Vaxtilə, xüsusən də İçərişəhərin və köhnə məhəllələrin həyət evlərində damlar yalnız evin üstünü örtmürdü. Onlar həm də paltarların günəşdə qurudulduğu, məişətin özünəməxsus ritmlə davam etdiyi bir məkana çevrilirdi. Günəşə sərilmiş ağ mələfələr, küləkdə yellənən köynəklər, damdan-dama səsləşən qadınlar şəhərin gündəlik həyatına özünəməxsus bir rəng qatırdı.
O vaxtlar paltaryuyan maşın evlərdə yox idi. Paltar yumaq zəhmət, vaxt və hövsələ tələb edirdi. Yuyulub, bəzən də qaynadılıb suya çəkilən paltarlar səbətlərə yığılır, sonra damda çəkilmiş zivələrə sərilirdi. Həyəti balaca olan evlər üçün dam əsl xilaskar idi: burada günəş də bol olurdu, külək də paltarları tez qurudurdu.
Köhnə Bakı damlarının ən gözəl mənzərəsi, yəqin ki, ağ paltarların sərildiyi günlərdə yaranırdı. Ağ mələfələr günəş altında parıldayır, rəngbərəng köynəklər küləkdə yellənirdi. Sanki şəhərin damlarına ağ buludlar enirdi. Amma Bakı küləyinin xasiyyətini bilənlər üçün paltar sərmək də ayrıca bir məharət idi. Zivəyə səliqə ilə asılan paltar bir azdan küləyin təsirindən çevrilə, mələfənin ucu qonşunun paltarına dolaşa bilərdi. Ona görə qadınlar paltarları möhkəm bərkidər, arada bir damın üstünə qalxıb vəziyyətə göz qoyardılar.
Damların başqa bir özəlliyi də vardı: qonşular bir-birini buradan görür, səsləyir, hal-əhval tuturdular.
– Ay qonşu, külək qalxır, o döşəkağını bərkid!
– Gördüm, ay qız, indicə düzəldirəm!
Söhbət çox vaxt elə paltardan başlayıb məhəllənin xəbərlərinə keçirdi. Kimin evinə qonaq gələcəkdi, kimin qızı nişanlanmışdı, kim bazara getmişdi… Damlar arasında uzanan zivələr sanki qonşuluq münasibətlərini də bir-birinə bağlayırdı. O vaxtlar məhəllə həyatı daha canlı idi. Qonşunun səsi sənə çatır, sən də ona cavab verirdin. Bir neçə kəlməlik söhbət belə günün adi qayğılarına bir az istilik qatırdı.
Günəşdə quruyan paltarın qoxusu
Uşaqlıqda çoxlarının yadında qalan bir qoxu var: günəşdə qurumuş təmiz paltarın qoxusu. Ağ mələfəni zivədən götürəndə ona günəşin istisi, küləyin sərinliyi hopmuş olurdu. Paltarları qatlayıb səbətə yığmaq, sonra evə aparmaq da həmin gündəlik işin son mərhələsi idi.
Uşaqlar bəzən zivələrdən asılan paltarların arasında gizlənmək istəyər, böyüklər isə dərhal səslənərdilər:
– Ay bala, dəymə paltarlara, indicə yığacağam!
Bu, köhnə Bakı evlərinin tanış səslərindən biri idi. Adi bir günün içindəki belə xırda məqamlar indi adamın yadına düşəndə qəribə bir doğmalıq yaradır.
Bu gün paltaryuyan maşınlar, quruducular məişəti xeyli asanlaşdırıb. Damda zivə qurmaq, paltar səbəti ilə pilləkənləri qalxmaq adəti unudulub gedib. Köhnə evlərin bir çoxu da dəyişib, damların əvvəlki görkəmi itib. Amma bir vaxtlar damlardan asılan ağ döşəkağılar yaddaşımızda hələ də yellənir. Onlar təkcə yuyulmuş paltarların deyil, köhnə Bakı həyatının da bir parçası idi.
Şəhərin tarixini yalnız qədim binalarda, qala divarlarında axtarmaq lazım deyil. Bəzən onun ən səmimi hekayəsi bir zivənin üstündə, günəşdə ağaran döşəkağıda, balışüzündə, yorğanüzündə, damdan gələn bir qadın səsində gizlənir.
Köhnə Bakı bəzən elə bir zivənin ucundan asılıb qalır yaddaşımızda…
Xanım Aydın