub atan insanların da öz hekayəsi olurdu. Kimisi uzaqda işləyən oğluna yazırdı. Kimisi başqa şəhərdə yaşayan bacısına. Kimisi hərbi xidmətdə olan övladından cavab gözləyirdi. Kimisi isə heç kimə demədiyi sözləri məktubda yazırdı. Çünki məktubun başqa bir üstünlüyü vardı: onu yazanda insan düşünürdü. Cümləni silmək üçün barmağın ekranına toxunmurdun. Kağızda qalan hər söz sənin səsin kimi görünürdü. Bəlkə də buna görə köhnə məktubların öz qoxusu, öz istiliyi vardı.
Poçtalyon hamını tanıyırdı
Bakının məhəllələrində poçtalyonun işi bir az da qonşuluq işinə bənzəyirdi. O, hansı qapının arxasında kimin yaşadığını bilirdi. Hansı evdə yaşlı bir qadının məktub gözlədiyini, hansı ailəyə xaricdən bağlama gəldiyini, kimin oğlunun əsgər olduğunu, kimin qızının başqa şəhərdə oxuduğunu çox vaxt hamıdan əvvəl bilirdi. Məhəllə də onu tanıyırdı. “Poçtalyon gəldi” deyəndə heç kim “hansı poçtalyon?” soruşmurdu.
Çünki o, artıq həmin məhəllənin adamlarından biri idi.
Bəzən qapını döyüb məktubu verər, bəzən də:
— Xanım, sizə məktub var.
deyib üzündə balaca bir təbəssümlə gözləyərdi.
O məktubun içində nə olduğunu bilməsə də, onun bir insan üçün nə qədər qiymətli olduğunu anlayardı.

Ən çox gözlənilən məktublar
Bəzi məktublar adi məktub olmurdu. Poçtalyon onları gətirəndə evdə bir həyəcan yaranırdı. Əsgər məktubu… Uzaqda yaşayan övladdan məktub…
Başqa şəhərdə işləyən ərdən xəbər… Xaricdə oxuyan qızdan məktub… Bir də cavabı çoxdan gözlənilən məktublar vardı.İnsan hər gün poçt qutusuna baxardı. Bu gün gəlməyib.
Bəlkə sabah. Sabah da gəlməsə, birigün… İndiki “mesaj niyə gəlmədi?” narahatlığının köhnə Bakıdakı qarşılığı məhz bu idi. Amma fərq böyük idi. O vaxt cavab üçün bəzən günlərlə, hətta həftələrlə gözləmək lazım gəlirdi. Və insan gözləməyi bacarırdı.
Poçtalyonun çantasında bir şəhər vardı
Bir az qəribə səslənir, amma elə idi. Poçtalyonun çantasında təkcə məktublar yox, Bakının bir hissəsi daşınırdı. Bir evin sevinci digər evə, bir ailənin xəbəri başqa ailəyə, uzaqdakı adamın salamı doğma həyətə gedirdi. Hər zərfin üzərində başqa bir ünvan, başqa bir həyat vardı. Birində sevgi, birində həsrət, birində təbrik, birində kədər, birində illərdir görüşməyən iki insanın söhbəti… Poçtalyon bütün bunları küçə-küçə daşıyırdı.
Jurnalların gözləntisi
Qəzetlə yanaşı, jurnallar da evlərdə xüsusi yer tuturdu. Həftəlik və aylıq nəşrləri gözləyənlər vardı. Jurnal gələn kimi onu ilk kimin oxuyacağı ilə bağlı evdə səssiz bir rəqabət də yaranardı. Kimsə ədəbiyyat yazılarını axtarardı, kimsə moda səhifələrini, kimsə kino və teatr xəbərlərini. Jurnalın səhifələrini çevirmək də ayrıca bir zövq idi. Kağızın səsi, çap mürəkkəbinin qoxusu, səhifələr arasındakı şəkillər…
Və bir məqaləni oxuyub sonra günlərlə onun haqqında danışmaq. İndi bütün bunlar balaca bir ekranın içinə sığır. Amma bəlkə də elə buna görə əvvəlki qədər yadda qalmır.
İndi poçtalyon gəlmir, bildiriş gəlir
Bu gün telefonumuzda bir neçə saniyəyə mesaj görünür.
“Salam, necəsən?”
Bir şəkil göndərilir, bir xəbər gəlir, bir qəzetin elektron versiyası açılır, jurnalın bütün nömrəsi ekranda görünür. Heç nəyi gözləmirik. Poçtalyonun pilləkənlərlə qalxmasını da, qapını döyməsini də, poçt qutusunun açılmasını da, məktubun gəlməsini də. Amma qəribədir… Xəbər bizə heç vaxt bu qədər tez gəlməmişdi, heç vaxt da bu qədər tez unudulmamışdı. Əvvəllər bir məktubu aylarla saxlayırdıq. Zərfi qatlayıb sandığın bir küncünə qoyurduq. Sonra illər keçirdi, həmin məktub yenidən tapılırdı. Kağız saralmış olurdu, mürəkkəb bir az solurdu, amma sözlər yerində qalırdı. İndi isə minlərlə mesajımız var. Amma neçə dənəsini illər sonra açıb yenidən oxuya bilərik? Bəzən də elə hamısını bir komanda ilə “delete” edirik.
Poçtalyon gedəndən sonra…
Köhnə Bakı indi çox dəyişib. Küçələr dəyişib, evlər dəyişib, həyətlər dəyişib. Poçt qutularının bir çoxu isə artıq sadəcə köhnə bir əşya kimi görünür. Bəzilərində isə heç o qutular daha çoxdandır ki, gözə dəymir. Amma o qutuların içindən bir vaxtlar neçə-neçə sevinc, neçə-neçə həsrət, neçə-neçə xəbər keçib. Bəlkə də ona görə köhnə Bakının küçələrində bir poçt qutusu görəndə insanın ağlına ilk gələn məktub olmur.
Gözləmək gəlir. Və poçtalyon… Əlində çiynindən aşərma çantası, addımlarında şəhərin ritmi, Bakının bir küçəsindən digərinə keçə-keçə insanlara xəbər aparan o tanış adam…
Xanım Aydın